TÜRKİYƏ NATO-NU TƏRK EDƏ BİLƏR?

87

Ramil Məmmədli: “Türkiyənin NATO-dan çıxması onun Rusiya, hətta ərəb dünyası qarşısında tək qalması deməkdir”

“Yunan Kiprinin Şimali Atlantika Blokuna inteqrasiyası və alyansa üzv olması Türkiyə üçün arzuolunan deyil”

“ABŞ-ın bu addımı atması hərbi müttəfiqi olan Türkiyənin qeyri-standart siyasi xəttinə etibar etməməsi ilə bağlıdır”

ABŞ Yunan Kiprini NATO-ya yaxınlaşdırmağa çalışır. Bu barədə axar.az-da yer alan informasiyaya görə, rusiyalı politoloq Vladimir Yevseyev hesab edir ki, Liviya böhranına həll yolu tapmadıqca ABŞ-ın belə bir addıma cəhd etməsi yanlışdır: “Liviya böhranı iki ssenari üzrə davam edə bilər: Türkiyə quru qoşunlarını bu ölkəyə göndərməzsə müsbət, əks halda mənfi xətt üzrə inkişaf edəcək. Mənfi ssenari Türkiyənin NATO-dan çıxması və alyansın bölünməsi ilə nəticələnəcək. Nəzərə alaq ki, NATO daxilində hər zaman Türkiyəyə qarşı fərqli münasibət göstərilirdi”.

Rəsmi Ankara ABŞ-ın Yunan Kiprini Beynəlxalq Hərbi Təlim (IMET) proqramına daxil etməsinə sərt şəkildə etirazını bildirib

Onu da nəzərinizə çatdıraq ki, ABŞ İMET proqramı çərçivəsində 2021-ci ildən etibarən Kiprdə hərbi tədris və təlim keçirməyi planlaşdırır. Qərb ekspertləri bunu Yunan Kiprinin NATO-ya daxil edilməsi yolunda bir addım kimi dəyərləndirir. Rəsmi Ankara isə bu proqramın sonunun yaxşı olacağını düşünmür. Belə ki, Rəcəb Tayyib Ərdoğanın sözçüsü İbrahim Kalın bildirib ki, Türkiyəni saymadan Şərqi Aralıq dənizində enerji xəritəsi və siyasi sabitlik yaratmaq mümkün deyil. O, həmçinin ölkəsinin Liviyada qanuni Trablus hökumətinə dəstəyinin bundan sonra da davam edəcəyini bəyan edib: “Türkiyə Liviyada qanuni hökumətin istəyi ilə dekabrda Türkiyə – Liviya Hərbi Əməkdaşlıq və Təhlükəsizlik Müqaviləsini imzaladı. Bu razılaşma çərçivəsində Birləşmiş Millətlər Təşkilatının da qəbul etdiyi qanuni hökumətə dəstək veririk. Orada Türkiyənin müdaxiləsiylə qarşıdurmaya bir tarazlıq gətirildiyi artıq hər kəsə məlumdur. Əgər ölkə başçısımızın bu müdaxiləsi olmasaydı, Liviyada qarşıdurmalar daha çox dərinləşəcək, daha çox insan öləcək və Liviyanın parçalanması labüd olacaqdı. Sərrac hökuməti sülhsevər həll yollarından keçdi və hələ də qəbul edir. Amma qiyamçı Haftar tərəfi 2019-cu ilin aprelində bağlanılan Abu Dabi Razılaşmasını, təxminən 1,5 ildir ki, bütün müqavilə, atəşkəs çağırışları və sülh görüşlərini pozur. Trablus hökumətinin atəşkəsin davam etdirilməsi ilə bağlı müəyyən şərtləri var. Bunlardan biri də hər kəsin 2015-ci ildə imzalanan Sahirat Razılaşmasındakı mövqelərinə geri çəkilmələridir. Buna əsasən, Haftar qüvvələri Sirte və Cufradan çıxmalıdır. Türkiyə qanuni Trablus rəhbərliyinə olan dəstəyi sonuna qədər davam etdirəcək”.

ABŞ-ın Şərqi Aralıq dənizi ilə bağlı qərarına, Yunan Kiprinin Beynəlxalq Hərbi Təlim (IMET) proqramına daxil etməsinə sərt şəkildə etirazını bildirən Türkiyənin hakim Ədalət və İnkişaf Partiyasının (AKP) mətbuat nümayəndəsi Ömər Çelik isə qeyd edib ki, bu addım sülh və sabitliyin təminatına kömək etməyəcək. Onun sözlərinə görə, Şərqi Aralıq dənizində qeyri-sabitlik istiqamətindəki addımlardan heç kim xeyir görməyəcək: “ABŞ-ın Cənubi Kipr Yunan Rəhbərliyini “Beynəlxalq Hərbi Təlim” proqramına daxil eləməsi  sabitlik anlayışını pozan bir addımdır. ABŞ-ın atdığı bu son addım problemin həllinə yox, həll edilməməsinə xidmət edəcək. Adadakı hər iki tərəfə bərabər davranmayan hər bir addım hüquqa ziddir. Cənubi Kipr tərəfini yeganə tərəf kimi qəbul edən yanaşmaların indiyə qədər nəticə almadığı aşkardır. Bundan sonra da nəticə alınmayacaq. Yunan tərəfi və Cənubi Kipr Türkiyəni və Şimali Kipr Türk Respublikasını başqa ölkələrə şikayət etməklə heç bir nəticə ala bilməz. Haqsızlıq və hüquq pozuntusu yolu ilə indiyə qədər heç bir nəticə alınmayıb. Türkiyə ilə Şimali Kipr Türk Respublikası öz mənafelərini sona qədər qoruyacaqlar”.

