TRAMP PUTİNLƏ GÖRÜŞDƏN NƏDƏN İMTİNA ETDİ?

    15

    Elxan Şahinoğlu: "Əgər Tramp Putinlə görüşsəydi, o zaman belə çıxacaqdı ki, ABŞ Avoz dənizindəki insidentdə Rusiyanı günahkar saymır"

    "ABŞ-ın Ukraynaya görə Rusiyaya tətbiq etdiyi sanksiyalar hələ uzun illər davam edəcək və gətginlik qalacaq"

    Ramil Məmmədli: "Növbəti addımların hansı formada olacağı yəqin ki, Trampın G-20 sammitində, eyni zamanda ABŞ-da verəcəyi açıqlamalardan sonra məlum olacaq"

    "Kreml Ukrayna ilə bağlı məsələdə hər hansı bir güzəştə getmək əvəzinə, vəziyyəti daha da gərginləşdirərək Ukraynanı təhdid altında saxlamaq, onu Qara və Azov dənizləri istiqamətində blokadaya almaq niyyətindədir"

    ABŞ prezidenti Donald Tramp rusiyalı həmkarı Vladimir Putinlə Argentinada keçirilən G-20 sammiti çərçivəsində planlaşdırılan görüşdən imtina edib. Bu barədə özünün "Tvitter" səhifəsində açıqlama verən Tramp bildirib ki, onu bu addımı atmağa məcbur edən səbəb bir neçə gün öncə Kerç körfəzində yaşanan insident, gəmilərin və hərbçilərin hələ də geri qaytarılmaması olub. Putinin mətbuat katibi Dmitri Peskov isə öz növbəsində, görüşün ləğv edildiyi haqda hələlik Kremlə rəsmi məlumatın daxil olmadığını vurğulamaqla yanaşı, qeyd edib ki, əgər bu görüş ləğv olunsa, Putinə sammitdə digər görüşlər keçirmək üçün əlavə vaxt yaranacaq.

    Donald Trampın Vladimir Putinlə Argentinada nəzərdə tutulan görüşünü ləğv etməsinə münasibət bildirən Rusiya Dövlət Dumasının Beynəlxalq əlaqələr komitəsinin sədri Leonid Slutski isə hesab edir ki, ABŞ prezidentinin Rusiya prezidenti ilə görüşü ləğv etməsi piar gedişidir və bu addım Trampın ölkə daxilində reytinqinə xidmət edir: "Trampın Putinlə görüşünü ləğv etməsi növbəti antidiplomatik gedişdir. Görünür, ABŞ daxilində Rusiyaya qarşı olan qüvvələrin təzyiqinə qarşı piardır. Düşünürdüm ki, görüş hətta ayaqüstü də olsa, baş tutacaq. Ancaq bu, Trampın şəxsi mövqeyidir ki, Rusiyaya qarşı tammiqyaslı siyasət yürüdür". Leonid Slutskinin fikrincə, Putinlə görüşün ləğvi Ukrayna prezidenti Petro Poroşenkonun seçki öncəsi yolunu təmizləməyə hesablanıb: "Görüş çox xeyirli ola bilərdi. Artıq ikinci dəfədir ki, Rusiya və ABŞ liderləri beynəlxalq tədbirdə bir araya gəlir, amma görüş keçirə bilmirlər. Ola bilər ki, hansısa kompromis tapılardı". Fransada Birinci Dünya müharibəsində də liderlərin görüşünə imkan verilmədiyini xatırladan Slutski qeyd edib ki, görüşün baş tutmamasının kimin ziyanına olduğunu bilmək olmaz.

    Rusiyalı senator Vladimir Cabarov isə bu qənaətdədir ki, Donald Trampın görüşdən imtina etməsindən dolayı Rusiya Kerç boğazında saxlanılan ukraynalı dənizçilərlə bağlı mövqeyini dəyişməyəcək. Onun sözlərinə görə, ABŞ prezidentinin şantajı keçməyəcək. Vladimir Cabarov bildirib ki, Rusiyanı şantaj etmək faydasızdır. ABŞ-ın respublikaçı senatoru Ron Conson da "CNN" telekanalına verdiyi müsahibəsində sözügedən mövzu ilə bağlı mövqeyini ortaya qoyub. O, hesab edir ki, ABŞ Azov dənizində və Kerç boğazında hərbi təlimlər və beynəlxalq əməliyyatlar həyata keçirməlidir. "ABŞ gərək bununla barışmasın və o regionda varlığını təmin etsin" deyən Ron Consonun sözlərinə görə, Kremlin səsləndirdiyi "Ukrayna gəmiləri Rusiya sərhədini pozub" bəyanatı yalnız provakasiyadır: "ABŞ gərək bununla barışmasın və o regionda varlığını təmin etsin. ABŞ Rusiyaya öz gücünü göstərmək üçün Baltikyanı ölkələrə və Şərqi Avropaya qoşun yeritrməlidir. ABŞ-ın qanunverici orqanları Rusiyanın hərəkətlərinə cavab vermək Ukrayna gəmilərinin və dənizçilərinin azad edilməsi üçün rezalyusiya hazırlayır".

