Türkiyə əsgərləri Qarabağda yerləşdiriləcək, yoxsa…?

621

Zahid Oruc: “Türkiyə hərbi qüvvələrinin Şuşada, Xocavənddə, Ağdamda və digər ərazilərdə yerəşməsi üçün Azərbaycan dövləti müvafiq qərarlar verəcək”

Natiq Cəfərli: “Hazırda Türkiyə-Rusiya danışıqları məhz birgə monitorinq mərkəzinin formatı haqqında razılaşmalardan ibarətdir”

Elxan Şahinoğlu: “Hər şeyin necə olacağını bilmək üçün dekabrın 1-ni gözləmək lazımdır”

Ermənistan 44 günlük böyük vətən müharibəsi nəticəsində məğlubiyyətini qəbul edərək atəşkəsə razı oldu. Bu, Ermənistanın həm müharibə meydanında, həm də siyasi və diplomatik baxımdan məğlubiyyətinin ən böyük göstəricisidir. Artıq noyabrın 10-da Azərbaycan, Ermənistan və Rusiya liderləri arasında Dağlıq Qarabağda sentyabrın 27-də başlamış döyüşlərin dayandırılması ilə bağlı razılaşma əldə edilib. Düzdür, hazırda Rusiya qoşunları Qarabağa yerləşdirilib. Lakin Rusiyanın indiyə qədərki tarixi imici onun qoşunları barədə sülhməramlı deməyə təəssüf ki, imkan vermir.

Qaçqınlarımız təkcə Ordumuz tərəfindən işğaldan azad olunan yerlərə deyil, eyni zamanda hazırda Ermənistanın nəzarəti altında olan Xankəndi, Xocalı, Xocavənd və Əsgəranda öz evlərinə qaytarılmalıdır.

Bəs, bu ərazilər niyə Azərbaycana qaytarılmır və yaxud da Türkiyə əsgərləri niyə bu ərazilərə yerləşdirilmir?

Milli Məclisin İnsan Hüquqları Komitəsinin sədri, deputat Zahid Oruc “Hürriyyət”ə açıqlamasında bildirdi ki, Türkiyənin bölgədə hərbi iştirakı üçüncü və dördüncü dövlətlərin müxtəlif sseanarilərlə sızmasının da qarşısını almış olacaq: “Şübhəsiz ki, bu, 10 noyabr razılaşmasının nəticəsi olaraq həyata keçiriləcəkdir. Çünki bəyannamədə olan 5-ci maddə qarşıdakı dövrdə, həmin razılaşmanın gerçəkliyə çevrilməsi  üçün vacib təminatlar sırasındadır. Bu, ayrı cür də ola bilməz. Həqiqətən də yalnız hərbi əməliyyatlar vasitəsilə məsələni həll etmək lazım gəlsə, bu sonsuzluğa qədər hər bir vətəndaşın özünə düşmən saydığı tərəfə qarşı savaşı kimi illərlə davam edə bilər. Ancaq bu əməliyyatlar müəyyən bir nöqtədə dayanıbsa, ondan sonrakı mərhələdə bizim “təslimçilik aktı” adlandırdığımız sənədin işləməsi üçün mütləq qarşı tərəfə əlavə təminatlar gərəkdir. Söhbət bəyanatın önəmli hissəsi olan Rusiya və Türkiyə hərbi qüvvələrinin birgə yer alacağı “sülhməramlı mərkəz” adıyla təsis ediləcək qurumun fəaliyyəndən gedir. Düşünürəm ki, Rusiya tərəfi xarici siyasətində ilk dövrlərdə fərqli yanaşmalarla izah etmələrinə baxmayaraq, hər iki dövlətin müdafiə nazirləri arasında geniş heyətdə danışıqlar prosesinin müəyyən anlayış müstəvisinə gəlməsinə imkan yaratdı. O cümlədən, Rusiya prezidentinin sonuncu müsahibəsində dediyi fikirlər əslində Azərbaycanın müstəsana səlahiyyətlərə malik olduğundan xəbər verdi. Burdan da çıxış edərək demək olar ki, sülhyaradıcı heyət arasında xüsusi konflikt zonası olmayacaq. Çünki Türkiyə regional faktordur. Ötən on illər ərzində Azərbaycan prezidenti İlham Əliyevin və Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın sayəsində uzun bir inkişaf yolu keçmişik. Biz 2009-2010-ci illərdə strateji tərəfdaşlıq şurasının yaradılmasına nail olmuşuq. Əsas niyyət regionda təhlükəsizlik və hərbi əməkdaşlığı yüksək bir səviyyəyə çatdırmaqdır. Orda yer alan müddəalardan biri də iki ölkənin ərazi bütövlüyünə qəsdlər baş verdiyi zaman, biri digərinə hərbi yaradım edəcək səviyyədə yardımlar edə bilməkdən ibarətdir. Bu səbəbdən, Türkiyə hərbi qüvvələrinin Şuşada, Xocavənddə, Ağdamda və digər ərazilərdə yerəşməsi üçün Azərbaycan dövləti müvafiq qərarlar verəcək. Bu istiqamətdə işlər uğurlu şəkildə gerçəkləşdiriləcəkdir.

