TÜRK

24

Millətimizin öz adıyla çağırılmamasının səbəbləri…

İnternetdə bir erməni bizi yeni – gənc millət adlandırdı. Doğrudan da “azərbaycanlı” adlanmağımızın yaşı yüz ili bir az keçib. Ona qədər min illər ərzində bizi midiyalı, atropatenalı, alban, qızılbaş, tatar adlandırmışlar. Və nəhayət özümüz-özümüzü isə türk, ən çox isə müsəlman hesab etmişik. “Türk” sözünü və adını ən çox xalq məsəllərində, xalq dilində işlətmişik  (türkün məsəli, türkün sözü, türkəçarə və s.). Elə-belə isə xalq hər yerdə özünü müsəlman kimi nəzərdə tutmuş və hesab etmişdir. Hətta 1905-ci ildə belə, ermənilərlə qırğın-qiyaməti biz erməni-müsəlman savaşı adlandırmışıq. Bu mənada, əlbəttə erməni yaramazı haqlıdır.

Doğrudur, orta əsrlərdə “Adurbadakan,” adlanan ölkəmiz ərəb işğalından sonra, ərəblərin ləhcəsində “Azərbaycan” sözü meydana gəlmişdir. Mərhum böyük tarixçi Ziya Bünyadovun tapıb aşkar etdiyi kimi, ərəb xəlifəsi Müaviyyə ölkəmizi işğal edən sərkərdədən soruşub ki, sən Allah, de görüm bu Azərbaycan necə ölkədir və orada kimlər yaşayır?  Sərkərdə cavab verimişdi ki,  ya xəlifə, ora türklər ölkəsidir, hələ qədimlərdən bəri orada türklər yaşayır.

Əgər bu fakt həqiqəti əks etdirirsə, maraqlı bir sual meydana çıxır: məlumdur ki, türk adı Orxon-Yenisey, yəni Göytürklərin adıyla meydana gəlmişdir. Bəs onda necə olub ki, VII əsrdə Orxon-Yenisey türklərinin təzəcə meydana çıxdığı dövrdə biz necə türk olmuşuq? Özü də hələ qədimlərdən? Bu çox maraqlı faktdır və öz tədqiqatçısını gözləyir.

Bütün bunlar öz yerində. Əvvələn qeyd edək ki, bəli, millət və hətta xalq anlamında erməni göründüyü kimi haqlıdır. Xalqımız o qədər milli şüur və milli təfəkkürsüzdür ki, hətta bu gün də bizdə bütün təbəqələrdə yerliçilik şüuru hakimdir. İstər sıravi adam olsun, istərsə də ən yüksək vəzifəli bir məmur. Bu hamıya məlum və açıq-aşkardır. Məsələn, hələ sovet dövründə mərhum Heydər Əliyev hakimiyyətdə ikən harda bir az-çox səviyyəli naxçıvanlı gözə dəyirdisə, dərhal yüksək vəzifəyə təyin olunurdu. Məsələn, Əkrəm Əylisli başqalarından heç nə ilə fərqlənməsə də “Azərbaycan” jurnalının baş redaktoru, Yazıçılar İttifaqının katibi və “Yazıçı” nəşriyyatının direktoru təyin olunmuşdu. Halbuki bu sahələrin heç birində onun bir səriştəsi yox idi. Yazıçı kimi də orta səviyyəli bir məişət təsvirçisi  idi. O dövrdə və elə sonralar da onlarla bu cür misal çəkmək olar. Məsələn, Həsən Abdullayev Elmlər Akademiyasının prezidenti və mərhum İsa Məmmədovun Lənkəran rayon partiya komitəsinin birinci katibi təyin olunması kimi və s. və i.a.

Bütün bunlar nəyin nəticəsidir və hansı milli-psixoloji düşüncənin məhsuludur? Və bütün bunların nəticəsidir ki, əsrlər boyu xalqın adı da olmayıb. Talışların sayları az olsa da öz adı var, eləcə də ləzgilərin, avarların, kürdlərin, tatların və s. Və çox qəribədir ki, onlar başqalarının içində bir-birlərini görür, tanıyır və əlbir hərəkət edirlər, azərbaycanlılarda (Azərbaycan türklərində – red.) isə bu yoxdur. Bu gün belə, gecə-gündüz təbliğat nəticəsində buna nail olmaq heç cür mümkün olmur. Onlar dünyanın heç yerində cəmləşib, əlbir olub təşkilat və strukturlar yarada bilmir. “Dünya Azərbaycanlıları konqresi” isə çox gülməli və mənasız bir faktdan başqa heç nə deyil.

Məsələ ondadır ki, yuxarıda qeyd olunduğu kimi, biz əslən türkük. Osmanlılara türk adını əsasən avropalılar bəxş etdilər. Atatürk isə rəy sorğusu keçirib ölkənin Anadolu və ya Türkiyə adlanmasını xalqın ixtiyarına buraxdı. Xalq da üstünlüyü  “Türkiyə” adına verdi. Doğrudur, Orta Asiyanın bir çox xalqları da türk hesab olunur. Çünki türk həmin ölkədə yaşayan xalqların ümumi etnik adı sayılır. Rəsmi şəkildə isə onlar qazax, özbək, türkmən qırğız və s. Göründüyü kimi bir çox, hətta onlarla xalq türk hesab edilsə də, hərəsinin öz konkret adı var. Bizim adımız isə ölkə, ərazi adından götürülüb “azərbaycanlı” şəklində müəyyən olunumuşdur.