    Bu arada, ABŞ-ın dünyaca məşhur "Wall Street Journal" nəşri yazır ki, Tramp Rusiyanın Ukrayna hərbi gəmilərinə hücumundan "narazı" olduğunu bəyan edib, dövlət katibi Mark Pompeo isə "Rusiyanın aqressiv hərəkətlərini" qınayıb. Müəllifin fikrincə, amma bütün bunlar yetərli deyil. Onun fikrincə, sərt ritorika faydalıdır: "Amma xüsusən bu məsələdə ABŞ və Avropa əməkdaşlıq etsələr, konkret tədbirlər zəruridir. Başlanğıc üçün Putini çox can atdığı hörmətdən beynəlxalq səviyyədə məhrum etmək lazımdır və Argentinada keçiriləcək G-20 sammiti Rusiya rəhbərini izolyasiya etmək imkanı verəcək". Nəşr iddia edir ki, Rusiya iqtisadiyyatının Qərbin istifadə edə biləcəyi daha bir zəif yeri var: "Konqress yeni maliyyə sanksiyalarını nəzərdən keçirir və iri rus banklarının əleyhinə cəza tədbirləri, yaxud Rusiyanın dövlət istiqrazlarına amerikan investisiyalarinın qadağan oluması Putin rejiminin maliyyə vəziyyətini daha da ağırlaşdıracaq". Müəllifin sözlərinə görə, belə sanksiyalar Avropa İttifaqı ilə birgə həyata keçirilərsə, daha da effektiv nəticə verər: "Amma bu cəza tədbirlərini İtaliya və Yunanıstan kimi ölkələrdə də tətbiq emtək daha çətin olacaq. Belə ki, Avropa köhnə dünya ölkələrində rus cəsusluğunu sübut edən yeni dəlillər əldə edib və bu çoxlarını düşünməyə vadar edir. Almaniyanı xüsusi olaraq xatırlatmaq lazımdır. Belə ki, qazın Rusiyadan Avropaya nəql olunacağını planlaşdıran "Şimal axını-2" boru xətti sayəsində Berlin çox əhəmiyyətli təsir rıçaqlarına malik olacaq. Putin ümid edir ki, Baltik dənizinin dibinə döşənmiş qaz xətti ilə Avropanın boğazındakı enerji boyunduruğunu sıxaraq, prosesi ləngidə və Ukraynanı, həmçinin digər Şərqi Avropa ölkələrini tranzit gəlirlərindən məhrum edə bilər. Amma ABŞ sıxılmış təbii qazın eksportunu genişləndirdiyinə görə, bu qaz kəməri artiq o qədər də əhəmiyyətli görünmür. İndi kansler Angela Merkelin bu məsələni dövlət səviyyəsində müzakirəyə çıxarmasının tam vaxtıdır". "Wall Street Journal" yazır ki, bu məsələnin əleyhinə, nüfuzuna görə Almaniyada ikinci olan "Yaşıllar"ın lideri Cem Özdemir bu il xəbərdarlıqla çıxış edib: "Əgər biz istəyiriksə ki, Putin bizi ciddi qəbul etsin, gəlin, sadəcə "Şimal axını-2" ni dayandıraq".

    "Erməni əsirlərin sayını artırmalıyıq" - MARAQLI TƏKLİF

    Mövzu ilə bağlı "Hürriyyət"ə açıqlama verən "Atlas" Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu hesab edir ki, Donald Trampın Vladimir Putinlə Argentinada keçiriləcək G-20 zirvəsi çərçivəsində planlaşdırılan görüşünün təxirə salınacağı gözlənilən idi: "Çünki bugünlərdə Azov dənizində Ukrayna ilə Rusiya üz-üzə qaldı. Hətta bilirsiniz ki, bu məsələdə ABŞ və Avropa rəsmi Kiyevi dəstəklədilər. Onlar insidentin baş verdiyi bölgəni Ukraynanın ərazisi sayırlar. Bu mənada, Trampın Putinlə görüşünü təxirə salacağı gözlənilən idi". Politoloqun sözlərinə görə, əgər Tramp Putinlə görüşsəydi, o zaman belə çıxacaqdı ki, ABŞ Avoz dənizindəki insidentdə Rusiyanı günahkar saymır: "Məhz bu səbəbdən də sözügedən görüş təxirə salındı. Lakin bu, o demək deyil ki, gələcəkdə Tramp Putinlə görüşməyəcək. Bütün bunlara baxmayaraq, görüşlər olsa belə, ABŞ-ın Ukraynaya görə Rusiyaya tətbiq etdiyi sanksiyalar hələ uzun illər davam edəcək və gətginlik qalacaq. Amma dialoqun olması da faktdır. Belə ki, ABŞ istəmir ki, birmənalı olaraq Rusiya ilə gərginlik artsın. Əslində, Rusiya da bunu istəmir. Buna görə də hər halda tərəflər arasında dialoq davam edəcək".

