“Türkiyə ilə quru ərazini açmaq üçün Zəngəzuru azad etməliyik”

99

Qafar Çaxmaqlı: “Bu, siyasi yolla olmayacaqsa, bu vəzifəni yerinə yetirmək yenə Ordumuzun üzərinə düşəcəkdir”

İrəvan Türk Cümhuriyyəti Millət Şurasının sədri Qafar Çaxmaqlı Azərbaycan prezidenti İlham Əliyevə müraciət edib. “Hürriyyət” həmin müraciəti olduğu kimi təqdim edir:

“Hörmətli cənab Prezident!

Azərbaycan Ordusunun Ermənistanın işğalçılarına dərs verdiyi bu tarxi günlərdə İrəvan Türk Cümhuriyyəti adından Sizə, Ali Baş Komandanımıza qətiyyətli addımlarınıza görə bir daha təşəkkür edir və hər zaman yanınızda olduğumuzu bəyan edirik.

27 sentyabr 2020-ci ildən başlayaraq, Sizin komandanlığınız altında, Azərbaycanın qəhrəman ordusunun qazandığı və qazanmaqda davam etdiyi hərbi uğurlar bütün xalqımızda böyük və şanlı qələbəmizə inamı möhkəmlətmiş, qələbənin artıq gün məsələsi olduğuna əminlik yaratmışdır. Qarabağ müharibəsinin qələbə ilə yekunlaşması, dövlətimizin ərazi bütövlüyünün təmin edilməsi hər bir azərbaycanlının ən böyük arzusu, dövlətmizin gələcək inkişafının və böyüməsinin, qüdrətlənməsinin əsas təminatıdır. Bu şərəfli, tarixi missiyanın yerinə yetirilməsi artıq heç kəsdə şübhə doğurmur. Azərbaycan əsgəri öz igidliyi və sarsılmaz iradəsi ilə bu gün Qarabağımızda tarix yazır və hər birimizin sonsuz qürür mənbəyimizə çevrilib. Şübhəsiz ki, bu əsgərin Ali Baş Komandanı kimi, Sizin fəaliyyətiniz, siyasi və hərbi istedadınız, hövsələli və ədalətli mövqeyiniz, qazandığımız və qazanacağımız qələbələrin əsas amili, səbəbidir. Bu şərəfli tarixi missiyanın yerinə yetirilməsində Sizə uğurlar arzu edir, hər addımınızda Sizin arxanızda olduğumuzu bəyan etməyi özümüzə borc hesab edirik.

Cənab Prezident!

Sizin də dəfələlə çıxışlarınızda qeyd etdiyiniz kimi, nəinki Qarabağ, bütövlükdə bu gün Ermənistan adlanan dövlət Azərbaycan torpaqlarında yaradılmışdır, tarixi Azərbaycan əraziləridir. 29 may 1918- ci ildə, dünyada və bölgədə yaranmış tarixi şərait nəticəsində Vətənimizin ən əhəmiyyətli şəhərlərindən biri olan İrəvan şəhəri ətrafındakı 9 min kv km ərazi ilə birlikdə Ermənistana məcburən güzəşt edilmişdir. Bu hadisə xalqımızın tarixinin ən mənfi səhifələrindən biridir.

Daha sonra, Azərbaycanda sovet hakimiyyətinin elə ilk illərində Ermənistan ərazisi, Azərbaycan torpaqları hesabına 29.8 min kv km-ə qədər artırılmışdır. Həm də bu heç bir hüquqi səlahiyyəti olmayan Azərbaycan İnqilab Komitəsi tərəfindən, milli xəyanətin nəticəsi olaraq həyata keçirilmişdir. Azərbaycanda Sovet hakimiyyəti qurulanda Göyçə, Qaraqoyunlu, Pəmbək, Dağ Borçalı, Dərələyəz və Zəngəzur mahalları Azərbaycan Respublikasının qəbul olunmuş ərazisi idi və onların Ermənistana verilməsinin heç bir hüquqi əsası mövcud deyildir. Bu torpaqlar sadəcə əlimizdən alınmadı, eyni zamanda burada etnik təmizləməyə məruz qaldı. Bu torpaqların əsil sahibləri ətraf ölkələrə, əsasən də Azərbaycan Respublikasına sürgün olundular. Bu gün indiki Ermənistan ərazisindən qovulmuş azərbaycanlıların sayı, həmin ərazidə yaşayan ermənilərdən dəfələrlə çoxdur və bir gün öz doğma torpaqlarına qayıtmaq, dağılmış yurd-yuvalarını bərpa etmək, qəbirlərdə uyuyan milyonlarla əziz qəbirlərini ziyarət etmək arzusu ilə alışıb – yanırlar.

