TƏRTƏRDƏ BAŞ VERƏN BİR QƏTLİN TARİXÇƏSİ – Və yaxud qətldən xəbərsiz olan şəxsləri necə “qatilə” çevirdilər… – VİDEO

    6

    “Polis rəisi Rauf Məcidov göstəriş verdi ki, qardaşımın arvadını şöbəyə gətirsinlər. Gördüm ki, başqa çarə yoxdur, razılaşdım”

    “Tam sübuta yetirildi ki, mənim oğlum da, Səxavət Orucov da günahsızdır. O Səxavət də yetimdir, bundan əvvəl başqa bir işə görə kiçik məhkumluğu olub deyə, onu da şərlədilər. Oğlumdan da tələb edirdilər ki, onun üzünə dayansın. Oğlumla sinif yoldaşı olublar. Mənim balam belə Allahsızlığı necə eləsin?”

    “Polis şöbəsində işgəncə verəndə oğlum deyib ki, prezidentə şikayət göndərəcəm. Rauf Məcidov deyib ki, “burada prezidentin yox, mənim sözüm keçir”. Mən heç vaxt dövlətimdən incik düşməmişəm. Bu gün də dövlətimə arxalanıram. İstəyirəm ki, prezident, onun xanımı səsimi eşitsin. İki körpə bala atasız qalıb. Bilsəm ki, oğlumun günahı var, ona belə tərbiyə verdiyimə görə özüm də cəza çəkməyə hazıram…”

    2016-cı il sentyabrın 26-da Tərtərdə dəhşətli qətl hadisəsi törədilir. Polis şöbəsindən bildirilir ki, rayon sakini, 33 yaşlı Səxavət Musayevin üzərində çoxsaylı kəsilmiş-deşilmiş və sınıq xəsarətləri olan meyiti rayonun Şıxarx qəsəbəsi ərazisində tapılır.

    Hadisədən dərhal sonra rəsmi mənbələr açıqlama verir ki, S.Musayevi xüsusi amansızlıqla öldürən şəxslərin Ağdam rayon sakinləri Aqil Aslanov, Şaiq Həsənov və Səxavət Orucov olması müəyyən edilib və hər üç şəxs tutulub.

    2017-ci il fevralında 4-də isə məlum qətl hadisəsi ilə bağlı Respublika Baş Prokurorluğu və Daxili İşlər Nazirliyi birgə rəsmi açıqlama yayıb. Bildirilib ki, polis və prokurorluq orqanlarının əməkdaşları tərəfindən həyata keçirilmiş təxirəsalınmaz istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri nəticəsində keçmiş illərdən bağlı qalmış iki ağır cinayətin üstü açılıb: “Belə ki, ötən il sentyabrın 26-da Tərtər şəhər sakini, valyuta mübadiləsi ilə məşğul olan Səxavət Musayev 13 min manat pulla xəbərsiz itkin düşüb.

    Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən 4 gün sonra – sentyabrın 30-da Səxavət Musayevin üzərində zorakılıq əlamətləri olan meyiti rayonun Şıxarx kəndi ərazisində aşkar edilmiş və faktla bağlı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.

    Aparılmış intensiv istintaq-əməliyyat tədbirləri nəticəsində mərhumun Tərtər rayon sakinləri Səxavət Orucov, Şaiq Həsənov və Aqil Aslanov tərəfindən tamah niyyətilə döyülərək qətlə yetirilməsinə əsaslı şübhələr olduğundan Ş.Həsənov və A.Aslanov təqsirləndirilən şəxs qismində cəlb edilməklə onlara Cinayət Məcəlləsinin 120.2.1-ci (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən qəsdən adam öldürmə), 127.2.3-cü (ümumi təhlükəli üsulla və ya xuliqanlıq niyyəti ilə qəsdən sağlamlığa az ağır zərər vurma) maddələri ilə ittiham elan edilərək məhkəmənin qərarı ilə barələrində həbs qətimkan tədbiri seçilib. Cinayətin digər iştirakçısı, əvvəllər dəfələrlə məhkum olunmuş Səxavət Orucov isə istintaqdan yayındığına görə barəsində axtarış elan edilib və o, 2016-cı il dekabrın 27-də tutularaq istintaqa təhvil verilib”.

