TƏRLAN KİMİ

    3

    Onu Milli Kitabxanada keçirilən tədbirlərin birində yazdığı şeiri oxuyandan sonra tanıdım. Şeir necə xoşuma gəldisə, onunla bu barədə danışmaq qərarına gəldim. Tərlanə xanım etiraf etdi ki, hələ orta məktəb illərindən şeir yazır. İlk dəfə həyatda hamıdan çox sevdiyi babasının ölümündən sarsılıb və duyğularını şeirə köçürüb. Bu şeiri aylarla məktəbli çantasında gizlədib ki, ailə üzvləri oxuyub kədərlənməsin.

    Sonralar təhsil aldığı 3 saylı məktəbdə Azərbaycanın gözəl şairi Məmməd İsmayılın rəhbərliyi ilə yaradılan şeir dərnəyinin ən fəal üzvü olub.

    “…Televiziyada müəllim günü ilə bağlı veriliş gedirdi. Söz 3 nömrəli məktəbin şagirdi Tərlanə İsgəndərovaya verildi. Məktəbli qız müəllimlərini təbrik üçün özü yazdığı şeiri həyəcanla oxumağa başladı:

    …Günəşə çatsa da nurlu taleyim,

    Səninlə bağlıdır arzum, diləyim.

    Nə bir dərdim olar, nə bir gileyim,

    Sən yüz il yaşasan, əziz müəllimim!

    Titrək səslə deyilmiş bu misralar mənim o məktəbə ilk bələdçim oldu”. Bu cümlələr tanınmış jurnalist Flora Xəlilzadənin 1981-ci il oktyabrın 4-də “Azərbaycan müəllimi” qəzetində dərc olunmuş “Damlalar” məqaləsindəndir. Həmin məqalədə Flora xanım məktəbdə fəaliyyət göstərən şeir dərnəyindən yazmış, Tərlanəni və onun kimi şeir yazmaq istedadı olan bir neçə şagirdi torpağa səpilmiş bir ovuc buğdaya bənzətmişdir. “Geniş zəmilər, barlı sünbüllər isə gələcəyin işidir.” (F.X.)

    Tərlanə zarafatla deyir ki, torpağımız münbit olmadığından bizdən geniş zəmilər, barlı sünbüllər yaranmadı. Doğrudur, ara-sıra dövri mətbuatda bir neçə şeiri, hekayəsi və məqalələri dərc olunub. Ən böyük arzusu jurnalistlik peşəsi olsa da, kitablara olan maraq və sevgi onu kitabxanaçılıq fakültəsinə aparıb. 1984-cü ildə səkkizinci sinfi bitirəndən sonra müəllimlərinin narazılığına baxmayaraq sənədlərini o vaxtkı N.K.Krupskaya adına olan Bakı Mədəni–maarif məktəbinə verib və yüksək qiymətlərlə ora daxil olub. Texnikumda oxuduğu illərdə qrup nümayəndəsi olub və o vaxtdan vəzifə daşımağın nə qədər məsuliyyətli olduğunu anlayıb. Buna görə də indinin özündə ona tapşırılan hər işin öhdəsindən layiqincə və vaxtında gəlir. Hal-hazırda aparıcı kitabxanaçı kimi çalışdığı M.F.Axundov adına Milli Kitabxanada onu işini və oxucuları sevən zəhmətkeş bir kitabxanaçı kimi tanıyırlar.

    Mən onun şeirlərini oxuyandan sonra gördüm ki, bu xanımda hələ uşaqlıq vaxtlarından şeirə, poeziyaya olan sevgi hələ də sönməyib. O, etiraf edir ki, evdə məişət qayğıları, işdə öhdəlikləri üzündən şeir yazmağa çox vaxt ayıra bilmir. “Amma şeirsiz də yaşamaq mümkün deyil. Elə bil kimsə mənə nəsə diqtə edir və mən onu qələmə almasam, günah olar. Deyirlər, bu, Allah vergisidir. Yazdığım şeirlərin bəzi misralarında çox az hallarda düzəliş edirəm, sanki hər şeir mənə hazır yazılmış kimi ötürülür.”

    … Şeirlərim gözümdə

    Çağlayan yaşa döndü.

    Şeirlərim qəlbimdə

    Heç doğulmadan öldü.

    Şeirlərim üzlərə

    Təbəssüm gətirmədi,

    Şeirimi oxuyanın

    Artdı kədəri, dərdi.

    Saralmış vərəqlərdə

    Neçə ildir solublar.

    Bəlkə buna görə də

    Belə qəmgin olublar?