    "Şimal axını-2" boru xətti ilə bağlı məsələyə gəlincə, Elxan Şahinoğlu qeyd etdi ki, Vaşinqton bunun əleyhinədir, lakin bu, artıq həll olunmuş məsələdir: "Şimal dənizinin dibi ilə boru xətti çəkilib və "Şimal axını-2" boru xətti vasitəsiylə Avropa ölkələrinə qaz axacaq. Əlbəttə, ABŞ və Trampın özü də bunun əleyhinədir. Lakin bunun qarşısını ala bilmədilər. Buna görə Rusiyaya qarşı sanksiyalar tətbiq edə bilməyəcəklər. Çünki həmin sanksiyalar işləməyəcək. Sanksiyalar qəbul edilməmişdən öncə, gərək ilk növbədə Avropaya təzyiq etsinlər ki, Avropa Rusiyadan qaz asılılığını azaltsın. Amma belə görünür ki, Ukraynaya görə Rusiyaya qarşı sanksiyalar tətbiq edən Almaniya belə, Rusiya ilə əməkdaşlıqdan vaz keçmir. Çünki "Şimal axını-2" boru xətti ilə Avropada birinci Almaniya Rusiyadan qaz alacaq".

    Картинки по запросу hərbi-siyasi icmalçı

    Hərbi-siyasi icmalçı Ramil Məmmədli isə "Hürriyyət"ə bildirdi ki, Rusiya-Ukrayna münasibətləri kəskinləşdiyi dövrdən Kremlə qarşı Qərbin, xüsusilə ABŞ-ın sanksiyaları mərhələli şəkildə artırılır: "Bu gün artıq həmin sanksiyalar demək olar ki, pik həddədir. Yəni həm Rusiya məmurlarına, həm də Rusiyanın hərbi sənaye sahəsində fəaliyyət göstərən şirkətlərə və şəxslərə qarşı sanksiyalar tətbiq olunur. Amma Kreml Ukrayna ilə bağlı məsələdə hər hansı bir güzəştə getmək əvəzinə, vəziyyəti daha da gərginləşdirərək Ukraynanı təhdid altında saxlamaq, onu Qara və Azov dənizləri istiqamətində blokadaya almaq niyyətindədir. Bunun da əsas səbəbi Ukraynada iqtisadi vəziyyətin gərginləşdirilməsidir". Moskvanın hansısa mənada istəyinə nail olduğunu vurğulayan hərbi-siyasi icmalçı bu qənaətdədir ki, dənizlə daşınmalara məhdudiyyətin qoyulması Ukrayna iqtisadiyyatına ağır zərbədir: "Lakin Qərb ölkələri, əsasən də dünyanın super dövləti olan ABŞ bu məsələdə Ukraynanı dəstəkləyir. O cümlədən NATO və Böyük Britaniya da Kiyevə öz dəstəklərini ifadə ediblər. Hesab edirəm ki, Donald Trampın G-20 sammitində Vladimir Putinlə görüşdən imtina etməsinin əsasında məhz bu sanksiyaların gücləndirilməsi durur. Həmçinin, Tramp dəfələrlə ABŞ senatında və hökumətin toplantılarında Rusiyaya qarşı sanksiyaların daha da sərtləşdirilməsinin tərəfdarı kimi çıxış edib və Avropanın bu məsələdə ABŞ-ın yanında olmasını istəyib. Qeyd edim ki, Avropanın bir sıra ölkələri, xüsusən də Almaniya və Fransa bu məsələdə ABŞ-ı tam olaraq dəstəkləmirlər. Amma hesab edirəm ki, bütün bunlardan sonra Tramp haqlı olduğunu bir daha təsdiq edəcək, həm öz ölkəsinin parlamenti, həm də Avropa Birliyinin qarşısında tələb qoyaraq Rusiyaya qarşı sanksiyaların gücləndirilməsini istəyəcək. Növbəti addımların hansı formada olacağı isə yəqin ki, Trampın G-20 sammitində, eyni zamanda ABŞ-da verəcəyi açıqlamalardan sonra məlum olacaq. Düşünürəm ki, Rusiya sənayesinə qarşı sanksiyalar heç də Kremlə xeyir gətirməyəcək və əlavə düşmənlərin sayının artmasına səbəb olacaq".

    Vazeh BƏHRAMOĞLU, Hurriyyet.org