TRAMP KÜNCƏ SIXIŞDI

    12

    ABŞ-ın Ticarət Palatası Trampın gömrük vergisi siyasətinə qarşı kampaniyaya başlayacaq

    Hurriyyet.org xəbər verir ki, ABŞ-ın ən böyük biznes dünyası təşkilatı və prezident Donald Trampın üzvü olduğu Respublikaçılar partiyasının ən yaxın müttəfiqlərindən olan ABŞ Ticarət Palatası Trampın ticarətdə gömrük vergiləri siyasətinə müxalif bir kampaniyaya başlayacaq.

    Palatanın sədri Tom Donohyu “Röyters” agentliyinə yazılı açıqlamasında deyib: “Hakimiyyət böyük zəhmət bahasına nail olduğu iqtisadi inkişafı çətinliyə salmaq təhdidi yaradır. Azad və ədalətli ticarətin tərəfində olmalıyıq, lakin bunu təmin eləmək yolu gömrük vergilərini artırmaq deyil”.

    Ənənəvi olaraq, respublikaçı prezidentlərlə yaxından əməkdaşlıq edən, 3 milyon nəfər üzvü olan Ticarət Palatası Trampın dekabr ayında qəbul elədiyi vergi endirimlərini dəstəkləmişdi. Lakin getdikcə artan ticarət gərginlikləri Palata ilə prezident arasında uçurum yaratmaqdadır.

    Trampa təzyiq göstərmək istəyən Ticarət Palatası ABŞ Ticarət Nazirliyi, Çin, Aİ, Meksika və Kandadakı rəsmi təşkilatlarının məlumatlarına istinadən ştatlara dəyəcək zərərlər barəsində araşdırma aparıb.

    Palatanın yazdığına görə, məsələn, Texas ştatı gömrük vergiləri üzündən 3,9, Cənubi Karolina isə 3 milyard dollarlıq ixracat zərərinə uğraya bilər.

    Hurriyyet.org