Türkiyə hərbçiləri Qarabağda yerləşdiriləcək?

594

Rusiya ilə Türkiyə arasında konfrontasiyanın yaranması Azərbaycan üçün arzuolunmazdır

Məhəmməd Əsədullazadə: “Qarabağa hər hansı bir statusun verilməsinə getmək və Ermənistanın maraqlarına uyğun danışıqlara başlamaq olmaz”

Xaqani Cəfərli: “Ermənilər xristian ölkələrindən daha çox dəstək almaq və Rusiya rəhbərliyinin Azərbaycana təzyiq göstərməsinə nail olmaq üçün xristian kartını işə salıb”

Altay Göyüşov: “Rusiya ordusunu Dağlıq Qarabağdan çıxartmağın yolu, təmasdan və oradakı ermənilərin Azərbaycana inamını, bunda zərərdən çox xeyir olması fikrini yaratmaqdan keçir”

Razi Abasbəyli: “Bu gün hələ də mövcud reallıqları qəbul etmək istəməyən kiçik separatçı qruplar Qarabağda siyasi olaraq nəyəsə nail olmağa çalışır”

Namizəd Səfərov: “Unutmayaq ki, Rusiya bölgədə mühüm faktor olaraq qalmaqdadır və hələlik bizim bununla hesablaşmamaq inkanımız o qədər də böyük deyil”

Noyabrın 24-də ölkə başçısı İlham Əliyev ilə Rusiya prezidenti Vladimir Putin arasında telefon danışığı olub. Bu barədə telefon danışığı zamanı Azərbaycan Respublikası prezidentinin, Rusiya prezidentinin və Ermənistanın baş nazirinin 10 noyabr tarixli birgə Bəyanatının bəndlərinin yerinə yetirilməsi ilə bağlı məsələlər müzakirə edilib, davamlı atəşkəs rejimindən, Rusiya sülhməramlı missiyasının rəhbərliyi ilə Azərbaycanın müvafiq strukturlarının rəhbərliyi arasında sıx əlaqələrin yaradılmasından məmnunluq bildirilib. Dövlət başçıları, həmçinin azərbaycanlı və erməni əhaliyə humanitar yardım göstərilməsi məsələlərini müzakirə ediblər.

Qeyd edək ki, elə həmin gün Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla rusiyalı həmkarı Vladimir Putin arasında da telefon danışığı baş tutub. Liderlər Qarabağda atəşkəsə nəzarət mərkəzinin qurulması məsələsini müzakirə ediblər. Ərdoğan bu mərkəzin ən qısa zamanda fəaliyyət başlaması ilə bağlı gözləntilərini ifadə edib. O bildirib ki, öhdəliklərin icrası prosesində Ermənistan tərəfi öz vəzifələrindən yayınmamalıdır. Dünən isə Ərdoğan qeyd edib ki, Azərbaycan torpağı olan Qarabağda erməni işğalı artıq sona çatıb: “Ötən gün (srağagün-red.) Rusiya prezidenti Vladimir Putinlə məsələni ətraflı şəkildə danışdıq. Danışıqlar zamanı atılacaq addımları müzakirə etdik. Azərbaycan, Türkiyə və Rusiya olaraq bölgədə sülhün təmin olunması üçün addımlar atırıq. Bunu daha da genişləndirmək üçün şansımız var. Bu məsələni də Putinlə danışdıq. 4-cü və 5-ci ölkələri daxil etməklə prosesi başqa bir ölçüyə gətirə bilərik. Bundan başqa, İlham Əliyev qardaşımla da danışmışam. Atılan addımları dəyərləndirmək fürsətimiz oldu”.

Yeri gəlmişkən, onu da nəzərinizə çatdıraq ki, Türkiyənin milli müdafiə naziri Hulusi Akar Dağlıq Qarabağda əldə olunan atəşkəsin monitorinqinin təşkilinə dair işlərin davam etdiyini vurğulayıb. Onun sözlərinə görə, Qarabağda qurulacaq müşahidə postları arasında patrul xidməti aparılacaq: “Qarabağda atəşkəsin monitorinqinə dair çalışmalar davam edir. Qarabağda qurulcaq müşahidə məntəqələri arasında dövriyyələr də (patrul xidməti) həyata keçiriləcək”. Türkiyənin hakim Ədalət və İnkişaf Partiyasının (AKP) sözçüsü Ömər Çelik isə qeyd edib ki, Qarabağda Azərbaycanla Ermənistanın atəşkəs razılşaması əsasında daimi sülhə nail olunması çox önəmlidir. Çülik əlavə edib ki, Türkiyə Dağlıq Qarabağda sülhməramlı missiyasını icra edəcək: “Türkiyə Böyük Millət Məclisi də artıq ordumuza bu səlahiyyəti verib. Türkiyə ordusu regionda sülhün qorunması missiyasında önəmli rol oynayacaq”.

