Türkiyə Ermənistanla sərhədi aça bilərmi? – Deputatlardan AÇIQLAMA

81

Türkiyə ilə Azərbaycan arasında olan güclü əlaqələrdən bütün dünya xəbərdardır. Hər zaman yanımızda olan Türkiyə dövləti  Azərbaycana qarşı uzun müddətdir davam edən erməni təcavüzü və Dağlıq Qarabağ münaqişəsi səbəbi ilə illərdir ki, Ermənistan ilə sərhəd qapılarını bağlı saxlayır. Bəs görəsən hazırkı müharibənin sonunda Türkiyə Ermənistanla sərhədini aça bilərmi?

Məsələ ilə bağlı Modern.az-a danışan Türkiyə-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri Şamil Ayrım bildirib ki, ancaq Şuşa və digər ərazilər işğaldan azad edildikdən sonra bu suala tam cavab vermək olar:

“Hazırda müharibə davam edir. Türkiyə olaraq Azərbaycanın bütün torpaqlarını azad etməsini gözləyirik. Normallaşma necə ola bilər? Azərbaycan dövlət işğal olunmuş ərazilərdən düşməni təmizlədikdən sonra məcburi köçkünlər yurdlarına qayıdar. Yurdlarından qoparılan insanlar-hərçənd düşünürəm ki, bütün evlər talan edilib, otuz ildir saxladıqları evlərinin açarını yenidən çıxarar. Orada tam sülh təmin ediləndən sonra bu haqda danışıqlar aparıla bilər. Cənab prezidentimiz Rəcəb Tayyib Ərdoğan demişdi ki, Qarabağa üçrəngli bayraq sancıldıqdan sonra etnik mənsubiyyətindən asılı olmayaraq, bütün xalqlarla sülh içində yaşayacağıq. Ərazilər azad olunduqdan sonra orda yaşayan ermənilər də Azərbaycanın dostluğunu görəcək. Lakin mülki şəxslərin öldürüldüyü indiki vəziyyətdə məncə bunları danışmaq səhvdir”.

Türkiyə Böyük Millət Məclisinin üzvü, İzmir millət vəkili Atilla Sertel də bunun üçün ilk olaraq Ermənistanın işğal olunmuş torpaqlardan geri çəkilməli olduğunu söyləyib. O, məsələnin həllində əsas şərtin Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi olduğunu vurğulayıb.