Türkiyə hərbçilərinin Azərbaycana gəlişi nə vəd edir?

120

Ramil Məmmədli: “Proseslərin hansı formada davam edəcəyi dekabrın 10-dan sonra tam bəlli olacaq”

Arzu Nağıyev: “Nəyin necə olacağı türk hərbçiləri gələndən sonra yerində həllini tapacaq”

“Türkiyə Silahlı Qüvvələrinin Qarabağda dislokasiya olunmasını regionda təhlükəsiziyin bərqərar olunması  üçün artıq çox vacib məqam kimi tanımalıyıq”

Ötən gün Türkiyə Parlamenti Azərbaycana hərbi qüvvələrin göndərilməsi barədə qanun qəbul edib. Belə ki, TBMM-nin Ədalət və İnkişaf Partiyası (AKP), Miliyyətçi Hərakat Partiyası (MHP), Cümhuriyyət Xalq Partiyası (CHP) və İyi Partiya nümayəndələri qanun layihəsinin lehinə məruzə ediblər. Xalqların Demokrat Partiyasının (HDP) nümayəndəsi isə sənədin əleyhinə çıxış edib.

Əldə edilən razılaşmaya əsasən, atəşkəsə əməl edilib-edilməməsinin monitorinqini aparmaq məqsədilə işğaldan azad edilən Azərbaycan torpaqlarında Birgə Mərkəz yaradılacaq. Azərbaycanın tələbi əsasında Mərkəzdə Türkiyə və Rusiyanın müştərək iştirakı qərara alınıb.

Türkiyənin Qarabağa sülhməramlı qüvvələrini göndərilməsi ilə əlaqədar TBMM-nin verdiyi qərarın bu ölkənin Cənubi Qafqazda mövqəyini gücləndirilməsi istiqamətində xüsusi əhəmiyyət kəsb etdiyini deyə bilərik. Türkiyə Azərbaycana həm hərbi, həm də diplomatik cəhətdən dəstəyini əsirgəmir. Qardaş ölkə hərbiçilərinin gəlməsi isə vəziyyəti daha da Azərbaycanın xeyrinə yönəldəcək. Çünki Rusiya tərəfdən Azərbaycana ediləcək hər hansı bir qeyri-məqbul şərtlər Türkiyə tərəfindən neytrallaşdırılacaq.

Bundan əlavə, Türkiyə hərbiçilərinin bir il müddətinə gəlməsi gözlənilir. Əksinə, Rusiya sülhməramlıları isə beş il müddətinə Dağlıq Qarabağda yerləşdiriləcək.

Xəzər Müdafiə Tədqiqatları Mərkəzinin rəhbəri, hərbi şərhçi Ramil Məmmədli “Hürriyyət”ə açıqlamasında dedi ki, münaqişənin həllində Rusiyanın aktivlik nümayiş etdirməsi və bölgəyə öz hərbi birləşməsini gətirməsi, Türkiyənin hərbi qüvvələrini sülhməramlı missiyasında Qarabağda yerləşdirməsinə məcbur edib:

“Ümumiyyətlə, Türkiyə Silahlı Qüvvələrinin Qarabağ bölgəsinə dislokasiya olunmasıyla bağlı müzakirələr artıq bir ilə yaxındır ki, gedirdi… Münaqişənin həllində Rusiyanın aktivlik nümayiş etdirməsi və bölgəyə öz hərbi birləşməsini gətirməsi, Türkiyənin hərbi qüvvələrini sülhməramlı missiyasında Qarabağda yerləşdirməsinə məcbur etdi. Beləliklə, Türkiyə də Qarabağ bölgəsində prosesin icrasında rol almış olur.

İlkin informasiyalara görə, Türkiyə sülhməramlı missiyada iştirak edən Rusiya hərbi kontingentinin sayı qədər qoşun birləşməsi saxlamaq niyyətindədir. Artıq bununla bağlı işlərə də başlanılıb. Digər tərəfdən, silah-texnika sayı da olacaq. Bununla bağlı məndə tam dəqiq məlumat yoxdur. Bu, müəyyən razılaşma əsasında ola bilər. Yəqin ki, hər bir halda Rusiya tərəfinin silah-texnika sayının daha çox olacağı gözlənilən deyil. Bu məsələnin digər bir tərəfidir. Bundan başqa, Türkiyə Silahlı Qüvvələrinin Qarabağda dislokasiya olunmasını regionda təhlükəsiziyin bərqərar olunması üçün artıq çox vacib məqam kimi tanımalıyıq. Çünki Azərbaycan cəmiyyətində  Rusiya sülhməramlılarının Qarabağda yer alması artıq bir qədər narahatlıqla qarşılanır. Son vaxtlar Arayik Artunyanın Rusiya sülhməramlılarının  generalı Rüstəm Muradovla görüş keçirməsi və müəyyən müzakirələr aparması  Azərbaycan cəmiyyətində narahatlıq yaradıb. Ümumiyyətlə, proseslərə dekabrın 10-dan sonra baxsaq, daha doğru olardı. Yəni proseslərin hansı formada davam edəcəyi dekabrın 10-dan sonra tam bəlli olacaq. Əsas məsələ odur ki, artıq Dağlıq Qarabağ münaqişəsiylə bağlı status məsələsi yoxdur. Azərbaycan və Ermənistan tərəfi də artıq mövqelərini açıq şəkildə göstərib. Yəni Ermənistan təslimçilik sənədinə imza atıb, Azərbaycan isə bu məsələdə qalib tərəf olaraq çıxış edir”.

