“Türkiyə ilə Bakı arasında pərdəarxası danışıqlar gedir”

135

Məhəmməd Əsədullazadə: “Bir aydan sonra Qarabağ münaqişəsi ətrafında həm diplomatik, həm də hərbi cəhətdən hansı proseslər gedəcəyinin şahidi olacağıq…”

“50-60 yaşında qoca ermənilərin hesabına guya könüllü batalyon yaratmaqla İsrail nümunəsini tətbiq etmək istəyirlər və bu da fiaskoya uğrayacaq”

Ötən həftə Rusiya müdafiə nazirinin Bakıya gəlməsi və ardınca Azərbaycan xarici işlər nazirinin Moskva səfərini reallaşdırması ilə qaynar diplomatik gedişlər yaşandı. Maraqlıdır, bu aktivlik Dağlıq Qarabağ probleminin həllinə hər hansı təsir göstərə bilərmi? Bu haqda politoloq Məhəmməd Əsədullazadənin fikirlərini öyrəndik.

-Məhəmməd bəy, Ceyhun Bayramovun Moskva səfərini necə qiymətləndirirsiniz?

-Son günlər Rusiya ilə Azərbaycan arasında diplomatik danışıqların intensivləşdiyini görürük. Təşəbbüs Rusiya tərəfindən gəldi, çünki Ermənistanın Tovuz təxribatından sonra Türkiyə-Azərbaycan arasında birgə hərbi təlimlərin başladılması, Türkiyə generallarının Bakıya səfəri və Türkiyənin regionda güclənməsi görünür Rusiyanın hərəkətə keçməsinə gətirib çıxardı. Cənubi Qafqaz regionun aparıcı ölkələrin maraq dairəsindədir. Regionda güclənməklə həm Türkiyə, həm Rusiya öz mövqeyini Mərkəzi Asiyada möhkəmlətməyə çağırır. Biz burada Türkiyənin rolunu daha da qabarıq şəkildə görürük. Bu proseslər fonunda Rusiya Cənubi Qafqazı öz arxa bağçası hesab edir və mümkündür ki, Türkiyənin burada güclənməsinin müəyyən dərəcədə qarşısını almağa çalışır. Amma regionda yeni hərbi-siyasi nizamın formalaşması bir tərəfdən Ermənistanın Azərbaycanın Tovuz bölgəsini hədəf seçməsi və bu plan arxasında Rusiyanın olması Türkiyənin konkret olaraq hərəkətə keçməsinə gətirib çıxardı. Nəticədə biz gördük ki, Bakı-Ankara tandemi İrəvan-Moskva pərdə arxası tandeminin qarşısına daha güclü çıxdı. Təbii ki, Rusiya bu prosesə səssiz qala bilməzdi.  Məhz Azərbaycan XİN naziri Ceyhun Bayramovu Sergey Lavrov Moskvaya dəvət etdi. Bu danışıqlar Qarabağ probleminin danışıqlarla nizamlanması prosesinin bərpa olunmasına hesablanmışdı. Regionda baş verən hadisələr ətrafda geniş spektrli müzakirələrə səbəb oldu. Biz gördük ki, Ceyhun Bayramov mətbuat konfransında Qarabağ danışıqlarına dair prinsipial mövqedən çıxış edərək daha konkret və praqmatik şəkildə işğalçı tərəfi – Ermənistanı ciddi hədəf seçdi və Rusiya tərəfinin rolunu qabartmaqla Moskvaya çoxölçülü mesajlar verdi. Hesab edirəm ki, Lavrovun Dağlıq Qarabağ münaqişəsinin Minsk qrupu çərçivəsində yenidən bərpası, Azərbaycan Ermənistan xarici işlər nazirinin yenidən görüşməsini və münaqişə ətrafında danışıqların yeni bazasının yaranması barədə sözlərinə Bayramov isti yanaşmadı, hətta Lavrovun Ermənistan qoşunlarını işğal edilmiş Azərbaycan ərazilərindən çıxarılmasını xüsusi təkliflə ortaya qoymaqla da Moskva gözlədiyi mövqeyi ala bilmədi. Əlbəttə, Azərbaycan Türkiyə ilə birgə hərəkət edir. Çünki son günlər Bakı-Ankara arasında qurulan siyasi platformanı Rusiya ciddi və aqressiv şəkildə dağıtmağa çalışır. Moskva da Ceyhun Bayramovla bu danışıqlar prosesinin bərpa olunmasını əvvəlki şəklə gətirib çıxarmağa çalışır ki, danışıqlar başlasın, danışıqların formatının dəyişməsinə gedilməsin, darici işlər nazirləri yenidən görüşsün. Danışıqlar bu istiqamətdə davam etsin. Amma Bayramov buna Moskvada razılıq vermədi. Hətta BMT qətnamələrini Lavrova əsas gətirərək bu presedentdən çıxış edəcəyini vurğuladı ki, Lavrov da çıxılmaz vəziyyətdə qalaraq münaqişənin beynəlxalq prinsiplər əsasında həllinə dəstək verəcəklərini vurğuladı. Düşünürəm ki, Moskva danışıqları Azərbaycanın lehinə olub. Bakı Moskvanın nəzərinə çatdırıb ki, əvvəlki kimi danışıqlar prosesi olmayacaq. Çünki getdikcə Ermənistan Azərbaycanın işğal edilmiş ərazilərində məskunlaşdırma siyasəti aparır. Həmçinin Azərbaycana qarşı diversiya işləri görür, sərhəddə təxribatlar gedir. Belə olan təqdirdə prosesi dar çərçivədə davam etməsinə Azərbaycan razı ola bilməz. Hesab edirəm ki, Moskva danışıqları Azərbaycanın ayağını gücləndirdi, Rusiyanın-Lavrovun təklif etdiyi danışıqlar prosesinə razı olunmadı.