Digər tərəfdən, birgə mərkəzin əsas yerləşmə yeri, həmçinin onların arsenalında olacaq hər hansısa hava müşahidə sistemləri, o cümlədən digər texnoloji avadanlıqlar müvafiq qanunvericilik addımlarıyla atıla bilər. Hökümət tərəfindən bununla bağlı qərarlar verilə bilər. Yəni bu fəaliyyətin həyata keçirilməsi üçün mütləq hüquqi mexanizmlər olmalıdır. Bu, müstəsna olaraq, Azərbaycanın suveren hüquqları çərçivəsində reallaşdırıla bilər. Bu baxımdan, Türkiyə ordu birləşmələrinin  müəyyən bir kontingentinin Azərbaycanda varlığı hərbi-siyasi balansın təminatına kömək edəcəkdir. Eyni zamanda, digər müxtəlif xarici dairələrin bölgəyə müdaxiləsinin qarşısını alacaqdır.

Gördüyünüz kimi, Fransa senatının təmin etdiyi məlum qətnamənin müddəalarından biri də beynəlmiəl tərkibli qüvvələrin bölgəyə yerləşdirilməsidir. Başqa sözlə desək, bunu Rusiya və Türkiyənin razılaşmalarına qarşı “səlib yürüşü“ də adalandırmaq olar. Əslində, qətnamənin strateji hədəfi Ermənistanın ələ alınması və yaxud Qarabağ kartının təkrar ələ alnımasıyla bağlı deyil… Eyni zamanda burda əsas niyyət bölgədə hərbi təmsilçilik niyyətidir. Bilirsiniz ki, Fransanın hərbi qüvvələri Liviyada, Suriyada müəyyən əməliyyatları həyata keçirdib. Bundan əlavə, Egey dənizi ətrafında, yaxud Yunanıtsan-Türkiyə arasında yerləşən sularda gərginlik yaşanan zaman da Fransanın hərbi gəmiləri və məhdud sayda qüvvələri prsoselərdə iştirak edib. Əminəm ki, Türkiyənin bölgədə hərbi iştirakı üçüncü və dördüncü dövlətlərin müxtəlif sseanarilərlə sızmasının da qarşısını almış olacqdır.

Yazılarımdan birində qeyd etmişdim ki, Şuşada türk əsgərlərinin və zabitinin varlığı Ermənistandan başqa heç kimi narahat etmir.  Çünki onlar Türkiyə-Ermənistan sərhədində türk hərbiçilərini görürürlər. Ermənilər bunu siyasi və informativ məkanda Türkiyənin onlara qarşı “savaşı” kimi təqdim edir. Ermənilərin daxilində bir nəfər rasional düşünə bilən erməni tapılmışdı. Bildirmişdi ki, biz Türkiyəylə həqiqətən də savaşda olsaydıq, Türkiyənin 650 minlik ordusuyla savaşmağa maksimum bir saat vaxt gedərdi”.