Bu arada, Rusiya Dumasının MDB İşləri üzrə komitəsinin sədr müavini Konstantin Zatulin isə bildirib ki, erməni tərəfinin hərbi və diplomatik məğlubiyyətindən sonra Qarabağın statusu asanlıqla həll edilə bilməz. Zatulin hesab edir ki, əgər Qarabağın statusu məsələsi müzakirə edilsə belə, bu, Ermənistan üçün pozitiv olmayacaq. O, həmçinin Ermənistanın məğlubiyyətdən nəticələr çıxarması gərəkdiyini vurğulayıb. Bununla yanaşı, Zatulin İrəvanı siyasi və iqtisadi böhranı aradan qaldırmağa, “güc toplamağa” çağırıb.

“Türkiyə-Azərbaycan tandemi Qarabağda Rusiyanın siyasi müstəvidə planlarını neytrallaşdırmağa çalışmalıdır”

 

Beləliklə, “Hürriyyət”in məlumatına görə, mövzu ilə bağlı fikirlərini bölüşən Cənubi Qafqaz Təhlükəsizlik və Sülh İnstitutunun sədri, Milli Cəbhə Partiyasının sədr müavini, politoloq Məhəmməd Əsədullazadə qardaş Türkiyənin Rusiya ilə danışıqlarda birgə patrul sisteminin yaradılmasına nail olduğunu qeyd etməklə yanaşı, ilk başdan Moskvanın bu planı qəbul etmədiyini bildirib: “Görünür, tərəflər yenidən güzəştə gedib. Rusiya ilk başdan belə bir patrul xidmətinin əleyhinə idi. Xüsusilə, Lavrov xətti buna qarşı çıxırdı. Türkiyə müstəqil müşahidə sisteminin yaradılmasını Azərbaycanla razılaşmalıdır. Rusiyanın buna qarşı çıxması müsbət nəticə verməyəcək. Türkiyə-Azərbaycan tandemi Qarabağda Rusiyanın siyasi müstəvidə planlarını neytrallaşdırmağa çalışmalıdır. Rusiya prezidenti Vladimir Putin açıqlamada Qarabağın statusuyla bağlı Azərbaycan və Ermənistanın ortaq maraqlarına uyğun həllini qeyd edib. Ümumiyyətlə, Putinin məlum bəyanatı Azərbaycanın maraqlarına cavab vermir. Görünür, Türkiyənin patrul sistemində qərarlı olması Putinin belə bir açıqlama verməsini şərtləndirib. Qəti şəkildə Qarabağa hər hansı bir statusun verilməsi və Ermənistanın maraqlarına uyğun danışıqlar prosesinin başlanmasına getmək olmaz”.

“İranın Qarabağ məsələsində rolu və Cənubi Qafqazda siyasəti Azərbaycana daim problemlər yaradıb”

