“Türkiyə hərbi bazalarının Azərbaycanda yerləşdirilməsi təminatı olmalıdır “

72

Elxan Şahinoğlu: “Gəncədə Türkiyə hərbi bazası olsaydı, risk edib oranı vura bilməzdilər”

“Ən azı 15 ildən çoxdur ki, bu təklifi səsləndirirəm ki, mütləq Türkiyənin Azərbaycanda hərbi bazaları olmalıdır”.

Bunu “Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu deyib.

Politoloq bildirib ki, Azərbaycan Türkiyə ilə hərbi ittifaqı gücləndirməlidir:

“Onu da deyirdim ki, Cənubi Qafqazın iki ölkəsi seçimini edib. Gürcüstan Qərbə inteqrasiya yolunu seçib, NATO-nun üzvü olmaq istəyir. Ermənistan da Rusiyadan asılı vəziyyətə düşüb, bu asılılığını qəbul edib. Belə vəziyyətdə, əlbəttə, Azərbaycan da seçimini etməlidir. Seçim Türkiyə istiqamətində olmalıdır, hərbi ittifaqı gücləndirməliyik. O zaman mən həm də qeyd edirdim ki, Dağlıq Qarabağda müharibə başlasa Ermənistan Azərbaycana qarşı təxribat törədə bilər. O zaman Azərbaycanın təhlükəsizliyinin təminatçısı kimi Türkiyə çıxış etməlidir. Necə ki, Ermənistanın təhlükəsizliyinin təminatçısı kimi Rusiya çıxış edir, bizimki də Türkiyə olmalı idi.

Mənim proqnozlarım, çox təəssüf ki, özünü doğrultdu. Müharibə başlayan kimi Ermənistan Azərbaycanın şəhərlərini hədəf aldı. Halbuki, Gəncədə bu saat Türkiyə hərbi bazası olsaydı, risk edib oranı raket atəşinə tuta bilməzdilər. Çünki qarşılarında Türkiyəni görəcəkdilər. Ona görə, Prezident İlham Əliyev haqlıdır. Artıq gələcəkdə o istiqamətdə işlər getməlidir. Çünki həm hərbi-siyasi ittifaqı gücləndirməliyik, həm də Türkiyə hərbi bazalarının Azərbaycanda yerləşdirilməsi təminatı olmalıdır. Gələcəkdə bu, bizi müxtəlif təhlükələrdən qurtara bilər. Azərbaycan üçün çox vacibdir. Prezident İlham Əliyev də bu məsələyə müsahibəsində ilk dəfədir rəsmi şəkildə toxunub, istisna etmədiyini vurğulayıb. Bu, bir çox dövlətlərə də mesajdır ki, Azərbaycana artıq bundan sonra kimsə siyasi və ya hərbi təzyiq etməsin”.

Xatırladaq ki, Prezident İlham Əliyev oktyabrın 15-də Türkiyənin NTV televiziyasına müsahibəsi zamanı ona ünvanlanan “Azərbaycanda bir Türkiyənin hərbi bazasının qurulması fikrinə necə baxırsınız? Belə bir fikriniz varmı?” sualına “Əgər belə bir vəziyyət, Azərbaycan üçün çox ciddi təhlükə yaranarsa, təbii ki, Türkiyə bizim müttəfiqimizdir və biz bu imkanlardan istifadə edə bilərik. Amma Türkiyənin hərbi bazasının Azərbaycanda yaradılması haqqında hər hansı bir müzakirə olmamışdır. Bizim hərbi sahədə işbirliyimiz ildən-ilə güclənir. Təkcə keçən il 10 birgə hərbi təlim keçirilmişdir. Bu il koronavirusa görə bir az ara verildi. Yalnız iki dəfə təlim keçirilmişdir. Ancaq bu təlimlər də bizim bölgəmizdə böyük narahatlıq yaratdı. Hesab edirəm ki, bu narahatlığın heç bir səbəbi, heç bir əsası yoxdur. Çünki bu təlimlər hər hansı bir ölkəyə qarşı hazırlıq xarakterli təlimlər deyil. Bu təlimlər bizim hərbi sahədə işbirliyimizin möhkəmləndirilməsi, Azərbaycan Ordusunun təkmilləşdirilməsi, Türkiyə Ordusunun standartlarına yaxınlaşması və Türkiyənin hərbi quruculuq sahəsində müsbət təcrübəsinin öyrənilməsi mənasını daşıyır. Ona görə Türkiyənin hərbi bazası ilə bağlı sentyabrın sonundan bu günədək beynəlxalq mediada kifayət qədər çox məlumatlar gedir. Bunun heç bir əsası yoxdur. Türkiyə-Azərbaycan işbirliyi o qədər güclüdür, o qədər genişşaxəlidir ki, biz istənilən anda bir-birimizin yanındayıq. Baza olsa da, olmasa da, biz Türkiyəyə güvənirik, Türkiyə isə bizə güvənir” cavabı ilə aydınlıq gətirmişdi.

KƏNAN