“Respublikaçı Alternativ” (REAL) partiyasının icra katibi, politoloq  Natiq Cəfərli açıqlamasında, Türkiyə ilə Azərbaycan arasında yeni hərbi sazişin vacibliyini bildirib. O, eyni zamanda Azərbaycanda Türkiyəylə birgə hərbi tədris mərkəzləri yaradılmasının da önəmini vurğulayıb: “Bu, çox güman ki, Türkiyə və Rusiya arasında ciddi müzakirə mövzusudur. Rusiya tərəfi 10 noyabrda imzalanan ikitərəfli bəyannamədə açıq şəkildə türk ordusunun iştirak etməməsini israr edib. Çünki Ermənistan tərəfinin türklərə qarşı ciddi tarixi kompleksləri var. Harda türk adı keçirsə, ciddi kompleksə düşürlər və müqavilənin o şərtlər çərçivəsində imzalanması, dəqiqliklə göstərilməsi Ermənistan tərəfindən ciddi narazılığa səbəb ola bilərdi. Açıq desək, bu heç Rusiyanın da ürəyincə deyil. Rusiya istəmir ki, Türkiyə Cənubi Qafqazda güclənsin və söz sahibi olaraq, daha da nüfuzunu artırsın. Ona görə də Türkiyə müqavilədə yer almayıb deyə, ayrıca monitorinq mərkəzi kimi müddəa yaradılıb. Hazırda Türkiyə-Rusiya danışıqları məhz birgə monitorinq mərkəzinin formatı haqqında razılaşmalardan ibarətdir. Burda Türkiyə və Azərbaycan da eyni mövqeydən çıxış edir. Xatırlayırsınızsa, Türkiyə prezidenti çıxışında bildirmişdi ki, bütün məsələlərin kökündən həll olunması üçün artıq yeni bir format olan dördtərəfli formatda – Rusiya, Ermənistan, Azərbaycan və Türkiyə formatına ehtiyac yaranıb. Hələ ki, bu formata nə Rusiya, nə də Ermənistan çox da isti baxmayıb. Çox güman ki, Monitorinq Mərkəzi yaradılandan sonra, Azərbaycan tərəfi müstəqil və suveren dövlət kimi Türkiyə ilə ayrıca hərbi saziş bağlayacaq. Bu müqavilədən kənar, ayrıca hərbi saziş kimi imzalanmalıdır. Düzdür, 2011-ci ildə Türkiyə və Azərbaycan arasında hərbi saziş imzalanıb,  amma bu sazişdən də daha üstün olanı imzalanmalıdır. Bu təklifi biz dəfələrlə etmişik. Eyni zamanda, Azərbaycanda Türkiyəylə birgə hərbi tədris mərkəzləri yaradılmalıdır. Bunun faydası çox olacaq. Hərbi tədris mərkəzləri yaradıldıqdan sonra, Azərbaycan həmin müqavilələr çərçivəsində, əzəli torpaqlarımız olan Qarabağ ərazisində də birgə hərbi təlim mərkəzləri yaradılmasıyla bağlı qərar verə bilər”.

“Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri politoloq Elxan Şahinoğlu bildirdi ki, Rusiya və Türkiyə arasında bəzi şifahi razılaşmalar ola bilər. Politoloq hər şeyin necə olacağını bilmək üçün dekabrın 1-ni gözləməyin vacib olduğunu güman edir: “Rusiya Xankəndinin özüylə bağlı müəyyən problemlər yarada bilər. Amma Rusiya ilə birgə patrul xidmətlər də tətbiq olunacaq. Məncə, bu istiqamətdə problem olmayacaq. Rusiya prezidenti özü də çıxışında bildirdi ki, Azərbaycan və Türkiyə müstəqil qərar verirlər. Eyni zamanda, bildirib ki, Azərbaycan müttəfiqlərinin seçimində sərbəstdir. Bu bir daha ondan xəbər verir ki, Azərbaycan Türkiyə ilə istənilən istiqamətdə addımlar ata bilər. Sadəcə, insanlarda  bir az narahatlıq var ki, bu məsələ niyə bu qədər ləngiyir. Böyük ehtimalla, dekabrın 1-də Laçın da boşaldılandan sonra, artıq dislokasiya yerləri müəyyənləşdiriləcək. Əslində, erməni əhalisinin hansı reaksiya göstərməyi bizi maraqlandırmamalıdır. Ermənilər qorxurlar ki, türklərin adətləriylə yaşayacaq. Onların düşüncələrinə görə, bu, gələcəkdə böyük problemlər yarada bilər. Onlar bizim torpaqları işğal altında saxlamağa öyrəşmişdilər. Eyni zamanda, Ermənistanla da birbaşa sərhədləri yaranmışdı. Hazırda isə, Ermənistanla birbaşa sərhədləri yoxdur. Kəlbəcər, Laçın azad olunandan sonra sərhədlərə Azərbaycan nəzarət edəcək. Eyni zamanda, artıq İranla sərhədi də nəzarətə götürmüşük. Rusiya və Türkiyə arasında bəzi şifahi razılaşmalar da var. Lakin bundan bizim xəbərimiz olmaya bilər. Yenə də deyirəm ki, hər şeyin necə olacağını bilmək üçün dekabrın 1-ni gözləmək lazımdır”.

YƏHYA