İranın da mövzuya müdaxiləsinə toxunan politoloqun sözlərinə görə, Tehran Qarabağ müharibəsinin gedişində yeni sülh təklifləri hazırlayıb, prezident Həsən Ruhaninin xüsusi elçisi Bakı, Moskva, İrəvan və Ankarada olub: “Həll variantları tərəflərə təqdim edilidi. Amma Tehranın həll variantı açıqlanmadı və nəzərə alınmadı. İran bu “həll variantı” ilə Cənubi Qafqazda Rusiya, Türkiyə ilə birgə yeni formatda maraqlı idi. Lakin Bakı buna razı olmadı. Bildiyiniz kimi, noyabrın 10-da Rusiya, Azərbaycan və Ermənistan, həmçinin Türkiyənin qeyri-rəsmi iştirakı ilə bəyannamə imzalandı. Bu, Qarabağ münaqişəsinin sonunu gətirdi. İmzalanan bəyannamə Azərbaycanın maraqlarına cavab verirdi. Amma İranın irəli sürdüyü həll variantı Azərbaycan üçün məqbul deyildi. Orada Ermənistanın da maraqları nəzərə alınmışdı. Həmçinin, bu planla İran Cənubi Qafqazda öz mövqeyini gücləndirməyə çalışırdı. İranın bu planı baş tutmadı. İmzalanan bəyannamədən sonra İran tərəfi elan etdi ki, xarici işlər naziri Cavad Zərifi Moskva və Bakıya göndərəcək ki, Qarabağ məsələsini müzakirə etsin. Göründüyü kimi, İran məlum bəyannamədən və müharibənin gedişindən narazı olub. Çünki prosesdə yer ala bilmədi və təklif etdiyi variant müzkirə edilmədi. Azərbaycan üçün bitən Qarabağ məsələsini İran XİN rəhbəri nəyə gəlib müzakirə etməlidir?! Yoxsa, gəlib Qarabağa status məsələsini, ermənilərin vəziyyətini müzakirə etmək istəyir? Ona görə də onun səfəri Azərbaycan tərəfindən qəbul edilmədi. Çünki İranla bu məsələdə danışılacaq bir söz yoxdur. İran da müəyyən siyasi gediş edərək Cavad Zərifin səfərini təxirə saldı”. Cənubi Qafqaz Təhlükəsizlik və Sülh İnstitutunun sədri onu da bildirib ki, İranın Qarabağ məsələsində rolu və Cənubi Qafqazda siyasəti Azərbaycana daim problemlər yaradıb: “Ona görə də çevik bir diplomatik gedişlə İranı bu məsələdə neytral saxladıq və gec də olsa, Azərbaycanın maraqlarına uyğun bəyanat vermiş oldu. İran Türkiyənin Cənubi Qafqazda rolunu qəbul etmir və ona görə də bu kimi səfərlər edib öz maraqlarını təmin etməyə çalışır”.

“Ermənilərin siyasi meydanda əvəz çıxmağa çalışacağı ilə bağlı xəbərdarlıqlara diqqət vermək lazımdır, Rusiya isə bu məsələdən sui-istifadə edib Şuşada nəzarət həyata keçirməyə cəhd edə bilər”

“Hürriyyət” xəbər verir ki, politoloq Xaqani Cəfərli isə ermənilərin xristian kartını işə saldığını qeyd edib: “Yerusəlimdəki (Qüds) erməni kilsəsinin başçısı Nurhan Manukyan Rusiya prezidenti Vladimir Putinə məktub göndərərək, Şuşa və Hadrutun qondarma “DQR”in nəzarətinə “qaytarılması” məsələsində “şəfaət” istəyib. Məktubun mətnini erməni apostol kilsəsinin Yerusəlim Patriarxlığının nümayəndəsi Hovnan Bağdasaryan özünün “facebook” səhifəsində yayıb. Manukyan “şəfaət” istəyini bu şəhərlərdə “ziyarətgah”larının – kilsələrin, monastırların, xaçkarların (xaç daşları), ibadətgahların qalması və artıq bunlara qarşı guya vandalizm həyata keçirilməsi ilə izah edib. Aydın görünür ki, ermənilər xristian ölkələrindən daha çox dəstək almaq və Rusiya rəhbərliyinin Azərbaycana təzyiq göstərməsinə nail olmaq üçün xristian kartını işə salıblar. Bu prosesdə Rusiyanın xarici işlər naziri Sergey Lavrovun da rolu var. Hərb meydanında məğlub olan ermənilərin siyasi meydanda əvəz çıxmağa çalışacağı ilə bağlı xəbərdarlıqlara diqqət vermək lazımdır. Rusiya da bu məsələdən sui-istifadə edib Şuşada nəzarət həyata keçirməyə cəhd edə bilər”.

“İndi sülh məramını nümayiş etdirmək üçün yaxşı imkanı var, camaat Qarabağdakı evinə-eşiyinə köçəndən sonra təmas da tədricən yaradılmalıdır”

Rusiya sülhməramlılarının Dağlıq Qarabağda olduğunu xatırladan tarixçi alim Altay Göyüşov isə bu qənaətdədir ki, indi sülh məramını nümayiş etdirmək üçün yaxşı imkanı da var: “Camaat Qarabağdakı evinə-eşiyinə köçəndən sonra təmas da tədricən yaradılmalıdır. Tutaq ki, camaatın Xankəndindən keçib Şuşaya getməsi, yaxud Ağdərədən Kəlbəcərə getməsi üçün şərait yaradılmalıdır. Həmçinin, ermənilərin ticarət-filan üçün Ağdama, Şuşaya gedib-gələ bilməsi imkanı da olmalıdır. Təbiidir ki, indiki yaraların sızladığı vaxtlarda bu, çətindir. Amma tədricən bu, baş verməlidir. Düşmənçiliyin aradan qaldırılması üçün bu, yeganə mümkün yol kimi görsənir. Deyə bilərlər ki, əşi keçmişdə bir yerdə yaşamışıq alınmayıb. Fəqət, məncə keçmişdə nə isə alınmayanda o demək deyil ki, heç vaxt alınmayacaq. Yavaş-yavaş ürəyi istəyənə, zor etmədən Azərbaycan pasportları filan vermək yollarını da düşünmək olar”. Tarixçi alimin fikrincə, utopik görsənsə də, amma Rusiya ordusunu oradan çıxartmağın yolu, bu təmasdan və oradakı ermənilərin Azərbaycana inamını, bunda zərərdən çox xeyir olması fikrini yaratmaqdan keçir.

