Trampın gecikmiş impiçmentinin arxa planı: ABŞ Demokratları nəyə nail olmaq istəyirlər?

177

Səlahiyyət müddətinin bitməsinə cəmi bir həftə qalmış ABŞ prezidenti Donald Trampın Nümayəndələr Palatası tərəfindən impiçment olunması ekspertlər tərəfindən birmənalı qarşılanmır.

ABŞ-ın bəzi politoloqları Konqresin bu qərarında daha fərqli nüanslar axtarırlar.

Məsələ təkcə onda deyil ki, Tramp onsuz da səlahiyyət müddətini bitirmişdi və hakimiyyəti təhvil verməyə hazırlaşan bir adamın impiçment qərarıyla yola salınmasına nə ehtiyac vardı?

Məsələ həm də ondadır ki,  Nümayəndələr Palatasının bu qərarının təkbaşına qüvvəyə minmə şansı da yoxdur. Qərarın qüvvəyə minməsi onun həm də Senat tərəfindən təsdiqlənməsini şərtləndirir. Bunun üçün isə Senat üzvlərinin 2/3-i qərara səs verməlidir. Yəni 67 senator. Senatorların əksəriyyətinin Respublikaçılar partiyasına mənsub olduğunu nəzərə alsaq, bu yetərsayı təmin etmək o qədər də asan görünmür.

Üstəlik, Trampın impiçmenti qərar layihəsi 20 yanvardan tez Senatın gündəliyinə gətirilə bilməyəcək. Hər halda qurumun Respublikaçılar qrupunun rəhbəri Mitç Mak Konnel belə deyib. Tramp, öz xələfi Co Baydenin hakimiyyətə gəlməsindən sonra impiçment ediləcəksə, başqa sözlə, faktiki daşımadığı vəzifədən uzaqlaşdırılacaqsa  bunu hansı məntiqlə əsaslandırmaq olar?

Amerikalı politoloq Boris Mezhuev mətbuat açıqlamasında bu suala aydınlıq gətirərək, bildirib ki, dünən verilən qərar 4 ildən sonraya hesablanıb. Politoloqun fikrincə, Nümayəndələr Palatasındakı Demokratların məqsədi Trampın növbəti seçkilərdə namizədliyini verməsinin qarşısını almaqdır.

Aydındır. Fəqət mövcud reallıqda Trampın impiçmentini həyata keçirmək o qədər də mümkün  görünmür. Senatdan keçməyəcəyi təqdirdə impiçment prosesi natamam qalacaq. Dolayısıyla Trampın növbəti seçkidə öz namizədliyini verməsi üçün hüquqi əngəl qalmayacaq. Demokratlar sonu uğursuzluqla bitəcəyi şübhə doğurmayan bu oyuna niyə girişiblər?

Boris Mezhuev demokratların bu təsəbbüsünün hüsranla bitəcəyi ehtimalına çox da əmin deyil. “Trampın impiçmenti tamamlanmaya bilər, ancaq onun 2024-cü ildə hakimiyyətə gəlməsinin qarşısını almaq üçün demokratların əlində  başqa seçənəklər də var”, – B.Mezhuev belə düşünür:

Politoloq xatırladıb ki, Senat 6 yanvar hadisələrini araşdırmaq üçün ikitərəfli xüsusi komissiyasının yaradılmasına icazə verib. “Komissiyanın işinin nəticələrinə əsasən ya prezidentə qarşı cinayət ittihamı irəli sürüləcək, ya da konstitusiya quruluşuna qarşı üsyanlarda yer alan dövlət adamlarının gələcəkdə rəsmi vəzifələrdə çalışmasını yasaqlayan maddə Amerika Konstitusiyasına düzəliş kimi əlavə olunacaq. Belə bir nəticə çox güman ki, qaçılmazdır, çünki Demokratların əsas vəzifəsi Trampın 2024-cü ildə yenidən prezidentliyə namizəd olmasının qarşısını almaqdır”-deyə politoloq vurğulayıb.

Demokratların ikinci vəzifəsinin Trampla yanaşı, onun təmsil etdiyi Respublikçılar partiyasını ölümcül zəiflətmək olduğunu bildirən Mezhuev fikrini belə əsaslandırıb:

“Planlaşdırılır ki, Trampçılar müstəqil bir qüvvə ola bilməmələri üçün Respublikaçılar Partiyasından təmizlənməlidirlər. Bu, seçicilərin əksəriyyətinin arxa 
çevirəcəyi partiyanı kəskin şəkildə zəiflədəcək və Respublikaçılar yaxın bir neçə ildə Demokratlarla heç bir rəqabətə davam gətirə bilməyəcəklər”.

Bəs bundan sonra Tramp əlyehdarları hansı addımı ata bilərlər?

Politoloqun fikrincə, impiçment prosedurunu həyata keçirmək üçün ittiham aktı çıxarmaq, istintaq komissiyası yaratmaq, Senatın 2/3 qərarı, habelə ABŞ Ali Məhkəməsinin prosesin qanuniliyini təsdiqləməsi lazımdır. \\Ovqat.com