TÜRK ORDUSU QƏNDİLƏ DOĞRU İRƏLİLƏYİR

    3

    Natiq Miri: “PKK-nın bitirilməsi ilə bağlı ABŞ-da təlaş yaşanır”

    Xəbər verildiyi kimi, PKK-ya qarşı əməliyyatda Qəndilin mərkəzinə 73 kilometrə qədər irəliləyən Türkiyə Silahlı Qüvvələrinin (TSQ) hədəfində yeddi təlim və maddi-texniki bazası yerləşir. TSQ-nin əməliyyat sahəsi içində yer alan bölgənin bəzi mövqeləri ilə iki mühüm nöqtəsi isə İranın nəzarətindədir.

    Türk Silahlı Qüvvələrinin Şimali İraq ərazisindəki PKK hədəflərinə qarşı başlatdığı hava dəstəkli quru əməliyyatları davam edərkən, xüsusi təyinatlı əməliyyat qrupları isə regionda addım-addım irəliləyir. Hərəkat, Hakkarinin Kiçik Çuxur rayonunun yaxınlığındakı Barzan ilə Ərbilin Soruşan rayonuna bağlı Bradost bölgələrində intensivləşir. Şemdinli sərhədindən Qəndilə uzanan ərazini nəzarət altına almaq məqsədilə gedən TSQ-nin əməliyyat birlikləri 27 kilometrlik sahədə nəzarəti təmin edib.

    Bradost bölgəsi sərhədləri içində olan TSQ hakim təpələrdə səyyar məntəqələr və mövqelər yaradıb. Strateji Abdulkuvi Dağındakı bir təpə də srağagün ələ keçirilib.

    Türkiyənin daxili işlər naziri Süleyman Soylunun bəyanatı da mətbuatda yayılan məlumatları təsdiq edir. Soylu bildirib ki, Qəndil bizim üçün artıq uzaq bir hədəf deyil: “Şimali İraq bölgəsində Hakurk xəttində bir çox məntəqəyə qədər böyük bir ərazi ələ keçirilib. Əməliyyatın keçirilməsi artıq zaman məsələsidir”.

    Qeyd edək ki, Türkiyə Silahlı Qüvvələrinin böyük bir əməliyyata hazırlaşdığı Qəndil ilə sərhəddəki İran kəndlərinin əhalisinə dövlət tərəfindən həmin məntəqələri tərk etmək çağırışı edilib. İran ilə Türkiyə arasındakı danışıqlarda PKK-nın bölgədən silinməsi məsələsi müzakirə edilib.

    Türkiyə prezidenti Rəcəb Təyyub Ərdoğan İranla aparılan danışıqlarla bağlı danışarkən deyib ki, biz həmsərhəd və eyni dinə mənsub insanlarıq: “Təhdid ünsürü olan bu terror təşkilatlarına qarşı İran ilə birgə əməliyyatların aparılması gündəmdədir, hər an baş verə bilər. Bizim həmrəyliyimiz hər iki ölkənin Baş Qərargah rəisləri arasında müzakirə edilib, əməkdaşlığın detalları, diplomatik məsələlər barəsində danışılıb. Mən də İran nümayəndəsini qəbul edərkən, eyni məsələlərdə razılaşma əldə elədik. Əməkdaşlıq davam edəcək. Çünki, PKK terror təşkilatının İranda da şaxəsi var və sizə bəlli olduğu kimi PJAK adlanır. Onlar daim İrana da, bizə də zərər verirlər. İnanıram ki, qısa zamanda əməkdaşlığımız öz bəhrəsini verəcək”.

    “Qəndil ələ keçirilməsə, PKK terrorunu bitirmək mümkün deyil”

    Türkiyə Silahlı Qüvvələrinin yaxın günlərdə başlaya biləcək Qəndil əməliyyatı ilə bağlı Azərbaycan Milli Strateji Tədqiqatlar Mərkəzinin rəhbəri, politoloq Natiq Miri “Hürriyyət”ə dedi ki, PKK terrorunu Türkiyə daxilində və sərhədlərdən kənarda bitirmək üçün təkcə Suriya ilə sərhəddə terroru bitirmək yetərli deyil: “Bilirsiniz ki, Suriyada olan terrorçuların mənbəyi də bilavasitə Şimali İraqda yerləşən “terror yuvası” Qəndildən qaynaqlanır. Yəni ana qərargah olan Qəndil ələ keçirilməsə, həm fiziki, həm də psixoloji olaraq bu “terror yuvası” yerlə bir edilmədən PKK terrorunu bitirmək mümkün deyil. Artıq bu yöndə Türkiyə rəhbərliyində də qətiyyətli siyasi iradə mövcuddur və bu yöndə siyasi qərar verilib. Ona görə də açıq şəkildə hay-küylü bəyan edilmədən Türkiyə silahlı qüvvələri səssizcə Şimali İraq ərazisinin artıq 25-30 km içərisinə doğru girib və əməliyyatla indiyə qədər PKK terrorçularının 16-dan çox hərbi təlim düşərgələri, eyni zamanda silah anbarları partladılıb, darmadağın edilib. Eyni zamanda bu ərazilərdə, yəni Türkiyə sərhədlərindən kənarda artıq Türkiyə Silahlı Qüvvələrinin bazaları yaradlıb. Bu bazaların da bir-biri ilə təmasda olması üçün yollar çəkilib. Bu faktın özü də göstərir ki, gələcəkdə artıq PKK terrorçularının Türkiyəyə sızmasının birdəfəlik qarşısı alınacaq”.