Son bir ayı gözləyək. Bir ay ərzində Rusiya yenidən fəaliyyətə keçəcək, amma bir aydan sonra biz Qarabağ münaqişəsi ətrafında həm diplomatik, həm də hərbi cəhətdən hansı proseslər gedəcəyinin şahidi olacağıq. Artıq intensivləşmə var, Türkiyə ilə Bakı arasında pərdə arxası danışıqlar gedir. Həmçinin, Moskva ilə də ATƏT-ın Minsk qrupu çərçivəsində dialoqlar ola bilər. Bu həftə Ceyhun Bayramov – Lavrov danışıqlarında Azərbaycan Rusiyanın təklifləri ilə razılaşmadı və uğursuz nəticələnməklə Azərbaycanın xeyrinə oldu.

-Paşinyan çıxış edərək bildirdi ki, Qarabağda döyüşmək üçün könüllü ordu yığır. Necə düşünürsünüz, bu çıxış rusların döyüşlərdə iştirak etməsini ört-basdır etmək üçün idi?

– Hələ iki il əvvəl Ermənistanın müdafiə naziri David Tonoyan belə bir xalq ordusunun yaradılması ilə bağlı ianə kampaniyası da başlatmışdılar ki, hər bir erməni vətəndaşının əsgər olacağı strategiyası hazırlansın. İndi də həmin prinsiplərlə çıxış edirlər. Xalq ordusu, könüllü batalyon-bunlar hamısı Ermənistanda narahatlıqdan doğur. Şəxsi heyətin, canlı qüvvənin çatışmazlığından irəli gəlir və Türkiyə-Azərbaycan tandeminin güclənməsindən  irəli gəlir. Çünki erməni hərbi elitası Rusiyanın Gümrüdəki 102-ci Rusiya bazasından idarə edilir və bütün hərbi təlimatlar bu bazadan verilir. Ermənistan müdafiə naziri 102-ci bazadan idarə olunur. Bu könüllü ordu məsələsinə gəldikdə isə bu Ermənistanın maliyyə imkanları yoxdur. Sadəcə bir neçə batalyon yaratmaqla görüntü mesajı verə bilərlər. Guya ki, ermənilərin hər biri vətəndaş kimi “Qarabağın azadlığı”na və “işğal olunmasına” qarşı döyüşürlər. Hesab edirəm ki, Azərbaycan tərəfi qətiyyən Ermənistanın bu şəkildə fəaliyyətindən narahat olmamalıdır. Heç də çox sayda canlı qüvvə toplaya bilməz. Ermənistanda demoqrafik böhran var. Göründüyü kimi, onlar xaricdən muzdlular gətirirlər. İndi 50-60 yaşında qoca ermənilərin hesabına guya könüllü batalyon yaratmaqla İsrail nümunəsini tətbiq etmək istəyirlər və bu da fiaskoya uğrayacaq. Bu da Rusiya-Ermənistan avantyurasıdır.

Ülviyyə ŞÜKÜROVA