“Yunan Kiprinin NATO-ya inteqrasiya prosesinin başlamasının səbəbini Türkiyə hökumətinin rəhbərliyi özündə axtarmalıdır”

Azərbaycan silah satınalmasında bölgənin iri alıcılarından sayılır ...

Beləliklə, mövzu ilə bağlı fikirlərini “Hürriyyət”lə bölüşən hərbi-siyasi icmalçı Ramil Məmmədli isə bu qənaətdədir ki, Yunan Kiprinin NATO-ya inteqrasiyası və alyansa üzv olması Türkiyə üçün arzuolunan deyil: “Çünki bu, o deməkdir ki, Türkiyənin qəbul etmədiyi Yunan Kiprinin hərbi səlahiyyətli şəxsləri ilə Türkiyənin eyni statusda olan şəxsləri bir masa arxasında oturacaqlar və vahid düşmən, müdafiə, hücum və vahid hərbi texniki-taktiki məsələləri müzakirə edəcəklər. Əlbəttə, bu, Türkiyə üçün arzuolunan deyil. Hesab edirəm ki, ABŞ-ın bu addımı atması, daha doğrusu bu prosesə başlaması hərbi müttəfiqi olduğu, ancaq son illərdə, xüsusən də Rəcəb Tayyib Ərdoğan hakimiyyəti dövründə Türkiyənin qeyri-standart siyasi xəttinə etibar etməməsi ilə bağlıdır. Odur ki, Yunan Kiprinin NATO-ya inteqrasiya prosesinin başlamasının səbəbini Türkiyə hökumətinin rəhbərliyi özündə axtarmalıdır. Baxın, niyə bu məsələ Ahmet Necdet Sezerin, Süleyman Dəmirəlin və yaxud da Turqut Özalın hakimiyyəti zamanında meydana çıxmamışdı? Heç Abdulla Gülün dövründə də belə məsələlər müzakirə olunmurdu. Deməli, Türkiyə ABŞ-ı və dolayısıyla, NATO-nu qane etməyən müəyyən addımlar atıb ki, bu addımlar da istər-istəməz Yunan Kiprinin NATO-ya inteqrasiya edilməsinə, yaxud da gələcəkdə alyansa üzv olma prosesinə başladılmasına səbəb olub”.

“Yunan Kiprinin NATO-ya üzv olacağı təqdirdə, Türkiyənin alyansdan çıxması mümkündürmü” sualını cavablandıran hərbi-siyasi icmalçı bu halda belə, qardaş ölkənin Şimali Atlantika Blokundan çıxacağına inanmadığını vurğuladı: “Türkiyənin NATO-dan çıxması onun Rusiya, hətta ərəb dünyası qarşısında tək qalması deməkdir. Çünki hazırda NATO Türkiyə ilə müttəfiq olaraq, istənilən halda onun maraqlarını bu və ya digər formada qoruyur. Lakin belə bir hadisə baş verərsə, yəni Türkiyə NATO üzvlüyündən çıxarsa, o zaman bu problem tamam başqa formata keçəcək və nəticədə, Türkiyə Rusiya ilə yanaşı, digər düşmənləri qarşısında tək qalacaq”.

“Bu gün Rusiya, Türkiyə və digər ölkələrin NATO-ya alternativ hərbi qurum yaratmaları mümkün deyil və belə bir ehtimal da yoxdur”

Ramil Məmmədli hesab edir ki, son zamanlar NATO-nun artıq Türkiyəyə lazım olmaması ilə bağlı irəli sürülən fikirlər radikal dindarlara, Osmanlı xanədanı tərəfdarlarına məxsusdur: “Türkiyədəki cümhuriyyətçilər, respublikaçılar bu cür düşünmürlər və belə fikirdə deyillər. Qəti şəkildə demək olar ki, bu, tamamilə yanlış və zərərli fikirdir. Çünki bu cür fikirlər Türkiyənin hazırkı dünya proseslərində, hərbi-siyasi vəziyyətdə maraqlarına kəskin şəkildə ziddir”. Hərbi-siyasi icmalçının fikrincə, Yunan Kiprinin NATO-ya üzv olub-olmaması birbaşa Türkiyənin özünü necə aparmasından asılı olacaq: “Yəni Türkiyənin ABŞ və NATO-dakı digər müttəfiqləri ilə özünü necə aparmasından asılı olaraq, Yunan Kiprinin Şimali Atlantika Blokuna üzv olma prosesinin də sürəti müəyyənləşəcək. Əgər NATO və ABŞ-ın maraqlarına zidd addımlar atılacaqsa, o zaman ola bilər ki, yaxın 3-5 ildə bu proses yekunlaşsın”. Ramil Məmmədli onu da əlavə etdi ki, bu gün Rusiya, Türkiyə və digər ölkələrin NATO-ya alternativ hərbi qurum yaratmaları mümkün deyil və belə bir ehtimal da yoxdur: “Bildiyiniz kimi, dünyanın ikinci böyük və güclü dövləti sayılan Rusiya NATO-ya alternativ Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatını yaratsa da, onu Şimali Atlantika Bloku qədər hərbi və hərbi-siyasi formada güclü edə bilmədi. Bu da ondan irəli gəlir ki, əvvəlcə bu dövlətlər ayrı-ayrılıqda öz hərbi imkanlarını gücləndirməlidirlər ki, sonradan kollektiv şəkildə müttəfiq olduqları zaman bu prosesi davam etdirə bilsinlər. Yoxsa, iqtisadi, siyasi və hərbi imkanları zəif olan ölkələrin müttəfiq olaraq hansısa bir məqsədə çatmaq imkanı çox aşağıdır”.

Vazeh BƏHRAMOĞLU, Hurriyyet.org