Türkiyə Ağ Dənizdə mühasirəyə alınır

165

Bu dəniz dünya güclərinin mübarizə meydanına çevrilib

Məlumdur ki, Türkiyə uzun müddətdir BMT-nin tanıdığı Liviya hökumətini üsyançı Haftardan qoruyur. Məqsəd ölkənin ABŞ-ın dəstəklədiyi Haftar qüvvələrindən təmizlənib, birləşdirilməsinə nail olmaqdır. 1 həftə əvvəl Liviya Milli Saziş hökuməti atəşkəs haqda bəyanat yaydı. Bəyanatda Liviyada hərbi əməliyyatların dayandırılması və Sirte ilə Cufra bölgəsindən xarici (türk) – muzdlu (rus-“Vaqner”) döyüşçülərin çıxarılmasına çağırış edilir. Həmçinin Sirte və Cufranın silahdan təmizlənmiş bölgə halına gətirilməsi vurğulanır.

Əslində, muzdlu orduların çəkilməsini Rusiyanın bəyan etməsi gözləniln idi. Maraqlısı bu bəyanatın ABŞ-ın Liviya səfiri Norlandın bəyanatından sonra Sərrac hökuməti tərəfindən də elan edilməsidir. Həmçinin, bu iki məntəqədə Haftar və Sərrac hökumətinin birgə asayiş yaratması da nəzərdə tutulur ki, bunun baş tutması mümkün deyil. Görünür, ABŞ “sənin üçün ən yaxşısı Sirte və Cufradan çıxmaqdır, yoxsa Türkiyə səni vuracaq” deyərək, Putini razı salmağa çalışıb. Ehtimal ki, Rusiyanı bu məntəqədən çıxarandan sonra Sərrac hökuməti silahlı qüvvələrinin içinə sızdırdığı agentləri ilə Haftar qüvvələri arasında nəinki atəşkəs yaratmağa, əksinə müharibəni alvlandırmağa çalışacaq ki, “siz atəşkəsi təmin etməyi bacarmadınız, sülhü yalnız NATO təmsilçisi kimi ABŞ ordusu asayişi təmin edə bilər” deyərək, heç bir itiki vermədən, “hazıra nazir” şəkildə enerji yataqları ilə zəngin bölgəyə əl qoysunlar. Çünki ABŞ Türkiyə və Rusiyanın ona qarşı təklikdə savaşa girməyəcəyini bilir. Məqsəd bir güllə belə atmadan Liviyada türk və rus qüvvələrini bir-birinə qırdırmağa və özünü sülh təminatçısı kimi sırımağa, davamında isə Sərrac və Haftar qüvvələrinin anlaşa bilməməsindən istifadə edib, Liviyanı bölməyə zəmin hazırlamaqdır.

Liviya neftinə gəldikdə isə, neft çıxarılmasına davam edilməsinin gərəkdiyi vurğulanır və neft satışından gələn pulların Liviya Milli Neft Agentliyinə bağlı Milli Bankdakı “xüsusi hesaba” yatırılacağı bildirilir. Bu bank paytaxt Tripolidə yerləşir və başqa ölkələrdə də şöbələri var. Yəqin ki, sabitliyin olmaması əsas gətirilərək, neft gəlirlərinin digər ölkələrdəki şöbələrə yerləşdirilməsi “məsləhət görüləcək”. Yəni ölkənin neft gəlirlərindən liviyalılar xeyir görməyəcək. Bu plan ABŞ-ın Liviya neft gəlirlərini “mədəni şəkildə oğurlama və sahiblənmə” əməliyyatıdır. Necə deyərlər, tipik bir ABŞ strategiyası. Və haqqında söhbət gedən neft gəlirlərinin Liviyada şəffaf və demokratik seçkilər keçirilməyənə qədər dondurulacağına, ona toxunulmayacağına edilmiş vurğudur.

Bəs, ümumiyyətlə seçki keçirilməzsə və ya keçirilən seçkilərin “şəffaf və demokratik” olması “Qərb demokratiyası” tərəfindən təsdiqlənməzsə? Bu halda həmin gəlirlərdən bir qisminin ABŞ-ın Liviyaya təyin edəcəyi “vassal”ının nəzarətində qalmasını təmin edəcək. Hansı ki, bu, tamamilə mümkün bir ssenaridir. ABŞ-ın Venesuela prezidenti Maduroya etdikləri dünyanın gözü qarşısında baş verir.

Belə ki, ABŞ öz ərazisindəki Venesuela neft şirkətlərinin gəlirlərinə, şirkətlərə, hətta Avropa banklarındakı pul və qızıl ehtiyatına zorla əl qoymuşdu. Dolayısı ilə ABŞ BƏƏ-nin də Rusiyanın Liviyadakı əməliyyatlarını maliyyələşdirməsinə də “stop” deyəcək.

