TÜRKİYƏNİN “MİQRANT KARTI”… – Ankara Qərbi öz sözünün üstündə durmağa məcbur etməyə çalışır

    6

    Elxan Şahinoğlu: "Avropa növbəti qaçqın axınına hazırlaşmalıdır"

    Natiq Cəfərli: "Türkiyə miqrant yükünün qaldırılması üçün Avropa Birliyi tərəfindən söz verilən iqtisadi yardımların ödənilməsini, eyni zamanda NATO-dan siyasi dəstək almaq istəyir"

    "Nə NATO, nə də Avropa Birliyi ölkələri, nə də ABŞ Suriya ərazisində Türkiyənin yanında Rusiya ilə üzbəüz gəlmək istəyir"

    Xəbər verdiyimiz kimi, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Suriyanın İdlib əyalətində baş verən qarşıdurmadan sonra ölkəsinin Avropaya üz tutmaq istəyən miqrantlara mane olmayacağını bəyan edib. Bundan bir qədər sonra isə Türkiyə Prezident Administrasiyasının İctimaiyyətlə əlaqələr idarəsinin rəhbəri Fəxrəddin Altun da şəxsi "Twitter" hesabında təxminən, eyni məzmunlu açıqlama ilə çıxış edib. O bildirib ki, Yunanıstan miqrantların müvəqqəti qorunma statusunun təmin edilməsi məsələsini hələlik təxirə salıb: "Ölkənin sərhədlərində, eləcə də Egey dənizindəki suriyalı qaçqınlara bu cür münasibəti Avropanın öz dəyərlərinə və prinsiplərinə qarşı müharibə elan etməsindən başqa bir şey deyil".

    Türkiyənin Suriyada bir çox kimyəvi silah obyektini hədəf aldığını vurğulayan Altun "Bu obyektlərin mövcudluğu beynəlxalq birliyin indiyədək necə aldadıldığının bariz nümunəsidir. Dünya laqeydliyini bir kənara qoyub, bu qatil rejimə qarşı sözün həqiqi mənasında tədbir görməlidir" deyə əlavə edib. O, indiyədək görünməmiş səviyyədə olan miqrant böhranına səbəb kimi Avropa İttifaqının Türkiyə ilə birgə çalışmamasını göstərib: "Avropa İttifaqı 2015-ci ildə imzalanan müqavilənin şərtlərinə əməl etməyərək Türkiyəni təkbaşına qoydu. Miqrantların Avropaya axınının qarşısını alacağımızı gözləyirdi. Biz artıq bunu etməyəcəyik. Avropa müasir dövrün ən aktual problemi olan miqrasiya böhranı mövzusunda tədbir görməlidir. Məsələ, sığınacaq istəyən minlərlə miqrantın ölkəyə girişinə məhdudiyyət qoymaqla həllini tapa bilməz. Türkiyə ilə birgə addımlamaq məsələnin Avropa miqyasında kompleks şəkildə həlli istiqamətində ilk addım ola bilər".

    Məhz bundan sonra Yunanıstan və Bolqarıstan sərhədlərində Avropaya yollanmaq istəyən miqrantların sayı durmadan artıb. Onu da qeyd edək ki, Türkiyənin sərhədləri açmasından sonra 140 mindən artıq miqrant ölkədən çıxıb. Avropa Birliyi isə sərhədləri möhkəmləndirmək üçün Yunanıstana əlavə qüvvələr göndərmək qərarı verib. Hətta yunan əsgərlərin açdığı atəş nəticəsində ölən miqrant da var.

    Bu arada, Türkiyənin hakim Ədalət və İnkişaf Partiyasının (AKP) sözçüsü Ömər Çelik Avropa Birliyinin bütün insani həssaslıqlardan məhrum birliyə çevrildiyini bildirib. Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu isə britaniyalı həmkarı Dominik Raabla görüşdə qeyd edib ki, ölkəsi yeni bir köç dalğasını qəbul etməyəcəyi barədə Avropa Birliyinə dəfələrlə xəbərdarlıq edib: "Heç kimi Türkiyədə məcburi saxlaya bilmərik. Bu məsələdə Avropa Birliyi bəşəriyyətin dəyərlərinə hörmətlə yanaşmalıdır. Avropa dövlətlərinin sərhədləri bağladığını və miqrantların sığınacaqla bağlı müraciətlərini qanunsuz dayandırdıqlarının şahidi oluruq. Xatırlatmaq istəyirəm ki, Avropa Birliyinə üzv ölkələrin beynəlxalq məsuliyyətlərdən qaçması mümkün deyil". Bolqarıstanın baş naziri Boyko Borisov isə Avropa Komissiyasının prezidenti Ursula von der Leyenlə telefon danışığı zamanı "Qanunsuz miqrant mövzusunda Türkiyə də daxil olmaqla, heç bir ölkə tək qalmamalıdır", deyə vurğulayıb. Borisov əlavə edib ki, tezliklə Türkiyəyə yardım edilməlidir.