    “Amerikan əsgərlərinin Sincara yerləşdirilməsi PKK-nın qorunmasına xidmət edir”

    N.Miri diqqətə çatdırdı ki, artıq Türkiyə Silahlı Qüvvələri “terror yuvası” olan Qəndilin 20 kilometrliyindədir: “Demək olar ki, son Qəndil əməliyyatını başa çatdırmaq üçün hərbi cəhətdən bütün hazırlıqlar görülüb, başa çatdırılıb. Yaxın günlərdə Qəndil əməliyyatı başlayacaq. Düşünürəm ki, bu da uğurla sona çatdırılaraq. Qəndil həm fiziki, həm də psixoloji cəhətdən darmadağın olunaraq, yerlə bir ediləcək. Bununla da PKK terroruna çox ağır bir zərbə vurulacaq. Bu məsələ həm də təkcə Türkiyə Silahlı Qüvvələrinin hərbi əmliyyatı ilə həyata keçirilməyəcək. Bu prosesdə Türkiyə ilə bərabər, İran silahlı qüvvələri də iştirak edəcək. Artıq Tehran Qəndilin İran sərhədləri ilə həmsərhəd olan sakinlərinə öz kəndlərini boşaltmaq üçün göstəriş verib və insanlar öz evlərini boşalatmağa başlayıblar. Bu da insanların əməliyyat çərçivəsində zərər görməməsi üçün edilir. Hətta İran Baş Qərargahının əmri ilə silahlı qüvvələrin də əməliyyatda müəyyən mənada iştirak edəcəyi bildirilib. Ona görə də düşünürəm ki, çox yaxın zaman çərçivəsində Qəndil əməliyyatı başlaycaq və müvəfəqiyyətlə sona çatdırılacaq.

    Lakin Qəndil əməliyyatının keçirilməsi və PKK-nın bitirilməsi ilə bağlı həm ABŞ-da, həm də İraq rəhbərliyində böyük bir təlaş yaşanır. Məhz bu baxımdan Amerika ordusuna bağlı amerikalı əsgərlər Şimali İraqda Sincar bölgəsinə yerləşdirilib. Bilirsiniz ki, Sincar bölgəsində də PKK ünsürləri yerləşdirilib. Əslində, amerikan əsgərlərinin bura yerləşdirilməsi bilavasitə PKK-nın qorunmasına xidmət edir”.

    “İraq hökuməti ABŞ-ın basqısı altında açıqlama vermək məcburiyyətində qalıb”

    Politoloq onu da qeyd etdi ki, dünən İraq rəhbərliyi də bir bəyanatla çıxış edərək, Türkiyənin Qəndil əməliyyatını qəbul etməyəcəklərini və bunun İraqın suverenliyinə bir hörmətsizlik olduğunu açıqlayıb: “Bu faktın özü də göstərir ki, İraq rəhbərliyi bunu öz iradəsilə demir. Məhz ABŞ-ın basqısı altında bu açıqlamanı vermək məcburiyyətində qalıb. Çünki əks təqdirdə İraq rəhbərliyi öz ərazisində olan terror yuvalarını öz ordusu vasitəsilə zərərsizləşdirməlidir. Amma 40 il müddətində İraq rəhbərliyi bunu edə bilməyib. Ona görə də İraq rəhbərliyinə bu yöndə deyə biləcək söz düşmür”.

    “Qəndil əməliyyatı da müvəfəqiyyətlə sona çatdırılacaq”

    “ABŞ PKK-nı dəstəklədiyi halda, Türkiyə və İranın PKK-nı bitirməsi mümkündürmü” sualına N. Miri belə cavab verdi: “Buna qətiyyən şübhəniz olmasın. ABŞ-ın istəmədiyinə rəğmən, Şimali Suriyada Afrin əməliyyatı necə müvəfəqiyyətlə keçirildisə, Şimali İraqda Qəndil əməliyyatı da çox müvəfəqiyyətlə başlayıb və sona çatdırılacaq. Artıq ABŞ-nın istəyi bu məsələdə Türkiyə rəhbərliyinin siyasi iradəsinə heç bir təsir etmir. Yəni artıq qarşımızda əski Türkiyə yoxdur. Bu gün öz siyasi iradəsilə qərar verən güclü Türkiyə mövcuddur ki, Qəndil əməliyyatı da bunun bariz nümunəsidir”.

    “ABŞ bu “yol xəritəsi”ni qəbul etmək məcburiyyətində qalıb”

    “Menbiçdən PKK terrorçularının çıxarılmasında ABŞ nə dərəcədə səmimidir” sualına gəlincə, politoloq qeyd etdi ki, ABŞ bu məsələdə səmimi deyil: “Ancaq Türkiyə ilə bu məsələdə razılaşmaq məcburiyyətindədir. Əks təqdirdə amreikan ordusu Türkiyə ordusu ilə Suriyanın şimalında qarşı-qarşıya gəlmək məcburiyyəti ilə üzləşəcək ki, bu da regionda təhlükəli bir vəziyyətin yaranmasına gətirib çıxara bilər. İki müttəfiq dövlətin ordularının qarşı-qarşıya gəlməsi isə NATO-nun dağılması anlamına gəlir. Ona görə də ABŞ-nın alternativ variantları olmadığı üçün Menbiçdən PKK terroçularının çıxarılmasına razılıq verdi. Əks təqdirdə bunun alternativi yoxdur. Çünki Türkiyə rəhbərliyi bu məsələdə israr edir. Bunun üçün ABŞ-a alternativ çıxış yolları qoymur. Ona görə də ABŞ bütün istəklərinə rəğmən, bu yol xəritəsini qəbul etmək məcburiyyətində qalıb”.

    Şamo EMİN, Hurriyyet.org