TRAMPIN YƏHUDİLƏRƏ TARİXİ “XİDMƏTİ”

    6

    ABŞ prezidentinin əməli bəşər tarixinə qara hərflərlə yazıla bilər

    Qərb “Skripal işi”ində az qala Rusiyaya müharibə elan edəcəkdi, amma indi…

    İki gün əvvəl ABŞ səfirliyinin Qüdsə köçürülməsinə etiraz edən 59 nəfər fələstinlinin həlak olması və 2000-nə yaxın insanın yaralanmasına Qərb ölkələrinin rəhbərləri demək olar ki, heç bir etiraz bildirmədi. Maraqlıdır ki, 2 ay öncə Sergey Skripal və onun qızının zəhərlənməsinə görə Qərb dövlətləri az qala Rusiyaya müharibə elan edəcəkdilər, hətta 20-dən çox ölkə buna görə rusiyalı diplomatı ölkəsindən qovdu da.

    Göründüyü qədər, Qərb bu məsələdə xristian təssübkeşliyi nümayiş etdirdi. Amma bu gün dünyada demokratiyadan, söz, mətbuat, insan hüquq və azadlıqlarından danışan Qərb lazım gələndə bütün bunlardan yan keçməyi, susmağı da bacarır. Əslində, Qərbin bu səssizliyi Qəzza zolağında həlak olanların müsəlman olması ilə bağlıdır. Görünür, müsəlmanların ölümü Qərb üçün heç bir mənəvi əhəmiyyət daşımır. Ona görə də müsəlmanlara qarşı qətliamlara bu cür laqeyd yanaşırlar. Bu, həm də onun göstərcisidir ki, Qərb demokratiyası saxtadır. Qərb dövlətlərinin təməli sağlam demokratiya üzərində qurulmuş olsaydı, həlak olan insanların müsəlman, yaxud xristian olması onlar üçün heç bir anlam kəsb etməz, həm Vaşinqtonun beynəlxalq qanunlara zidd olaraq səfirliyini Qüdsə köçürməsinə, həm də müsəlmanların qətliamına görə ABŞ-ın və İsrailin diplomatlarlarını öz ölkələrindən qovardılar. Avropa dövlətləri “Skripal işi”nə görə Rusiyaya qarşı bu addımı ata bilmişdisə, bu gün bu həmrəyliyi ABŞ və İsrailə qarşı da nümayiş etdirə bilərdilər. Təəssüf ki, bəşəriyyətin gözü qarşısında ABŞ-ın ərköyün balası İsrail cinayət, qətliam törədir, dünya birliyi isə susur.

    Tramp Yaxın Şərqdə fəlakətə səbəb olacaq addım atdı

    Doğrudur, Avropa dövlətlərinin liderləri ABŞ səfirliyinin Qüdsə köçürülməsinə qarşı etiraz bəyantaları səsləndiriblər və ölkələrinin səfirliklərini Qüdsə köçürülməyəcəyini bəyan ediblər. Amma bu bəyanatlar fonunda ABŞ pezidenti Donald Tramp heç bir ölkə liderinin rəyini nəzərə almadı və Yaxın Şərqdə fəlakətə səbəb olacaq addımı atdı. Məhz buna görə də dünya və Avropa dövlətləri Trampı qərarından çəkindirmək üçün daha ciddi addımlar atmalıydı. Görünür, həlak olanların müsəlman olması, həm də Avropa ölkələrinin təhlükəsizliyinin ABŞ-ın maliyyələşdirdiyi NATO tərəfindən təmin olunması, eyni zamanda ABŞ-ın Avropanın iqtisadiyyatına təsiri Avropa liderlərini bu məsələdə yumşaq davranmağa vadar etdi.

    Avropanın söz sahibi olan dövlətləri ABŞ və İsrailə qarşı daha ciddi təpki göstərməliydilər

    Amma müsəlmanların ölümünun Avropa dövlətləri üçün heç bir əhəmiyyəti olmasa da, onlar unutmamalıdır ki, bu məsələ regionda müharibə ehtimalını artır. Çünki Qüds müsəlmanların müəqqədəs şəhərlərindən biridir. Ona görə, bu, həm də təkcə Fələstinin deyil, bütün müsəlmanların qururu ilə oynamaqdır. Məhz bu baxımdan, Avropanın söz sahibi olan dövlətləri ABŞ və İsrailə qarşı daha ciddi təpki göstərməliydilər.

