“Trampın ticarət müharibələri ABŞ-ın dünya liderliyini təmin edən ticarət əlaqələrini zədələdi” – XAQANİ CƏFƏRLİ

288

“Buna görə də Co Bayden “Əcnəbi liderlərə səslənirəm, Amerika qayıdır. Biz oyuna qayıdırıq” bəyanatını yaydı”

Noyabrın 3-də keçirilmiş prezident seçkilərinin qalibi Cozef Robinett (Co) Bayden bütün dünyaya səslənərək, Birləşmiş Ştatların ikinci dünya müharibəsindən sonra oynadığı ənənəvi missiyasını yenidən üzərinə götürəcəyinin anonsunu verdi”. Hurriyyet.org xəbər verir ki, bu fikirlər politoloq Xaqani Cəfərliyə məxsusdur.

Politoloq qeyb edib ki, bu missiya dünya düzəninə yön verməkdən ibarətdir: “İkinci dünya müharibəsinin əsas siyasi nəticələrindən biri dünyada iki fövqəldövlət, Sovet İttifaqı və Amerika Birləşmiş Ştatlarının yaranması oldu. İkinci dünya müharibəsinin sonunda kommunist ideologiyasını və soslialist sistemini Avropanın dərinliklərinə və Asiyanın ucaqlarına kimi yayan Moskva kommunist inqilabını bütün dünyaya ixrac etməklə dünya fatehliyi iddiasını daha israrla ön plana çıxardı. “Bütün ölkələrin proletarları birləşin” tezisi ilə hərəkət edən Sovet İttifaqı Moskvadan idarə olunacaq fəhlə-kəndli dövlətləri vasitəsilə dünyanın tək sahibi olmağı hədəfləyirdi. İkinci dünya müharibəsi ərəfəsində ABŞ 1937-1938-ci illərin iqtisadi böhranın nəticələrini hələ də tam şəkildə aradan qaldıra bilməmişdi və təcridçilik siyasəti yürüdürdü. Buna görə də ikinci dünya müharibəsi başlayan zaman ABŞ 174 min nəfərlik ordusu ilə hərbi gücünə görə hətta Portuqaliyadan geri qalırdı. Ağ Evin sahibi isə müharibə əleyhinə şüarlarla hakimiyyətə gələn Franklin Delano Ruzvelt idi. Sovet diktatoru Stalin 1934-cü ildə Ruzvelti kapitalist ölkələrinin liderləri arasında ən güclü fiqur adlandıraraq ABŞ prezidentini təşəbbüskar, cəsarətli və qətiyyəti şəxsiyyət kimi xarakterizə etmişdi”.

Xaqani Cəfərli bildirib ki, Ruzvelt 1940-cı ildə Almaniyanın Fransaya hücumundan sonra Konqresə dünyanın ən güclü hərbi-sənaaye kompleksinin yaradılması layihəsini təqdim etdi: “Bu layihənin qəbulu və həyata keçirilməsi nəticəsində artıq 1943-cü ildə ABŞ-ın hərbi sənayesi 1939-cu illə müqayisədə 2.5 dəfə daha çox məhsul istehsal edirdi. İkinci dünya müharibəsi ərəfsində ciddi hərbi gücə malik olmayan ABŞ ordusu hərbin bitdiyi gün dünyada nüvə silahına malik yeganə ordu idi. Bu ordunun ən böyük gücü isə hərbi dəniz donanması idi. Soyuq müharibə illərində bu donanma ABŞ-ın dünya liderliyini təmin edəcək əsas amillərdən birinə çeviləcəkdi. İkinci dünya müharibəsindən fövqəldövlət olaraq çıxan ABŞ-ın dünya liderliyinə gedən yolu dünya ticarətinə və ticarət yollarına nəzarət üzərində qurulmuşdu. Bəşəriyyətin bütün tarixi boyu yaratdığı ən mükkəməl münasibət mexanizmi olan ticarətin fəhlə sinifinin birliyi üzərində qurulan ideologiyaya qalib gələcəyini isə proqnozlaşdırmaq olardı. ABŞ-ın qarşısında isə yalnız ticarətə və ticarət yolarına nəzarət etmək vəzifəsi dayanırdı. Bu vəzifəni təmin etməklə ABŞ iki sistem arasında mübarizənin taleyini həll etdi. İkinci dünya müharibəsinin siyasi nəticələrindən biri də ABŞ dollarının qızılı əvəz edərək dünyanın yığım valyutasına çevrilməsi idi. Ən güclü hərbi donanma və dünyanın yığım valyutasına malik olmaq ABŞ-a dünya ticarətini və ticarət yollarını nəzarət almaq imkanı verdi. Bu üstünlük isə iki fövqəldövlətin dünya liderliyi uğrunda mübarizəsinin ABŞ-ın qələbəsi ilə nəticələnməsi, sosialist sisteminin dağılması və bir qütblü dünya düzənin yaranması ilə sona çatdı. Burada Zbiqnev Bjezinskinin ideyalarının çox böyük rol oynadığını qeyd etməsək ədalətsizlik olar. Kommunizmi yaymaqla Sovet İttifaqının geniş çoğrafiyaları nəzarət altına almaq siyasətinin qarşısının alınması, ABŞ-ın dünya liderliyinin məhz Avrasiya üzərindəki təsir imkanından asılı olacağı ilə bağlı düşüncəsini Vaşinqtonun xarici siyasətinin təməl prinsipinə çevirən “Davakar” ləqəbli Zbiqnev Bjezinskinin ideyaları Birləşmiş Ştatların soyuq müharibədən qalib çıxmasında önəmli rol oynayıb”.

Politoloqun sözlərinə görə, Trampın hakimiyyət illəri istisna olmaqla, Bjezinskinin ideyaları son 45 ildə Vaşinqtonun xarici siyasətinin əsas istiqamətlərini müəyyən edib: “Sovet İttifaqının dağılmasından sonra Rusiya dünyanın ikinci ən böyük hərbi gücü olaraq qalsa da, Moskvanın yeni cəlbedici ideya ilə çıxış edə bilməməsi, eləcə də cəlbedici iqtisadi tərəfdaş olmaması Kremlə yeni iki qütblü dünya düzəni yaratmağa imkan vermədi. Sovet İttifaqının dağılmasından ötən 25 il birqütblü dünya düzəni şəraitində keçdi. Donald Trampın hakimiyyətə gəlişindən sonra Vaşinqtonun təcridçilik siyasətinə qayıtması birqütblü dünya düzənin zədələdi. ABŞ-ın mükkəməl dövlət mexanizmi Donald Trampın təcridçilik siysətinin təsirlərini azaltsa da, qarşısını tamamilə ala bilmədi. Bu, xüsusilə xarici siyasətdə öz təsirlərini göstərdi. Trampın ticarət müharibələri ABŞ-ın dünya liderliyini təmin edən ticarət əlaqələrini zədələdi. Ticarət əlaqələrinin zədələnməsi öz təsirini siyasi, iqtisadi və hərbi əlaqələrdə də göstərdi. Buna görə də ABŞ-ın yeni prezidenti Co Bayden Amerikanın missiyasını davam etdirəcəyini rəsmən açıqlamaq zərurəti hiss edərək, “Əcnəbi liderlərə səslənirəm, Amerika qayıdır. Biz oyuna qayıdırıq” bəyanatını yaydı”.

Vazeh BƏHRAMOĞLU, Hurriyyet.org