“Xankəndidə məskunlaşan azca ağılı olan erməni anlayır ki, artıq Azərbaycan olmadan orada yaşamaq mümkün deyil”

“Hürriyyət”in məlumatına görə, müstəqil iqtisadçı ekspert Razi Abasbəyli isə qeyd edib ki, ermənilər Qarabağda yaşaya bilmək üçün Azərbaycana tabe olmağa məhkumdur: “Dağlıq Qarabağda məskunlaşan Xankəndi və bir neçə kiçik yaşayış massivində Azərbaycan olmadan ermənilərin yaşaması faktiki olaraq mümkünsüzdür. Dünyada hərbi və siyasi dəngələri, demoqrafiq şəraiti, ən əsası sülhün bərqərar olmasını şərtləndirən əsas faktor iqtisadi gücdür. Bu gün Azərbaycan ərazisi olan Xankəndinə yüzlərlə erməni əhalisi geri köçürülür. Eyni zamanda, bir neçə kiçik yaşayış massivinə də həmçinin. İndi bir çoxlarını narahat edən əsas məqamlara diqqət edək. Ermənilərin faktiki olaraq Qarabağda Azərbaycan olmadan yaşaması fiziki baxımdan mümkün deyil. Xəritəyə diqqətlə baxaq. İşğalın davam etdiyi illər ərzində Dağlıq Qarabağ və ətraf rayonlarda mövcud olan ermənilər elektrik enerjisi, təbii qaz, içməli və təsərrüfat suyunu haradan alırdı? Əlbəttə ki, indi Xankəndində məskunlaşan azca ağılı olan erməni anlayır ki, artıq Azərbaycan olmadan orada yaşamaq mümkün deyil. Birincici, hazırda Dağlıq Qarabağın 12-13 faizlik hissəsində qalan ermənilər 30 ilə yaxın müddətdə təbii qazı İran İslam Respublikasından alırdılar. İşğal altında olan 134 kilometrlik İran Qarabağ sərhəddindən keçməklə farslar işğalçı ermənilərin Qarabağda təbii qaz təchizatını tam yerinə yetirirdi. İran qaz təminatını işğal altında olan Cəbrayıl, Zəngilan və Füzuli rayonları ərazisindən bütün işğal zonasında mövcud olan yaşayış massivlərinə ötürürdü. Hazırda 30 ilə yaxın müddətdə separatçılarla İran arasında olan magistral qaz xətti Azərbaycanın nəzarəti altındadır. İran separatçılara təbbi qazı elektrik enerjisi ilə əvəzləyirdi. Qarabağdakı separatçı rejim isə Xudafərin Su Elektrik Stansiyası vasitəsilə illik istehsal edilən 500 milyon kilovat saata yaxın elektrik enerjisinin 60 faziə yaxın həcmini İrana təbii qaz əvəzi olaraq verirdi. Hazırda Xudafərin Elektrik Stansiyası Azərbaycanın nəzarətindədir. Deməli, indi Xankəndində yaşamaq istəyən erməni anlamalıdır ki, bundan sonra istifadə edəcəyi mavi qazın pulunu Azərbaycan dövlətinə ödəyəcək”.

