“Trampın qalib gələcəyini də istisna etmirəm” – POLİTOLOQ

72

Bu gün ABŞ-da prezident seçkiləri keçirilir.  Prezident seçkilərinə bir gün qalmış Demokratik prezidentliyə namizəd Co Bayden prezident Donald Trampı ölkə üzrə sorğularda qabaqlayır. 

Görəsən, 2016-cı ildə də prezident seçilməyəcəyi deyilən Trampın yenidən prezident seçilməsi nə qədər realdır?

Mövzuyla bağlı Cənubi Qafqaz Təhlükəsizlik və Sülh İnstitutunun sədri, politoloq Məhəmməd Əsədullazadə Hurriyyet.org-a bildirib ki, Trampın çevik olması, eyni zamanda siyasətdə ABŞ-ı iqtisadi maraqlar baxımından qaldırması onun seçilməsinə əsas yaradır. Baydenin isə xəstə və yaşlı olması, onu seçilmək şansını azaldır:

“ABŞ-da keçirilən seçkilər Demokratlar və Respublikaçılar arasında keçirilir. Bu seçkilər mühüm əhəmiyyət kəsb etməklə yanaşı, beynəlxalq münasibətlər sistemində də mühüm rol oynayır. Çünki, bütün dünyanın gözü ABŞ-da keçirilən prezident seçkilərinə yönəlib.  Eyni zamanda, Baydenlə Tramp arasında çox ziddiyyətli siyasət gedir. Tərəflərin siyasəti beynəlxalq arenada müxtəlif tezislərə əsaslanır. Əlbəttə ki, Baydenin seçilməsini müəyyən dərəcədə Obama siyasətinin davamı kimi qiymətləndirmək olar. Çünki, yumşaq siyasətə əl ata bilər. Amma, Trampın siyasəti əvvəlki kimi sərt ritorikada keçəcək. Kimin seçilib-seçilməyəcəyini demək çətindir. 2016-cı il seçkilərində Trampın seçilməyəcəyi deyilirdi. Amma, ABŞ-da maliyyə oliqarxları təbii ki, Trampı dəstəkləyir. Trampın qalib gələcəyini də istisna etmirəm. Baydenin xəstə və yaşlı olması, Trampın isə çevik olması, eyni zamanda siyasətdə ABŞ-ı iqtisadi maraqlar baxımından qaldırması onun seçilməsinə əsas yaradır. Sözsüz ki, əhalinin müəyyən qismi Baydeni, müəyən qismi isə Trampı dəstəkləyir. Amma, Bayden üçün müəyyən şanslar da yaranır. Trapmın müəyyən qədər irqçi siyasəti və koronavirusun iqtisadiyyata vurduğu zərbə Bayden üçün əlavə şansdır. Son dörd ildə Tramp ABŞ iqtisadiyyatını kifayət qədər inkişaf etdirib və eyni zamanda ABŞ-ın dünyada mövqeyini gücləndirib. Bu baxımdan Trampda üstünlük veriləcəyi daha çox gözlənilir. Amma, surpirizlərin olması da istisna deyil. Hər halda Baydenin seçilməsi çətin məsələdir”.

YƏHYA