Bəs niyə bizi ruslar “tatar” adlandırıblar, o da aydındır. Çünki ilk dəfə bizlə rastlaşanda dilimizin onlara yaxşı tanış olan tatar dilinə çox oxşadığını gördüklərinə görə belə adlandırıblar.

Bizi rüsvay edən bir fakt da ondan ibarətdir ki, bu sahədə bədnam Nizamidən tutmuş, Xaqani, Məhsəti və  Təbrizilərdən, Şirvanilərdən, Bakuvilərdən başlayaraq Həsənoğlu (cəmi 2 şeiri qalıb), Nəsimi, Xətai və Füzuliyə qədər hamısı öz dillərini qoyub öz dilində – fars dilində yazıb-yaradıblar. Özü də onlara nifrət edən, onları nəinki millət hesab etməyən, hətta heç nə sayan və addımbaşı təhqir edən farsların dilində. Bu ənənə, bu xəstəlik və morazm o qədər güclü olub ki, hətta XX əsrdə belə özünü göstərməkdə davam edib. Belə ki, salyanlı Əlibəy Hüseynzadə də 3 dilin qarışığından ibarət bir dildə yazıb-yaradıb. Təsadüfi deyil ki, onun əsərləri bu gün dilimizə tərcümə olunaraq nəşr edilir.

Azər Turan adlı bir salyanlı da yerliçilik xəstəliyinə tutulub, həmin Əlibəy Hüseynzadə haqqında çox  bahalı, kağızda tamamilə yüksək epitetlərlə dolu  bir salnamə çap etdirib. Halbuki həmin kağızı, həmin tərtibatı məsələn, Sabir, Mirzə Cəlil və ya Cəfər Cabbarlıya həsr etsəydi daha çox faydası olardı.

Halbuki xalqımız öz mədəni irsi ilə şişirtmədən deyərdim ki, bəlkə də dünyada yeganə böyük xalqdır. Bizim qədər heç bir xalqın dastanları yoxdur. Hələ avropa xalqlarının belə hərəsinin bir dastanı varsa, bizdə onların sayı onlarladır. Hamısı da əsasən qəhrəmanlıq və məhəbbəti tərənnüm edir. Eləcə də heç xalqın yarada bilmədiyi qədər nağıllarımız var. Atalar sözlərimizin isə ümumiyyətlə dünyada bərabəri yoxdur.  Bütün bu sərvətləri yığsan, azı 100 cild təşkil edər. Hələ musiqi xəzinəmiz… Əgər bütün xalqların musiqi sərvətini yığsan, bizimki onların hamısından gözəl və dərindir. Burada zərrə qədər şişirtmə yoxdur. “Çahargah”ı, “Bayatı-Şiraz”ı və sə. Yüzlərlə rəngləri, diringələri, təsnifləri hansı xalq yaratsaydı, bu gün mədəniyyət göylərində tüğyan edərdi.  Bu aksiomdur, göz qabağında olan faktdır. Üzeyir bəyin yaradıcılığı səviyyəsinə yalnız Motsart və ya Bethoveni bərabər hesab etmək olar. Əslində isə melodik rəngarəngliyinə  və gözəlliyinə görə bu dahilər dahisinin yaratdıqları Motsart və Bethoveni kölgədə qoyur. Ona görə onun adı bu şəxslər qədər, əsərləri bu şəxslərin əsərləri qədər populyar deyil ki, xalqı xaraktercə millət deyil və milli şüuru sıfıra bərabərdir. Ucdantutma bütün ziyalılarımızı yalnız bir şey düşündürür: qazanc və vəzifə əldə etmək. Bundan başqa beyinlərində heç nə yoxdur. Bilirsizmi, cənab Anar Azər Turanı gətirib niyə dağ başına qoyub, çünki onun atası primitiv tənqidçi İmamverdi Əbilov Rəsul Rzanın və onun yaradıcılığının yeganə tərənnümçüsü idi. Və Anar da ona borclu qalmadı. Bax, biz belə bir xalqıq.

Ona görə neçə min illik böyük tariximiz olsa da, yalnız XX yüzilliyin əvvəllərində özümüzə “azərbaycanlı” millət adını götürmüşük. Və nəticəsi də bu olub ki, açıq-aşkar erməni gəlib, aşıq-aşkar qədimdən azərbaycanlı adını daşıyan şəhərlərimizi işğal edə-edə Fransa və  Almaniya kimi hamısı erməniləri müdafiə edir və ATƏT-in Minsk qrupu isə  28  ildir ki, məsələni nə elə, nə də belə həll edərək  uzatmaqla nəinki Dağlıq Qarabağın Xocavənd, Ağdərə, Xocalı, Şuşa  rayonlarını, hətta Qubadlı, Zəngilan, Cəbrayıl, Ağdam Füzuli, Kəlbəcər və  Laçın kimi səfalı guşələrimizi də son nəticədə  ermənilərə peşkəş etmək istəyirdilər. Nə yaxşı ki, İlham Əliyev xalqımızın döyüş qabiliyyətini səfərbər edib, vətənimizin bütövlüyünə nail oldu. Çünki hər şey itirilsə, iki şeyi bərpa etmək çətindir: bir təmiz, şərəfli adı, bir də vətən torpağını.

 

Əlisa   NİCAT