“Ermənistan istəsə belə, Azərbaycan ərazisindən Xankəndinə, Xocalıda yaşayan vətəndaşına ayrıca elektrik enerjisi və ya qaz xətti çəkə bilməz”

İqtisadçı ekspert onu da bildirib ki, elektrik enerjisi təchizatı üzrə də Xankəndinin təminatı alternativi yoxdur: “Yalnız Azərbaycan ərazisindən istifadə etməklə, Zəngilan, Qubadlı və ya Füzuli istiqamətindən elektrik enerjisindən istifadə edilməlidir ki, bunun üçün də Azərbaycan dövlətinə hər bir vətəndaş kimi erməni əsilli vətəndaş da vahid tarifə uyğun ödəniş edəcək. Burada alternativ siyasi və ya hansısa diplomatik variantın işləməsi də mümkün deyil. Hətta Ermənistan istəsə belə, Azərbaycan ərazisindən Xankəndinə, Xocalıda yaşayan vətəndaşına ayrıca elektrik enerjisi və ya qaz xətti çəkə bilməz. Ortada üçüncü ölkə də yoxdur, söhbət İrandan gedir. Təsərrüfat və içməli su təchizatı ilə bağlı da tam olaraq Azərbaycan Respublikasına məxsus olanlardan istifadə ediləcək. Birmənalı olaraq bütün ərazilərdə vahid tarif, vahid şəkildə su qaynaqlarından istifadə edilməklə hər bir Azərbaycan vətəndaşına eyni qaydada tarif tətbiq ediləcək. Yəni bütün ətraf ərazilər, içməli və təsərrüfat suyu təminatını Azərbaycan Respublikası həyata keçirəcək. Hansısa erməni əhalisi üçün ayrıca içməli su xətti və ya əkin sahəsini suvarmaq üçün ayrıca kanal qazılmayacaq. Təbii olaraq da nə ikinci, nə də üçüncü ölkənin su təchizatında iştirakı qətiyyən mümkün deyil. Ərzaq təminatı, nəqliyyat, marşrut imkanları və sair sadalanacaq onlarla fakt var ki, ermənilərin bu gün hələ də özlərini inandırmağa çalışdıqları yalanlarının onları fəlakətə sürüklədiyini dərk etdirəcək. Bundan başqa, bu gün hələ də mövcud reallıqları qəbul etmək istəməyən kiçik separatçı qruplar Qarabağda siyasi olaraq nəyəsə nail olmağa çalışır. Hansısa xüsusi imtiyaz və statusdan bəhs edirlər. Lakin günün iqtisadi, sosial, məişət imkanları dərk edəndən sonra ən axırıncı xseparatçı düşüncədə olan ünsür də bütünlüklə işğal ərazilərinin qeyd-şərtsiz olaraq Azərbaycan Respublikasının ayrılmaz hissəsi olduğunu qəbul edəcək”.

“Qazandığımız qələbənin nailiyyətlərindən, mümkün olan maksimum qədər bəhrələnməliyik”

“Hürriyyət” xəbər verir ki, tanınmış hüquqşünas Namizəd Səfərov isə hesab edir ki, Rusiya ilə Türkiyə arasında konfrontasiyanın yaranmasının bu gün bizim üçün nə qədər arzuolunmaz olduğunu hər birimiz yaxşı başa düşürük: “Qardaş Türkiyənin mənəvi dəstəyi ilə Qarabağda misilsiz tarixi qələbə qazanmışıq. Elə bir qələbə qazanmışıq ki, bu qələbənin mənəvi tərəfi belə, kifayət edir. Bu qələbənin nailiyyətlərindən, mümkün olan maksimum qədər bəhrələnməliyik. Unutmayaq ki, Rusiya bölgədə mühüm faktor olaraq qalmaqdadır. Hələlik bizim bununla hesablaşmamaq inkanımız o qədər də, böyük deyil. Unutmayaq ki, dünənə kimi Nikol Paşinyanın yallı getdiyi Cıdır düzündə, bu gün at oynadan, bizik!” Onun sözlərinə görə, sentyabrın 20-də Azərbaycanda siyasətdən az-çox başı çıxan hər kəsdən, Qarabağın işğaldan azad olunmasının mümkünlüyü barədə sormuş olsa idik, hamı bir mənalı şəkildə bildirirdi ki, neçə ki, Putin hakimiyyətdədir, neçə ki, Rusiya parçalanmayıb Qarabağ barədə arzular xülya olaraq qalacaq: “Bu gün Putin hakimiyyətdədir, Rusiya da dağılmayıb, yerindədir. Jirinovski kimi köpəklər, yenə də Azərbaycan barədə ağızları köpüklənə-köpüklənə hədyan danışırlar. Lakin biz müzəffər ordumuz və şəhidlərin qanı bahasına işğaldan azad etdiyimiz Qarabağda, Şuşadayıq. Gəlin, qazandığımız misilsiz, tarixi qələbənin qiymətini bilək, təmkinlə, ehtiyatla onu sona qədər reallaşdıraq”.

Vazeh BƏHRAMOĞLU