    Maraqlıdır ki, oktyabrın 12-də rayon polis şöbəsindən APA-ya verilən rəsmi açıqlamada (FOTO) qətl törətməkdə ittiham olunan hər 3 şəxsin həbs olunduğu bildirilsə də, Baş Prokurorluq və DİN-in bir neçə ay sonra yaydığı birgə məlumatda Səxavət Orucovun dekabrın 27-də tutulması xəbəri bəzi şübhələri ortaya çıxarır. Bu haqda hər hansı fikir söyləmədən, rəsmi açıqlamanın davamına diqqət edək:

    “Səxavət Orucovun qeyd olunan cinayətdən başqa, 19 fevral 2014-cü il tarixdə Tərtər rayon sakini Sənan Mirzəyevin yaşadığı evdə şəxsi münasibətlər zəminində özünə məxsus odlu silahdan atəş açaraq onu qətlə yetirməsinə əsaslı şübhələr müəyyən edilib. Bununla bağlı təxirəsalınmaz istintaq və əməliyyat-axtarış tədbirləri həyata keçirilib, maddi sübutlar götürülüb.

    Tərtər rayon prokurorluğunda başlanmış hər iki cinayət işi bir icraatda birləşdirilərək Səxavət Orucova Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə), 228.1-ci (qanunsuz olaraq odlu silah gəzdirmə) və 229.1-ci (qanunsuz olaraq odlu silah hazırlama) maddələrində nəzərdə tutulan ittiham elan olunmaqla barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib”.

    "Oğlum törətmədiyi cinayət hadisəsinə görə həbs olunub”

    Xatırladaq ki, “Hürriyyət”in ötən sayında məlum qətl hadisəsində ittiham olunanlardan biri – Şaiq Həsənovun anası Alimə Həsənovanın redaksiyasımıza müraciəti dərc olunub. Qəzetimiz vasitəsilə prezident İlham Əliyevə müraciət edən şikayətçi bildirir ki, oğlu Şaiq Həsənov Tərtər rayon polis şöbəsinə əsassız aparılıb və oğluna işgəncə verilərək, məlum ölüm işini üzərinə götürməyə məcbur ediblər. Buna rəğmən, Gəncə Ağır Çinayətlər Məhkəməsi Şaiq Həsənova bəraət verilmişdir. Çünki məlum qətl hadisəsi baş verən zaman Ş.Həsənovun tamamilə fərqli ərazidə olduğu müasir texnologiyanın köməyi ilə müəyyən olunmuşdur.

    Bununla belə, rayon prokurorluğu Apellyasiya Məhkəməsinə protest vermis, nəticədə Ş.Həsənov heç bir sübut olmadan Gəncə Apellyasiya Məhkəməsində 17 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. İşin gediş halları Ali Məhkəməyə kimi gedib çıxsa da, Şaiq Həsənov yenidən etmədiyi cinayətdə təqsirli bilinib. Həmçinin, qətldə ittiham olunan şəxslər – Aqil Aslanov 16, Səxavət Orucov isə 20 il müddətinə azadlıqdan məhrum edilib.

    “Sübut olundu ki, günahsızdır”

    Alimə Həsənova dünən “Hürriyyət”ə açıqlamsında isə xatırladıb ki, qətl olayı baş verən 26 sentyabr, 2016-cı il tarixində ölkədə Konstitusiyaya əlavə və dəyişikliklərlə əlaqədar referendum keçirilib. Həmin vaxt suvarma sistemləri idarəsində işləyən oğlu Şaiq bir neçə başqa iş yoldaşı kimi, seçki məntəqəsində müşahidəçi olub:

    “Oğluma bəraət verən Gəncə Ağır Cinayətlər Məhkəməsi o adamların hamısını bir-bir dindirdi, telefon anten dairələrilə bağlı araşdırma aparıldı. Orada 40-dan çox məhkəmə iclası oldu. Tam sübuta yetirildi ki, mənim oğlum da, Səxavət Orucov da günahsızdır. O Səxavət də yetimdir, bundan əvvəl başqa bir işə görə kiçik məhkumluğu olub deyə, onu da şərlədilər. Oğlumdan da tələb edirdilər ki, onun üzünə dayansın. Oğlumla sinif yoldaşı olublar. Mənim balam belə Allahsızlığı necə eləsin?”