    "Yunanıstan ordunu sərhədə töküb, sərhədi keçmək istəyənlərdən iki nəfərini öldürüb, birini yaralayıb, bunu Türkiyə etsəydi, Avropa ayağa qalxardı"

    Картинки по запросу "Elxan Şahinoğlu"

    Beləliklə, "Hürriyyət" xəbər verir ki, mövzu ilə bağlı fikirlərini bölüşən "Atlas" Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlunun sözlərinə görə, Ərdoğan mətbuat konfransında yenə Avropa İttifaqını sərt tənqid edib, Brüsselin miqrantlar üçün vəd etdiyi 6 milyard dolları ayırmadığını bildirib: "Ərdoğan illərdir Türkiyədə yaşayan suriyalılar üçün Avropa İttifaqına keçidə icazə verdiyi bir neçə gün ərzində yüzminlərlə insan Yunanıstanla sərhədə axışıb. Yunanıstan ordunu sərhədə töküb, sərhədi keçmək istəyənlərdən iki nəfərini öldürüb, birini yaralayıb. Bunu Türkiyə etsəydi, Avropa ayağa qalxardı. Ancaq Brüsseldən gələn açıqlamada Yunanıstana dəstək ifadə edilib. Bolqarıstan da miqrantların sərhədinə toplanmasından çəkinir. Avropa İttifaqının ən kasıb dövləti olan Bolqarıstan miqrantları qəbul etməyə hazır deyil. Ancaq Yunanıstandan fərqli olaraq Bolqarıstanın Türkiyə ilə münasibətləri normaldır. Bolqarıstanın baş naziri Boyko Borisov təcili Ankaraya gedərək Ərdoğanla görüşüb. Türkiyə cümhurbaşqanı Borisovla dostluğunu bir daha təsdiq etsə də, Ərdoğan Bolqarıstan baş nazirinin "gəlin Sofiyada siz, mən və Yunanıstanın baş naziri görüşək" təklifini rədd edib. Ərdoğan birgə mətbuat konfransında yenə Avropa İttifaqını sərt tənqid etdi, Brüsselin miqrantlar üçün vəd etdiyi 6 milyard dolları ayırmadığını bildirdi". Türkiyənin 9 ildə suriyalı miqrantlara 40 milyard dollara yaxın pul xərclədiyini deyən "Atlas" Araşdırmalar Mərkəzinin rəhbəri qeyd edib ki, qardaş ölkə miqrantlara Avropa istiqamətində hərəkətə sərbəstlik verdikdən sonra Brüsseldən Ankaraya bu məzmunlu zəng gəlib: "Ərdoğan isə Brüsselin "Miqrant axınını dayandırın, sizə təcili 1 milyard dollar ayıraq" təklifini rədd edərək, "artıq gecdir" cavabını verib. Beləliklə, Borisov Ankaradan əliboş dönüb. Ankara miqrant yükünü daha təkbaşına daşımaq istəmir. Haqlıdır. Avropanın yanaşması belədir ki, "Suriya və miqrantlar bizim problem deyil, hadisələr Türkiyə sərhəddində baş verir, qoy əziyyətini də Ankara çəksin". Ankaranın cavabı isə belədir ki, hansı köçkün Türkiyədə qalmaq istəyirsə, bunda problem yoxdur, ancaq Avropaya köçmək istəyənin qarşısını almayacaqlar. Avropa növbəti qaçqın axınına hazırlaşmalıdır".

    "Türkiyənin sərhədləri açmasını və artıq miqrant axınını dayandıra bilməyəcəyini bəyan etməsini anlamaq olar"

    Картинки по запросу "Natiq Cəfərli:"