9 May 2020-ci ildə tarix səhnəsinə çıxdığını bəyan edən İrəvan Türk cümhuriyyəti bir zamanlar indiki Ermənistanda (Qərbi Azərbaycan) yaşayan milyonlarca insanın iradəsinin ifadəsi idi. Bizim torpaqlarımızda ermənilər üçün bir dövlət yaradılması planı həyata keçirilərkən və torpaqlarımız hissə-hissə bu terrorçu qurumun nəzarətinə keçərkən orada yaşayan xalqımızın heç bir insani haqqı nəzərə alınmamış və ermənilər burada yaşayanların əsl sahiblərini müxtəlif zamanlarda öz dədə-baba yurdlarınadan qovub çıxarmışlar. Biz heç vaxt 1918-ci il 29 mayında İrəvanın ermənilərə güzəşt edilməsi ilə barışmamışıq. 1920-ci ildə Zəngəzurun qanunsuz, xalqın rəyi nəzərə alınmadan Ermənistan SSR-ə bağışlanmasını qəbul etməmişik. 1947-ci ildə SSRİ Nazirlər Sovetinin 23 dekabr tarixli qərarı ilə Azərbaycanlı əhalinin bəhanələrlə öz ev- eşiyindən deportasiya edilməsini də, 1988-1989-cu ildə sonuncu nəfərinə qədər qovulmasını da unutmamışıq.

Hörmətli Prezident!

Erməni ordularını torpaqlarımızdan təmizləyəndən  və qələbəmizdən sonra Dağlıq Qarabağla bağlı məsələ danışıqlar masasında olacaqsa, İrəvan Türk Cümhuriyyətinin də bu müzakirələrə qatılması çoxmilyonluq Qərbi Azərbaycan əsilli insanların ən ümdə arzusudur. Dağlıq Qarabağ ermənilərinə hər hansı status veriləcəksə, Zəngəzur və Göyçədə eyni statusa malik olmaq bizim haqqımızdır. Xüsusilə bütövlükdə Türk dünyası üçün fövqəladə əhəmiyyət kəsb edən Zəngəzurun sülh yolu ilə azad edilməsinə çalışmalıyıq, bu olmadığı təqdirdə Türkiyə ilə quru ərazini açmaq üçün yenə Ordumuzun üzərinə bu vəzifəni yerinə yetirmək düşəcəkdir.

Bu, milli ordumuzun tarix yazdığı, millətimizin milli maraqlarımız uğrunda bir nəfər kimi öz Ali Baş Komandanı ətrafında birləşdiyi günlərdə, İrəvan Türk Cümhuriyyətinin Millət Şurası olaraq Sizdən xahiş edirik İrəvan Türk Cümhuriyyəti olaraq qarşımızda qoyduğumuz hədəflərin dünya ictimaiyyətinin və beynəlxalq birliyin diqqət mərkəzinə gətirilməsinə kömək edəsiniz. Öz tərəfimizdən bildiririk ki, tələb olunan hər cür təşkilati, siyasi tədbirlərin yerinə yetirilməsini, o cümlədən könüllülərdən ibarət İrəvan Azadlıq Ordusunun yaradılmasını öz üzərimizə götürürük”.

Hazırladı: KƏNAN