“Türkə qarşı ümumi düşmənçilik PKK-erməni birliyinə gətirib”

132

Məhəmməd Əsədullazadə: “İngiltərənin “Kraliça” adlı hərbi gəmisi Aralıq dənizində türk donanması ilə hərbi təlimlər keçirdi və bu, Avropaya mesajdır”

“Ukrayna Şərqi Avropa, Cənubi Qafqaz və Aralıq dənizi istiqamətində Rusiyanın mövqeyini zəiflətməyə çalışır”

Bugünlərdə ölkədə Türkiyə-Azərbaycan birliyinin güclənməsi prosesi gedərkən “5-ci kalon” deyilən şəbəkənin aktivləşməsi müşahidə olunur. Beynəlxalq gündəmdə isə Aralıq dənizi məsələsi aktivdir. Bu və digər önəmli məsələlərə politoloq Məhəmməd Əsədullazadə ilə aydınlıq gətirdik.

(Əvvəli ötən sayımızda)

– Rusiyada Krımı da əhatə edən yeni dövlət proyekti – Xazariya barədə məlumatlar var. Bu reallaşa bilərmi?

– Söhbət ikinci İsrail dövlətindən gedir. Ukraynada yaşayan xeyli sayda yəhudilər var. Rusiya Krımı anneksiya edib, Donbas, Luqansk istiqamətində separatçılar var. Burada ikinci yəhudi dövlətinin yaradılması proyektinə gəldikdə isə bu, Rusiyanın yeni provokasiyasıdır. Rusiya yaxşı bilir ki, Krım onların əlindən nə vaxtsa çıxacaq, bu Ukrayna ərazisidir. Həmin yəhudi dövləti məsələsini ortaya atmaqla bir növ bu əraziləri Ukraynaya güzəştə getməyəcəklərinin mesajını verirlər. Bu əraziləri Ukraynaya qaytarmağın qarşısını almaq üçün bu proyekti ortaya atıb və Ukraynada yaşayan yəhudilər diqqətli olmalıdırlar. Rusiyanın bu fitvasına gəlməməlidirlər…

– Deyə bilərik ki, Ukraynanın Azərbaycanı və Türkiyəni strateji tərəfdaş seçməsi bu proyektin, ümumiyyətlə Rusiyanın qarşısını almağa hesablanıb?

– Ötən həftə Ukraynanın Milli Təhlükəsizlik strategiyasında Azərbaycan və Türkiyə, həmçinin Baltikyanı ölkələr, Gürcüstan strateji tərəfdaş elan olundu. Bu onu göstərir ki, Ukrayna bunda maraqlıdır. Bu da Rusiyanın təzyiqlərini önləmək üçündür. Ukrayna bu arealda Şərqi Avropa, Cənubi Qafqaz, Aralıq dənizi istiqamətində Rusiyanın mövqeyini zəiflətməyə çalışır. Hesab edirəm ki, Azərbaycan da bunda maraqlı olmalıdır. Çünki Ukraynanın bu strateji mövqeyi 90-cı illərin əvvəllərində elə Azərbaycanın da siyasəti idi ki, belə bir ittifaq qurulsun, Rusiyanın təzyiqlərinin qarşısı alınsın. Bu proyekt artıq dəyişən geosiyasi nizam formatında lazımdır. Ankara da, Bakı da buna dəstək verməlidir. Qara dəniz əməkdaşlıq təşkilatı, GUAM var idi. Görünür, onlar işlək olmadı. Amma GUAM-ı işlətmək lazımdır və hazırkı format daha güclüdür.

– Aralıq bölgəsində baş verən hadisələr sahil ölkələri üçün nələr vəd edir və hansı finalla nəticələnəcək? Türkiyənin bir vaxtlar Yunanıstana verilmiş adaları hüquqi müstəvidə geri alması reallaşa bilər?