Bəs Liviyada Sərrac hökumətinin Türkiyənin köməyi ilə apardığı müharibənin məqsədi nə idi? Liviya torpaqlarını azad etmək və birləşdirmək. ABŞ səfirinin və Sərrac hökumətinin üst-üstə düşən bəyanatında “xarici qüvvələrin ölkədən çıxarılması” cümləsi türk silahlı qüvvələrinin, “muzdlu qüvvələrin çıxarılması” cümləsi ilə də “Vaqner”çilərin çıxarılması nəzərdə tutulur ki, bunun gerçəkləşməsi döyüşməyən və bir güllə belə atmayan ABŞ və yəqin ki, Avropanın da Liviyaya yiyələnməsi deməkdir. Amma bu gün bölgədən gələn xəbərlər ABŞ və BƏƏ-nin dəstəklədiyi Haftar qüvvələrinin Sirte, Cufraya xeyli silah-sursat və hərbi texnika yığdıqları, əhalidən bir qrupunun isə Qəddafinin oğlu Seyfulislam Qəddafinin hakimiyyətə gəlməsi tələbi ilə nümayiş etdikləri bildirilir. Görünür, Haftarın nəzarətində olan və döyüşlərdən bezən əhalinin nə Sərracı, nə Haftarı istəməməsi, məhz Qəddafini hakimiyyətdə görmək arzusu Rusiyanın ABŞ-a “Sirte və Cufradan çıx” məsləhətinə və Türkiyəyə qarşı gedişidir. Bu barədə əvvəl də fikirlər yayılmışdı. Rusiyanın Haftarın yerinə Liviya hakimiyyətində S.Qəddafini görmək istəməsi bilinirdi.

Bu arada, Yunanıstan isə təkbaşına Türkiyəyə qarşı çıxa bilmədiyi üçün AB ölkələrini qızışdırıb, onları yanına alaraq Türkiyənin üzərinə getməyə çalışır və Ağ dənizdə Türkiyənin keçirdiyi navteksə bərabər ola bilməyəcək 2-3 gəmisi ilə “təlimlər” keçirir. Dünən isə ABŞ-ın diqqətini seçkilərə cəmləməsi ilə onun dünyadakı rolunu “oynamağa” çalışan Almaniyanın xarici işlər naziri Heiko Maas Türkiyəyə səfərə gəldi və Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu ilə görüşdü. H.Maas, “Şərqi Ağ Dənizdəki təhlükəli vəziyyəti müzakirə etdik. Bu sadəcə AB-ni deyil, NATO-nu da narahat edir. Durum çox risklidir. Kimsə bu vəziyyətin hərbi yolla həllini gözləmir və məsələ diplomatik tərzdə həll olunmalıdır”, – deyərək Yunanıstanın yanında olduğunu söylədi.

Çavuşoğlu, “Şərqi Ağ Dənizdə gərginliyi artıran biz deyilik. Yunanıstandır. Bu ərköyünlükdən vaz keçin. Bəzi ölkələrin təhrikinə gəlməyin”, – deyə cavab verdi. Bilirik ki, Yunanıstan coğrafi baxımdan Türkiyəyə çox yaxın olan Krit adasında təlimlər keçirəcəyini bıldirmişdi. Bu təlimlərə Yunanıstan, BƏƏ və Misir qatılacaq. BƏƏ 4 “F-16”-nı Souda hərbi bazasına göndərdi. Misir lideri Sisi də təlim üçün əsgər göndərəcək. Nəyə görə məhz bu ada seçildi? Hər üç ölkənin bölgədəki ortaq düşməni Türkiyədir. Bu adanın isə Egey dənizinə giriş imkanı var. Lozan sazişi ilə Yunanıstan və Türkiyə arasında olan adalarda hərbi qüvvə saxlamaq qadağandır və Krit ilə Bodrum arasındakı məsafə 396 km-dir. Yəni çox yaxındır. Bundan başqa, 18 Türk adasını işgal edən Yunanıstan, indi də hərbi qüvvələrin yerləşdirilməsinin qadağan olduğu Dədəağacda ABŞ-a hərbi baza qurmaq imkanı verdi. ABŞ buradan Bolqarıstan və Rumınyadakı bazaları arasında əlaqə qurub, boğazları blok etmiş olacaq.

Bir sözlə, Türkiyə Ayasofya müzakirələri ilə oyalanarkən, ABŞ və Yunanıstan boğazları blok edəcək projeyə imza atdı. Lozan sülh müqaviləsinə görə, hərbi kontingent yerləşdirilməsi qadağan olan, Türkiyənin lap yaxınında, Dədəağac bölgəsində Amerika dəniz və hava bazası açıldı. Hazırda Dədəağaca 101 ABŞ Hava Desantlarına aid Skorsky helikopterləri ilə hərbi texnika və sursat daşınıb. Yunanıstandakı Stefanovikeio, Larissa, Kritdəki Souda və Dədəağacdakı yeni hərbi bazalar ilə Türkiyə ABŞ-ın mühasirəsinə alınmış vəziyyətdədir. Bu mühasirəyə Yunanıstanı maliyyə ilə təmin edən BƏƏ, Misir də anti-Türkiyə ittifaqında olduğunu görürük.