    Respublikaçı Alternativ Partiyasının (REAL) icra katibi, politoloq Natiq Cəfərli isə mövzu ilə bağlı "Hürriyyət"ə açıqlamasında bildirdi ki, Türkiyənin sərhədləri açmasını və artıq miqrant axınını dayandıra bilməyəcəyini bəyan etməsini anlamaq olar: "Çünki Türkiyə 9 ilə yaxındır ki, milyonlarla suriyalı qaçqını öz ərazisində saxlayır və indiyə qədər bunun üçün kifayət qədər böyük məbləğlər xərcləyib. Belə ki, suriyalı qaçqaınların saxlanılması üçün təxminən, 40 milyard dollara yaxın vəsait sərf olunub. Bu isə ölkə daxilində sosial narazılıqlara səbəb olur. Hətta İstanbul Böyükşəhər Bələdiyyəsi sədrliyinə seçkilərdə Əkrəm İmamoğlunun qələbə qazanmasının əsas səbəblərindən biri İstanbulda çoxlu sayda suriyalı qaçqının olması və onlardan ucuz işçi qüvvəsi kimi istifadə edilərək, yerli vətəndaşların iş yerlərinə sahib olmasına imkan verməmələri ilə əlaqədar idi. Yəni bununla bağlı ölkə daxilində də kifayət qədər narazılıq mövcuddur. Açığı, Türkiyənin atdığı son addım miqrant məsələsindən təzyiq vasitəsi kimi istifadə edilməsi cəhdidir. Türkiyə prezidenti bununla bağlı bir neçə dəfə xəbərdarlıq etmişdi və indi artıq xəbərdarlıqdan işə keçib. Yeri gəlmişkən, onu da qeyd edim ki, hazırda Türkiyədə məskunlaşan qaçqınlar arasında yalnız suriyalılar yoxdur. Avropalıları da narahat edən məsələ budur ki, orda Əfqanıstan, Pakistan, Orta Asiya respublikalarından, hətta Çindən belə, olan adamlar var. Onlar da miqrant kimi Avropaya keçmək istəyirlər. Yəni burda tək söhbət suriyalılardan getmir".

    "Türkiyə bu gün İdlibdə Bəşər Əsədin qoşunları ilə yanaşı, Rusiya və İranın hərbi dəstəyi ilə ayaqda qalan bir ordu ilə vuruşur"

    Bunun isə Avropa Birliyi ölkələri tərəfindən narahatlıqla qarşılandığını vurğulayan politoloq hesab edir ki, birdən-birə bu qədər miqrant axınının olması Avropaya bu axını tənzimləməyə imkan vermir: "Onların da öz arqumentləri var ki, miqrantların arasında terrorçular ola bilər, Avropaya terror gətirə bilərlər. Bu səbəbdən də dünən (srağagün-red.) Yunanıstan bir ay müddətinə sərhədini bağladı. Avropa Birliyi ölkələri isə öz növbəsində, Yunanıstana 700 milyon avroya yaxın maddi göstərirlər ki, iki gün ərzində keçən 140 minə yaxın miqrantı yerləşdirmək üçün müəyyən dərəcədə işlər görülsün. Beləliklə, artıq Yunanıstan sərhədi bağlıdır, ölkəyə keçid dayandırılıb. Qeyd edim ki, burada Türkiyənin əsas iki istəyi var. Birincisi, miqrant yükünün qaldırılması üçün Avropa Birliyi tərəfindən söz verilən iqtisadi yardımların ödənilməsi, ikincisi isə Avropa Birliyi və NATO-dan siyasi dəstək almasıdır. Çünki Türkiyə bu gün İdlibdə Bəşər Əsədin qoşunları ilə yanaşı, Rusiya və İranın hərbi dəstəyi ilə ayaqda qalan bir ordu ilə vuruşur. Odur ki, rəsmi Ankara "miqrant kartı"ndan istifadə edərək, bu savaşda Qərb dövlətlərindən daha ciddi dəstək almağı düşünür. Artıq Türkiyəyə müəyyən dəstək bəyanatları gəlməkdədir. Məsələn, ABŞ tərəfdən silah-sursatla bağlı yardımların olacağı söylənildi. Hətta "Patriot" zenit raket sistemləri ilə bağlı ilkin razılaşma olub. Amma orda bir şərt var ki, Rusiyadan alınan "S-400"lər işlədilməməli, ümumi sistemə qoşulmamalıdır. Mənə elə gəlir ki, əgər bu həll olunsa, o zaman "Patriot"la bağlı məsələ də öz həllini tapar. Bundan başqa, maddi yardımla da bağlı ilkin açıqlamalar var. Belə ki, Avropa Birliyi 3 milyard avroya yaxın maddi yardım göstəriləcəyi ilə bağlı bəyanat verib. Yəni bu sahədə müəyyən irəliləyişlər var. Lakin açığını demək lazımdır ki, nə NATO, nə də Avropa Birliyi ölkələri, nə də ABŞ Suriya ərazisində Türkiyənin yanında Rusiya ilə üzbəüz gəlmək istəyir. Çünki bu, qlobal müharibəyə səbəb ola bilər. Bu səbəbdən də onlar daha çəkincəli və ehtiyatlı davranırlar".

    Vazeh BƏHRAMOĞLU, Hurriyyet.org