Türk ordusu Qarabağda yerləşdiriləcək?

348

Rasim Musabəyov: “O sənəddə Türkiyə sülhməramlılarının Qarabağda yerləşdirilməsiylə bağlı bir cümlə də yoxdur”

Noyabrın 10-da Qarabağda hərbi əməliyyatların bitməsi və atəşkəs barədə Azərbaycan, Ermənistan və Rusiya liderlərinin imzaladığı birgə bəyanata bağlı cəmiyyətdə kifayət qədər suallar mövcuddur.  Görünən odur ki, artıq Rusiya tərəfi 10 noyabr anlaşmasına uyğun olmayan addımlar atır.

Mövzuyla bağlı deputat Rasim Musabəyovun fikirlərini öyrəndik. O, “Hürriyyət”ə açıqlamasında məlum sənəddə Türkiyə sülhməramlılarının Qarabağda yerləşdirilməsiylə bağlı bir cümlə də olmadığını dedi:

“Türkiyə sülhməramlılarının Qarabağda yerləşdirilməsiylə bağlı o sənəddə bir cümlə belə yoxdur. Sadəcə olaraq, Prezident o sənədi imzalayan zaman bildirib ki, 5-ci bənddə göstərilən monitorinq mərkəzində Türkiyə də iştirak edəcək. Bunu heç kim bizə qadağan edə bilməz. Azərbaycan Tükiyəylə birlikdə bunu həyata keçirəcək. Hazırda bununla bağlı Türkiyə parlamentində də Ərdoğanın müraciətinə müsbət cavab verilir”.

Rusiya Müdafiə Nazirliyinin yaydığı qalmaqallı xəritəylə bağlı sualımızı isə deputat sərt cavablandırdı: “Əşi, kimsə, hardasa xəritə yayırsa, bu nəyisə pozmaq demək deyil.  Rusiya götürüb xəritədə yaysa ki, gəlib Bakıda post yaradacaq, sən buna inanacaqsan? Kimsə internetdə hansısa bir şəkil görüb, bununla bağlı hay-küy qaldırmağı tamamilə mənasız sayıram. Hər halda millət vəkilinin bu məsələlərə cavab verməsinə lüzum görmürəm”.

YƏHYA