– Aralıq dənizində baş verənlər geosiyasi nizam formalaşmasını ehtiva edir və hazırda Türkiyə ilə Yunanıstan arasında danışıqlar keçirilir. Baxmayaraq ki, hərbi müstəvidə canlanma var. Yunanıstan həmin adalara hərbçilərini yerləşdirib. Amma danışıqlar məsələsinə gəldikdə Türkiyə böyük həddə Aralıq dənizi sahil xəttinə malikdir və haqlı tərəfdir. O adalar Türkiyəyə verilməlidir. Amma o vaxt Türkiyənin zəifliyindən istifadə edib bu adaları Yunanıstana güzəştə gedib. Danışıqlar yolu ilə bu adalar geri qaytarıla bilməz. Türkiyə bu adaları hüquqi cəhətdən hərbi yolla qaytara bilər. İndi Fransa Türkiyəyə qarşı koalisiya formalaşdırır. Sentyabrın 24-25-də keçiriləcək Avropa İttifaqının iclasında Türkiyəyə sanksiyaların tətbiq edilməsi müzakirə olunur. Amma Makronun 7 Avropa ölkəsini bir araya gətirdiyi Korsika görüşündən nəticə ala bilmədi. Türkiyənin mövqeyindən geri çəkilməsi mümkün deyil, Avropa İttifaqı və Yunanıstan öz mövqeyindən geri çəkilə bilər. Bir məsələni qeyd edim. ABŞ və İngiltərənin Türkiyə ilə çox ciddi əməkdaşlığı var. İngiltərənin çox böyük “Kraliça” adlı hərbi gəmisi artıq Aralıq dənizinin Türkiyə sularındadır və türk donanması ilə hərbi təlimlər keçirdi. Bu Avropaya mesajdır. İngiltərə ilə Türkiyə danışıqlar aparır. Bildiyimiz kimi, İngiltərə Breksit ilə Avropa İttifaqından çıxdı. Beynəlxalq müstəvidə özünün ayrı mövqeyini ortaya qoyur. ABŞ da, Avropa da İngiltərənin Aralıq dənizində möhkəmlənməsində maraqlı deyil. İtaliyanın da Türkiyəyə pərdəarxası dəstəyi var. İtaliyanın və İngiltərənin Türkiyəyə dəstək verməsi, ABŞ-ın da Yunanıstana gah dəstək verməsi, gah bu dəstəyin səngiməsi onu göstərir ki, sular durulmayıb. Amma qeyd etdiyim kimi, Yunanıstan geri çəkiləcək. Güclü dövlətçilik ənənələrinə malik olan İngiltərə ABŞ ilə danışıqlar aparıb Türkiyənin mövqeyini gücləndirəcək. Çünki Yunanıstan qeyri-ciddi tərəfdaş ölkədir, Rusiya ilə müəyyən əlaqələri var. Buna görə ona güvənilmir. Çalışırlar ki, Türkiyənin mövqeyini zəiflətsinlər, amma çox yanılırlar. Ərdoğanın apardığı siyasi kurs geri dönülməzdir. Bundan sonra da AKP-nin iqtidarda olması qaçılmaz olacaq.

– Məhəmməd bəy, Sərracın istefası halında Türkiyə Liviyadakı mövqelərini qoruyub saxlaya biləcəkmi?