    (“Şeirlərim”)

    Ən maraqlı cəhət bundadır ki, Tərlanə illər öncə yazdığı şeirləri bugünkü kimi xatırlayır. Tərlanənin şeirləri səmimi və axıcıdır. Bu şeirləri oxuduqca onun həyata, insanlara həssas baxışını görürsən. O, hər acı sözdən kövrəlir, hər şirin sözdən qanadlanır. Vəzifəsindən, mövqeyindən aslıl olmayaraq onun aləmində ən hörmətli şəxs – humanist, qayğıkeş, xalqın taleyinə yanan insandır. O, laqeydliyə üsyan edir, gözəl insanları üzən eqoist, xudpəsənd adamlara isə nifrət etmək əvəzinə yazığı gəlir.

    O, yaş etibarilə gəncliyi Azərbaycanın müstəqilliyi uğrunda milli-azadlıq hərəkatında, Qarabağ müharibəsində keçən nəslə mənsubdur. Bakı Dövlət Universitetinin birinci kurs tələbəsi olanda Azərbaycanın müstəqilliyi uğrunda Azadlıq meydanında toplaşan izdihamın içində o da vardı. Tərlanə xatırlayır ki, o vaxt Sabir Rüstəmxanlının “Ömür kitabı” bizim stolüstü kitabımız idi. Bütün bu hadisələr onun şeirlərində də əksini tapıb, elə Tərlanənin şeirlərindəki kədərli motivlər də ondan qaynaqlanır. Lap uşaqlıqda olduğu kimi oxucuları kədərləndirməkdən çəkindiyi üçün Tərlanə şeirlərinin işıq üzü görməsinə çox da can atmır. Onun üçün ən sevimli məşğuliyyət elə kitabxanaçılıq peşəsidir. Tərlanə bu qənaətdədir ki, oxuculara xidmət işində iki fərqlənmə diplumuna deyil, oxuduğu kitablara borcludur. Uşaq vaxtı Korolenko kitabxanasından evə tez-tez kitab alıb aparıb. Kitabxanaçı Sara xanım kitabları sürətlə oxuduğunu görüb ona inanmayıb və hətta kitabın məzmununu ondan soruşub. İndi oxucular ondan hər hansı bədii əsəri istəyəndə yadına həmin kitabın nəinki məzmunu, üz qabığı belə düşür. Bir də onu vurğulayır ki, kim tələbə vaxtı necə oxuyubsa, bu, praktikada da özünü göstərir. Bəlkə də gülməli səslənər, amma o vaxt qız uşaqları gəlinciklə oynayanda o, bacısı Dilarə ilə “kitabxana” oyunu oynayır, biri kitabxanaçı, digəri oxucu olurmuş. Evdəki kitabxanaları üçün siyahı şəklində kataloq belə tərtib etmişdilər. Tale elə gətirdi ki, hər ikisi sonradan kitabxanaçı oldu. Digər iki bacısı isə müəllimlik sənətinin arxasınca getdilər.

    Evlərində gözünü açandan kitab görüb. Anası türk ədəbiyyatını çox sevirdi. Dörd bacı axşamlar böyüklər yatandan sonra S.Vurğunun, C.Cabbarlının dram əsərlərini rollara bölüb uşaq otağında asta səslə oxuyurdular.

    Deməli, uşaqlıq arzuları, əməlləri insanın gələcək həyat yolunu müəyyənləşdirirmiş. Sonbeşikləri Kəmalənin altı yaşında yazdığı məktubu tapıb oxuyanda o qədər gülmüşdülər ki… Altı yaşlı qızcığaz bir parça kağızda ingilis dili müəllimi olmaq arzusunu yazmışdı. İndi o, Azərbaycan Dillər Universitetində baş müəllim işləyir.

    Ailənin böyük qızı Ceyranın sonbeşik Kəmaləni dilə tutub yemək yedirməyi, səbirlə onun nazını çəkməyi sonradan uşaqdan tutmuş böyüyəcən hamının sevdiyi bağça müəlliməsi olmasında rol oynamamış deyil.

    Ailənin dörd qız övladının aldığı dörd fərqlənmə diplomunu anası Rəfiqə xanım Gülhüseyn Hüseynoğlunun “Mücrü” hekayəsinin qəhrəmanı kimi zinət əşyalarını qoyduğu mücrüdə qoruyub saxlayıb. Azərbaycanın böyük yazıçısı C.Cabbarlının nəslindən olan, bədahətən şeir söyləmək istedadı olan ataları Yaqub kişi qızları ilə həmişə qürur duyub.