Zaman-zaman prezident Tarmpın Yaxın Şərqdəki hərbi kontingentini çıxaracağını eşidirik və sanki onun yerində bir vakuum yaranır. Bəs bu kontingent haraya yerləşdirilir? Güman ki, Rusiyaya qarşı Bolqarıstan, Rumıniya, Polşaya, qeyri-rəsmi şəkildə Ukraynaya. Türkiyəyə qarşı Yunanıstana. Türkiyəni mühasirəyə almaq məqsədilə Yunanıstanda bazaları yerləşdirmək, Liviyada bir güllə atmadan yerləşmək məqsəd yalnız Ağdənizin enerji ehtiyatlarına şərik olmaq deyil. Doğrudur, ABŞ Geoloji Araşdırmalar Qurumunun 2010-cu ildə yayımlanan məruzəsinə görə, Kipr, Misir, İsrail, Fələstin, Livan və Suriya səniz sərhədləri arasında qalan Levantan hövzəsində təxminən 1,7 milyard barel neft və 122 trilyon kubmetr təbii qaz olduğu deyilir. Bu qaz ehtiyatının bölgənin və Avropanın on illiklər boyunca enerji təlabatını qarşılayacaq qədər olduğu təxmin edilir. Bu sahələrın bir qismi Livan və Qəzza tərəfındə aid olan sularda yerləşsə də, imperialist güclər üçün bu əhəmiyyətli deyil.

İsrailin Yunanıstana dəstəyini açıqlaması və onun yanında yer alan, Liviyada muzdlu döyüşçülərə hər cür dəstəyi təmin edən və “Abraham Accord” sazişi ilə rəsmən Fələstini ayaqlayıb, öz sırasına aldığı BƏƏ ilə birliyi körfəzdə Türkiyəyə qarşı blok yaratmaq cəhdidir. Tramp elan etdiyi “Abraham Accord” anlaşmasının ilk öncə İsrail və BƏƏ-nin ikili münasibətlərinin normallaşdırılması üçün vacib olduğunu bildirdi. Əvvəlcə İsrailin Qəbri Şəriədə ilhaq planlarının dayandırılacağı bəyan edilsə də, Netanyahu “ABŞ prezidenti Tramp Qərbi Şəriənin ilhaq planının müvəqqəti olaraq təxirə salınmasını istədi, mən də qəbul etdim”, – dedi. Yəni planın bəzi bölgələri bir müddət üçün təxirə salınıb, tamam ləğv edilməyib. Netanyahu ilhaq planının ABŞ ilə tam koordinasiya olunmuş şəkildə davam edəcəyinə vurğulayaraq, “ilhaq planında hər hansı bir dəyişiklik yoxdur”, – deyə münasibət bildirdi.

Aydındır ki, ABŞ Ağ Dənizdə enerji ehtiyatlarını İsrailin sərəncamına vermək və bölgə rezervlərinin məhz İsrailin nəzarətində Avropaya tədarükü üçün körfəz ölkələrinin “ipini” Tel-Əvivin sərəncamına verir. Bölgədəki vəziyyətdən yararlanmaq istəyən ölkələrdən biri olan Misir, Yaxın Şərq, Afrika və Avropa arasındakı enerji ticarətində həyati nöqtə halına gəlməyə çalışır. Ölkə İduku ilə Damiettada iki böyük miqyasda təbii qaz ixracat terminalina sahibdir. Terminalların sahibi olan Royal Dutch Shell, onları, bu tür terminalları olmayan qonşu ölkələrdə istehsal olunan təbii qazı yenidən ixrac etmək üçün istifadə etməyi planlaşdırır. Bu, Misirin İsrail və İordaniya ilə iqtisadi bağları qüvvətləndirəcək və onu Avropanın çox önəmli ortağı edəcək.

Şimali Afrikanı da əhatə edən Şərqi Ağ Dəniz, bütün imperialist və bölgəsəl güclərin bölgənin sərvətini, təbii ehtiyatlarını və tranzit istiqamətlərinə nəzarət etmək məqsədi ilə öz qarətçi hədəflərinin ardınca düşməsi səbəbindən genişlənən mübarizənin hədəf nöqtəsi halına gəlib.

Dediyimiz kimi, Ağ Dənizdəki “isinmə”nin səbəbi enerji mənbələrinin bölüşdürülməsi ilə yanaşı, Çinin “Bir Kəmər Bir Yol” layihəsinin dəniz yolunun Ağ Dənizdən keçəcək olmasıdır. Bu səbəbdən güc təmsil edən ölkələr dənizə toplaşdılar. Sonrakı mərhələdə isə, neft erası bitəndən sonra Türkiyədə yeni dövrün yanacağı hesab olunan bor və torium yataqlarının olmasıdır. Bu iki elementlə zənginliyi baxımından Türkiyə gələcəkdə “enerji nəhəngi” halına gələcək və “iqtisadi uçuşa” kecəcək. Türkiyəni mühasirəyə almanın əsas səbəbi buna imkan verməməkdir.

Ülviyyə ŞÜKÜROVA