Milli Məclisin deputatı Arzu Nağıyev nəyin necə olacağının yalnız türk hərbiçiləri gələndən sonra yerində həllini tapacağını deyib. O, əsas qərarların dörd vacib sənəddə göstərildiyini bildirib:

“Türkiyə Konstitusiyasının 92-ci maddəsinə əsasən, ölkənin hər hansısa hərbi kontingenti dövlət ərazisinə gedib xidmət aparacaqsa, mütləq şəkildə Türkiyə Böyük Millət Məclisində ratifkasiya olunmalıdır. Həmin hərbi kontingentin Azərbaycan gəlməsi üçün prezident tərəfindən belə bir müraciət Türkiyə Böyük Millət Məclisinə daxil oldu. Nəticədə, qərar məclisdə təsdiq olundu. Bir il müddətinə həmin kontingent Dağlıq Qarabağ ərazisinə gələcək. Türkiyəli hərbiçilər məlumat koordinasiya mərkəzində öz fəaliyyətlərini davam etdirəcək. Ümumiyyətlə, prosedur qaydası belədir. Rusiya hərbçiləri beş il müddətinə Dağlıq Qarabağda yerləşdiriləcək. Çünki bu onların mandatına uyğun olaraq, sülhməramlı qüvvələrdir. Lakin Türkiyənin bu mandatı sülhməramlı qüvvələr mandatı deyil. Çünki sülhməramlı qüvvələr həm BMT tərəfindən, həm də iki dövlət arasında razılıqla ola bilər. Yəni Tükiyənin Konstitusiyasının  92-ci maddəsinə uyğun olaraq həyata keçirilir. Bu, Rusiyanın Konstitusiyasına uyğun həyata keçirilmir. Təbii ki, onlar Azərbaycan ərazisində yerləşdiriləcək. Bu işğaldan azad olunmuş ərazilər də ola bilər. Onlar birgə patrul şəklində də yerləşdirilə bilər. Eyni zamanda, uçuş aparatlarından da istifadə edilməsi gözlənilir. Əsas məqsəd, koordinasiyalı şəkildə məlumatların dəqiq şəkildə siyasi rəhbərliyə ötürülməsidir. Bundan əlavə, Şoyqu və Hulisi Akar arasında memorandum imzalanıb. Əlavə olaraq, 2020-ci il avqust ayının 16-da Türkiyə və Azərbaycan arasında qarşılıqlı yardımla bağlı sənəd var. Hər şey də bu sənədlərlə tənzimlənib. Orda qoşun növləri və digər işlərin həlli artıq sonraki işlərdir. Türkiyə və Rusiyanın birgə patrul xidmətinin praktikası Suriyada da olub. Nəyin necə olacağı artıq türk hərbçiləri gələndən sonra yerində həllini tapacaq. Ortada əsas dörd sənəd var. Noyabrın 10-da Rusiya, Azərbaycan və Ermənistan arasında imzalanmış sənəd Rusiya və Türkiyə Müdafiə nazirləri arasında imzalanmış memorandum, Azərbaycanla Türkiyə arasında imzalanmış 16 avqust sənədi və Türkiyə parlamentinin qərarı”.

Düzdür, müharibə getdiyi müddətdə şəhidlərimiz də oldu. Amma qələbəni qanımız bahasına olsa belə, torpaqlarımızı işğaldan azad etdik. Onu da qəbul etməliyik ki, qəzəbli iki tərəf arasında mütləq sülhməramlı qüvvələr olmalıdır. Amma təkcə Rusiyanın “sülhməramlı” adıyla Qarabağa əsgər göndərməsi də qəbul edilməzdir. Bundan əlavə sülhməramlı missiyasını təkcə Türkiyə hərbçiləri yerinə yetirsəydi, bu da arzuolunmaz hallara səbəb ola bilərdi.

 

YƏHYA