    O vaxt hər bir sovet ailəsi kimi Tərlanəgilin ailəsi də xeyli qəzet-jurnala abunə olmuşdu. Qəribəsi bu idi ki, İşdən yorqun gələn ata-ana üçün qəzetləri vərəqləyib maraqlı məlumatları oxumaq onun öhdəsinə düşürdü və gələcəyin kitabxanaçısı bundan xüsusi zövq alırdı. Sonralar bunun kitabxana işində ucadan qiraət olduğunu bildi. Ən kədərlisi isə ağır xəstə yatağında olan nənəsi üçün universitet tələbəsi ikən kitab və qəzet oxumaq idi. 1988-ci ilin payızında əslən Cənubi Azərbaycandan olan nənəsinin həmyerlisi böyük Şəhriyar vəfat edəndə qəzetdəki xəbəri ondan gizlədib və bir neçə gün sonra nənəsi də vəfat edibi. Yaslı günlərdə özünü H.Cavidin dramlarını ucadan oxumaqla ovundurub və yaxınları buna görə onu qınayıb. İllər sonra tibb kitabından oxuyub ki, ədəbiyyat depressiyadan çıxmağa yardımçı olurmuş.

    Ən böyük depressiya dönəmini isə yəqin ki, ailə həyatı qurandan sonra düz 17 il evdar həyatında yaşayıb. Amma bu dönəmdə də dörd divara qapanıb qalmayıb, kitabxanaların fəal üzvü, övladlarının təhsil aldığı məktəbdə ədəbiyyat müəllimlərinin “sağ əli” olub. Azərbaycan Dövlət Televiziyasında rejissor işləyən həyat yoldaş Rövşən Nicata, orta məktəbdə oxuyan iki oğluna işlərində hər vasitə ilə kömək etməyə çalışıb. Bütün işlərdə oxuduğu kitablar yardımçısı olub. Amma bununla belə işləyən qadınlara həmişə həsəd aparıb. Əmək fəaliyyətinə gec başlasa da, bir vaxtlar fəal oxucusu olduğu S.Vurğun adına Sumqayıt Şəhər Mərkəzi Kitabxanasında işə başlayandan sonra qısa müddətdə işgüzarlığı ilə tanınıb. Təəccüblü deyil ki, cəmi iki ildən sonra Sumqayıt kitabxanaçıları arasında keçirilən müsabiqədə “İlin ən yaxşı kitabxanaçısı” nominasiyasına layiq görülüb.

    Tərlanəni yaxından tanıyandan sonra fikirləşirəm ki, qadınlar zərif adlandırılsalar da, əslində güclü qüvvədirlər. Çünki həm iş qadını, həm həyat yoldaşı, həm ana olmaq böyük məsuliyyətdir. Bir tərəfdən də sinəndə yazıb-yaratmaq eşqilə döyünən ürək varsa… Bir dəfə Anar etiraf etmişdi ki, biz Nigar xanıma nə qədər əsər yazmağa mane olduq. Çünki o, ana idi. Həqiqətən də, elədir. Bir qadın üçün cəmiyyətdə özünü təsdiq etmək o qədər asan deyil, əgər əks qütbdə qarşında əks cinsin nümayəndəsi dayanıbsa bu, daha da çətindir. Əsas məsələ isə insanların sevgisini qazanmaqdı,əgər hər gün sən kiməsə təmənnasız kömək edirsənsə və onların sənə sevgi dolu sözlərini eşidirsənsə, bundan gözəl heç nə ola bilməz. Tərlanə üçün ona tapşırılan heç bir iş yorucu, yeksənəq deyil, çünki o, hər işə sevgisini qatır və bundan zövq alır. Onun uğur düsturunun sirri məhz bundadır. O qədər pozitiv enerji ilə dolu xanımdır ki, adam onun yanında hətta problemlərini unudur. Tərlanə insanlara kömək etməyi sevir, amma özü hər işi təkbaşına görməyə can atır. Tərlanənin fikrincə, kitabxana doğma ev, oxucular əziz qonaq kimidirlər. Buna görə də kitabxanaya gələn hər bir oxucunu layiqincə qarşılamaq lazımdır.

    Mən Tərlanəni dinlədikcə fikirləşirdim ki, oğlan doğulsaydı, adı Tərlan olacaq bu qadın elə adı kimi Tərlandır, öz arzuları ilə, əməlləri ilə və həyata baxışı ilə…. Əlli yaşın mübarək, Tərlanə xanım!

    Bəybala Ələsgərov,

    Beynəlxalq Nobel İnformasiya Mərkəzinin vitse-prezidenti, tarix elmləri doktoru