– Liviyada türk silahlı qüvvələri çox böyük qələbə qazanıb və Fransanın planını alt-üst edib. Haftarın yenidən güclənməsi mümkün deyil. Misir də deyirdi qoşun yığmışam girəcəm Liviyaya. Hanı o qoşunu? Türkiyə prinsipial şəkildə Liviyadadır və Sərracın istefası halında da orada qalacaq. Beqazidə istefalar var. Misir, Fransa, Almaniya da Haftara o qədər dəstək vermirlər. Bilirlər ki, Türkiyənin arxasında İngiltərə var. Nə qədər silah göndərsələr də məğlub olacaq. Fransa və Almaniyanın maliyyəsi boş yerə xərclənəcək. Artıq Rusiya da reallıqla barışıb. İlk gündən Rusiya muzdlu “Vaqner”çiləri göndərdi və məğlub oldu. İkinci mərhələdə Suriyadan Haftara silahlar göndərdi. Yenə məğlub oldu. Üçüncü dəfə yenə Rusiya Haftara müdaxilə etsə, Türkiyə Benqazini götürəcək. Trükiyə istəyir ki, bu məsələni dialoqla həll etsin. Amma Fransanın Türkiyəyə qarşı əks həmlələri davam edir. Makron çalışır ki, Türkiyəyə Liviyada başağrısı yaratsın. Amma bacarmayacaq, çünki Liviya xalqı da Türkiyəni istəyir. Türkiyə bu regionda hələ Osmanlı zamanından var. Təhlükəsizlik qarantı olub, ölkəyə investisiya qoyub. Tripolidə stabillik əldə olunub. Qərb gələndə anarxiya gətirir. İndi-indi türklərin gəlişi ilə stabillik əldə olunur.

– Yəni həm Suriyada, həm Liviyada işlər Türkiyənin qələbəsi ilə yekunlaşacaq, deyə bilərik?

– Tam belə deməzdim, amma maraqlı dövlətlərlə əməkdaşlıqla Türkiyə öz mənafelərini təmin edəcək. ABŞ belə, Əfqanıstanda qalib olmadı.

– Amma ABŞ-ın region ilə elə güclü bağları yoxdur, Türkiyənin isə region ilə tarixi bağları güclüdür.

– Əlbəttə, ABŞ-ı regionla geostrateji siyasəti, maraqları bağlayır. Amma Yaxın Şərqdə ABŞ, Fransa, Rusiyanın güclənməsi Türkiyənin təhlükəsizliyinə təhdiddir. Buna görə də Türkiyə bu coğrafiyada öz maraqlarını təmin edir ki, daxili stabilliyini qoruya bilsin.

– Məhəmməd bəy, bildiyimiz kimi, Şimali İraqdakı kürd muxtariyyəti deyilən qurumun rəhbəri Bərzani suryanı və erməni dillərini rəsmi dil elan edib. Bununla Türkiyənin qarşısına daha bir erməni faktoru qabardılmırmı?

– Bu qurum Türkiyə sayəsində iqtisadi cəhətdən ayaqdadır. İraq dövləti zəifdir, Türkiyə imkan versəydi bu qurum müstəqil olacaqdı. Bağdad heç bir şey edə bilməyəcəkdi. Türkiyənin bu ərazidə də biznesi var. Buranın nefti də Türkiyəni Ceyhan limanı vasitəsilə satılır. Belə bir qurumda erməni dilinin rəsmi dil səviyyəsinə qaldırılması rəsmi Türkiyə düşmənçiliyinin təzahürüdür. Qeyd edim ki, bu muxtar qurumun İrandan keçməklə Ermənistanla sıx iqtisadi əlaqəsi var. Qafan İrana yaxın olduğu üçün Şimali İraqdan Ermənistana neft daşınmaqdadır. Görünür, türkə qarşı ümumi düşmənçilik kürd-erməni birliyinə gətirib. Amma bunu deyəndə PKK nəzərdə tutulur. Burada millət nəzərdə tutulmur. Amma Türkiyə PKK-YPG-nı zərərsizləşdirir. Həmçinin, bu kontingentdə kürd adı altında ermənilər çoxluq təşkil edir. Bilirik ki, Suriyada da Ozanyan adlı şəxs YPG-yə dəstək üçün erməni dəstəsi yaradıb. Onların Qarabağa gəlişi də aktiv məsələdir. Ermənistan onlara lojistik dəstək verir. Son günlərdə bu terrorçuların Qarabağa axınını da görürük.

Söhbətləşdi: Ülviyyə ŞÜKÜROVA