    “Oğluma deyiblər ki, gözünün qabağında ana-bacının başına oyun açacağıq”

    Alimə Həsənova danışır ki, Tərtər Rayon Polis Şöbəsində oğluna ağır işgəncələr veriblər. Deyir, işgəncə nəticəsində Şaiqin daxili orqanları zədələnib, qan qusurmuş:

    “Görüblər ki, oğlum ölümcül vəziyyətdədir, şöbəyə təcili yardım çağırıblar. Bununla da ürəkləri soyumayıb, oğluma deyiblər ki, “indi ananı, bacını bura gətirib, gözünün qarşısında başına oyun açarıq, onda ağlın başına gələr”. Oğlum dözməyib, deyib ki, “mənim anam 40 ildən çoxdur müəllimlik edir, ona qarşı belə şey eləməyin, gətirin, nəyə istəyirsiz, qol çəkirəm”. Yoldaşım da bu dəhşətlərə dözmədi, iki ay sonra vəfat etdi…”

    Ana deyir ki, işgəncələr Tərtər Rayon Polis Şöbəsinin o vaxtkı rəisi Rauf Məcidovun birbaşa rəhbərliyi ilə olub. İşgəncələrdə polis şöbəsinin başqa əməkdaşlarıyla yanaşı, rayon prokuroru Azər Hətəmov, onun köməkçisi, müstəntiq Rəşid Bayramov da şahidlik edib.

    “Bu adamlar cinayəti ört-basdır eləməklə məşğul olublar”

    Qeyd edək ki, adları çəkilən şəxslər artıq Tərtərdə işləmirlər. “Meydan TV”-nin araşdırmasına əsasən, Rauf Məcidov Daxil İşlər Nazirliyinin Baş İctimai Təhlükəsizlik İdarəsinə şöbə rəisi vəzifəsinə gətirilib. Azər Hətəmov isə Tərtərdən Şəmkirə eyni vəzifəyə göndərilib.

    Alimə Həsənova deyir ki, Rəşid Bayramova da Baş Prokurorluqda vəzifə veriblər: “Halbuki, bu adamlar cinayəti açmaqla yox, əksinə, ört-basdır eləməklə məşğul olublar. Yetim-yesiri tutub basırlar içəri, görüntü yaradıblar ki, guya cinayətin üstünü açdılar. Belə çıxır ki, bizim kimi yazıqları əzənlər mükafatlandırılır? Polis şöbəsində işgəncə verəndə oğlum deyib ki, prezidentə şikayət göndərəcəm. Rauf Məcidov deyib ki, “burada prezidentin yox, mənim sözüm keçir”. Mən heç vaxt dövlətimdən incik düşməmişəm. Bu gün də dövlətimə arxalanıram. İstəyirəm ki, prezident, onun xanımı səsimi eşitsin. İki körpə bala atasız qalıb. Bilsəm ki, oğlumun günahı var, ona belə tərbiyə verdiyimə görə özüm də cəza çəkməyə hazıram. Amma günahı yoxdur axı. Bunu da hisslərə qapılıb demirəm, ortada sübutlar, faktlar var…”.

    “Dözə bilmədim, dedim ki, nə istəyirsiz, eləyirəm, açılmayan ölümü də boynuma qoydular”

    Zabil Qəhrəmanov

    Şaiq Həsənovun vəkili Zabil Qəhrəmanov isə bildirib ki, Şaiq Həsənov və Səxavət Orucovun işgəncəyə məruz qalması barədə deyilənlər sadəcə söz deyil, sənədlərlə də təsdiq olunur. Məsələn, onlar istintaq təcridxanasına gətiriləndə bədənlərində xəsarətlər olub. Təcridxanada onları müayinə edən həkim də rəydə xəsarətləri göstərib. Vəkilin sözlərinə görə, telefon anten dairələri haqda məlumatların çıxarışı da istər Şaiqin, istərsə də Səxavətin günahsız olduğunu göstərir. Vəkilin sözlərinə görə, hadisə ərəfəsində mərhumun təqsirləndirilən şəxslərdən yalnız Aqil Aslanovla eyni əhatə dairəsində olduğu sübuta yetirilib. Digər iki nəfər isə tamamilə başqa yerlərdə olub:

    “Cinayət işinin materiallarında bu adamların günahsız olduğunu təsdiqləyən onlarla başqa sübutlar var. Məsələn, iş materiallarından məlum olur ki, bir bıçağı Şaiq Həsənova təqdim ediblər, o da “tanıyıb ki, cinayətdə istifadə etdikləri bıçaqdır”. Sonradan o bıçaq məsələsi ssenariyə uyğun gəlməyib, maddi sübutlar sıyahısından çıxarılıb. Belə olan halda, sual yaranır, Şaiq özbaşına niyə tanımadığı, görmədiyi bıçaqdan danışmalıydı, deməliydi ki, həmin bıçaqdır? Deməli, bu adama təzyiq olunub və təzyiq altında da istənilən sənədə qol çəkdiriblər. Gəncə Ağır Cinayətlər Məhkəməsi bütün bu sübutları nəzərə alıb, onlara bəraət vermişdi. Çox təəssüf ki, Apellyasiya Məhkəməsi həmin sübutlara əhəmiyyət vermədi”.

    “Səxavətin dekabrın 27-də həbs olunduğu yazılsa da, əslində, onu ayın 21-də tutublar”

    Səxavət Orucovun vəkili Səadət Seyidli də müvəkkilinin təqsirsiz olmasına əmindir. Deyir ki, bunun cinayət işinin materiallarındakı sübutlara əsaslanır:

    “Cinayət işində videogörüntülər var, guya Səxavət Orucov hadisə yerində olanları təsvir edərkən çəkilib. Aşkar görünür ki, orada Səxavət diqtə ilə danışır, göstərir. Video bir neçə yerdə dayandırılır. Dayandırıb, növbəti təlimatı verirlər ki, o da təkrarlasın. Hətta videoda bu səs də düşüb ki, “indi nəyi deyim?” Videoda onun üzündə xəsarətlər açıq-aşkar döyünür. Bu da onun çəkilişdən bir müddət əvvəl döyülməsini təsdiqləyir”.

    Vəkil deyir ki, cinayət işinin materiallarında Səxavətin dekabrın 27-də həbs olunduğu yazılsa da, əslində, onu ayın 21-dən tutub, 6 gün qeyri-rəsmi saxlayıblar. Müdafiəçi bunun sübutu kimi, Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin rəsmi açıqlamasını da məhkəməyə təqdim edib. Nazirliyin dekabrın 22-də yaydığı açıqlamada Səxavət Orucovun tutulduğu göstərilib.

    Səxavət Orucov özü də məhkəmədə deyib ki, onu dekabrın 21-də tutub, Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə gətiriblər: “Ayın 27-nə qədər orada mənə zülm elədilər – dəfələrlə bədənimə “tok” verdilər. “Bita” ilə döyürdülər, başıma qalın papaq keçirib, ağır ayaqqabılarla əzirdilər”.

    “Biri ilə kifayətlənmədilər, açılmayan o biri ölüm işini də boynuma qoydular”

    Onun sözlərinə görə, dekabrın 25-də Tərtərin prokuroru Azər Hətəmov və müstəntiq Rəşid Bayramov da iradəyə gəlib. 2014-cü ildə baş vermiş Sənan Mirzəyevin qətli ilə bağlı cinayət işini də özləri ilə gətiriblər:

    “Hər iki ölüm işini boynuma götürməyi tələb edirdilər. Dözə bilmədim, dedim ki, nə istəyirsiz, eləyirəm. Biri ilə kifayətlənmədilər, açılmayan o biri ölüm işini də boynuma qoydular. Bundan sonra məni Tərtərə gətirdilər. Burada yenə dedim ki, mən eləməmişəm. Polis rəisi Rauf Məcidov göstəriş verdi ki, qardaşımın arvadını şöbəyə gətirsinlər. Gördüm ki, başqa çarə yoxdur, razılaşdım”.

    Vəkil Səadət Seyidli deyir ki, bu işdə o qədər qanun pozuntusu, ziddiyyət var, saymaqla bitmir: “Sadəcə, onları obyektiv araşdıran, hüquqi qiymət verən lazımdır…”

    Hazırladı: İ.SABİRQIZI

    Redaksiyadan: Mövzunu davam etdirəcəyik.