    ABŞ-ın dünyaya demokratiya dərsi vermək haqqı yoxdur

    Ötən il BMT Baş Məclisinin ABŞ-ın Qüdsün İsrailin paytaxtı kimi tanınması haqqında qərarını rədd edən qətnamə qəbul etməsinə rəğmən, BMT-nin 5 daimi üzvündən biri olan ABŞ-ın 2 gün öncə səfirliyini İsrailin paytaxıt Təl-Əvivdən Qüdsə köçürməsi ABŞ-ın dünyaya demokratiya dərsi vermək haqqı olmadığını bir daha sübut edir. Üstəlik, ABŞ-ın bununla dünyaya meydan oxuduğu, regionu savaşa təhrik etdiyi aydın olur.

    Qəzza zolağında baş verən hadisələrə dünya ölkələri səssiz qalmasına rəğmən, müsəlman ölkələrinin başında duran Türkiyənin bu məsələdə ciddi dəstəyi ortadadır. Türkiyə baş verən hadisələrlə əlaqədar İsrail və ABŞ-dakı səfirlərini geri çağırıb. Türkiyə prezidenti ölkədə 3 günlük matəm elan edildiyini bəyan edib. Bu yöndə Türkiyə prezidenti Rəcəb Təyyub Ərdoğanın “bəşəriyyət yeni dünya müharibəsinin astanasındadır” bəyantını isə beynəlxalq aləmə xəbərdarlıq hesab etmək olar.

    Ərdoğan bəyan edib ki, ABŞ Yaxın Şərqdəki münaqişələrin həllində yardımçı olmaq əvəzinə, özü bu problemin tərkib hissəsi olub: “Buna görə Vaşinqton vasitəçilik statusundan məhrum olub”.

    Əslində, ABŞ Yaxın Şərqdəki münaqişələrin həllində heç zaman yardımçı olmayıb, Yaxın Şərqdə problem yaradan məhz Amerika olub. Demək olar ki, ABŞ Yaxın Şərqdə dikatarura rejimlərini məhv etmək bəhanəsilə regionda öz maraqlarını həyata keçirib, İraqda, Suriyada, Küveytdə neft yataqlarını əlinə keçirib. Buna görə, hətta PKK/YPG/PYD qüvvələrinə silah yardımı etdiyi dəfələrlə dünya mətbuatında vurğulanıb.

    “Bu, bölgədə savaş təhrikidir. İsrail onsuz da bu bölgədə mütəmadi olaraq terrora əl atır. İndi atılan bu addım da yenə terror tipli bir addımdır. Bunları anlayışla qarşılamaq mümkün deyil. Bu raketlər niyə atılır, nə etmək istəyirlər?”, – deyə Ərdoğanın bəyantında sual olunur.

    Amerikanın məqsədi İsrailin əli ilə Türkiyə və İranı bu müharibəyə cəlb etmək və onları zəiflətmək ola bilər

    Təəccüblüdür ki, terror tipli bir addıma dəstək verən və dünyada terrorzimə qarşı mübarizə aparmaq adı ilə ölkələrin daxili işinə qarışan Amerika niyə bu addımı atır? Dünyada yeni müharibənin başlanamsı ona nə üçün lazımdır?

    Əslində, Amerikanın burada birinci məqsədi İsrailin əli ilə Türkiyə və İranı bu müharibəyə cəlb etmək və onları zəiflətmək ola bilər. Çox güman ki, Türkiyənin son vaxtlar Amerikanın maraqlarına qarşı addım atması, müstəqil siyasət yürütməsi, eyni zamanda İranın “dik duruşu” Amerikanı narahat edir. Əslində, ABŞ bununla İsraili də oda atmış olur. Amerikanın ikinci məqsədi isə silah satışından qazanc əldə etmək ola bilər, eyni zamanda digər iqtisadi sahələrdə də qazanc məqsədi istisna deyil. Çünki müharibə edən ölkələrin iqtisadiyyatı çökür və vacib ehtiyacları yaranır ki, həmin vəziyyətdən Amerika yararlana bilər.

    Heç inandırcı deyil ki, Trampın Amerika səfirliyni Qüdsə köçürməkdə məqsədi İsrailə tarixi “xidmət” göstərmək və yaxud yəhudilərə xoş gəlmək olsun. Amma Trampın yəhudilərə bu tarixi “xidməti” bəşər tarixinə qara hərflərlə yazıla bilər və Yaxın Şərqdə müharibə üçün qığılcım ola bilər.

    Şamo EMİN, Hurriyyet.org