Tramp impiçment yolu ilə prezidentlikdən kənarlaşdırıla bilər?

39

Rusif Məmmədsoy: "ABŞ prezidentinin "Konqresin qərarını gözləmədən də hücum edərəm" deməsi onu bir qədər çətin vəziyyətə sala bilər"

Kamran Sultanlı: "Tramp İran olayı ilə impiçment prosesini maksimum şəkildə ikinci plana atmağa çalışdı və hardasa buna nail oldu"

"Senatda olan respublikaçı çoxluq Trampı qorumağa çalışacaq, onların prezidenti qurban verəcəklərinə inanmıram"

Bildiyiniz ki, ötən ilin dekabr ayında ABŞ Konqresinin Nümayəndələr Palatası prezident Donald Trampı səlahiyyətlərindən sui-istifadə etməkdə və Konqresin onun əməllərini araşdırmaq səylərini əngəlləməkdə ittiham edərək, impiçmentinə səs verib. Belə ki, partiya xətti üzrə bölünən səsvermədə palatada çoxluq təşkil edən demokratların mütləq əksəriyyəti Tramp barəsində iki impiçment maddəsini təsdiq edib. Tramp isə öz növbəsində, demokratların dəlillərinin sıfra bərabər olduğunu vurğulayıb. O, eyni zamanda bildirib ki, baş verənlər "Demokratlar Partiyasının intiharı"dır. ABŞ prezidentinin sözlərinə görə, demokratlar hələ namizəd olmamışdan öncə onu istefaya göndərməyə hazır idilər.

Tramp iddiasına görə, birinci dəfədir ki, cinayət törətməyən prezidenti uzaqlaşdırmağa çalışırlar: "Demokratlar impiçment prosesini qiymətdən salırlar. Ölkə əhalisi buna cavab verəcək və Demokratlar Partiyasından Nümayəndələr Palatasının spikeri Nensi Pelosini kreslosundan bayıra atacaq. Demokratlar aşağı palatada öz fırıldaqçı impiçmentlərini dəstəkləmək üçün respublikaçıların bir səsini belə, ala bilməyiblər". Lakin buna baxmayaraq, ABŞ Nümayəndələr Palatasının spikeri Nensi Polesi bugünlərdə keçirilən qapalı görüşdə Donald Trampın impiçmenti ilə bağlı işin yanvarın 16-da Senata göndəriləcəyini qeyd edib. Ancaq o, Nümayəndələr Palatasının deputatları arasında ittihamçıların adlarını açıqlamayıb: "Amerika xalqı həqiqəti bilməlidir və Konstitusiya mühakimə tələb edir. Nümayəndələr Palatası impiçment maddələrinin Senata göndərilməsinə və impiçment rəsmilərinin açıqlanmasına səs verəcək. Prezidentdən və senatorlardan hesabatlılıq tələb ediləcək". Nensi Pelosi bildirib ki, mühakimə bir neçə günə başlaya bilər.

ABŞ qanunlarına görə, prezidenti yalnız Senat mühakimə edə bilər, orada isə Trampın partiyasından 53 senator var

ABŞ Senatında respublikaçı çoxluğun rəhbəri, prezidentin qızğın müdafiəçisi sayılan Miç Makkonel isə Donald Trampın impiçment mühakiməsinin yanvarın 21-dən başlana biləcəyini iddia edib. Onun sözlərinə görə, bu mühakimədən əvvəl işlə bağlı senatorların and içməsi kimi bir neçə prosedur həyata keçirilməlidir. Qeyd edək ki, əgər maddələr Senata göndərilərsə, o zaman bu, ABŞ tarixində üçüncü prezidentin impiçmenti olacaq. Ekspertlərin fikrincə, demokratlatın nəzarətində olan Nümayəndələr Palatasında impiçment maddələrinin Senata göndərilməsinə səs veriləcəyi gözlənilir. Lakin ABŞ qanunlarına görə, prezidenti yalnız yuxarı palata olan Senat mühakimə edə bilər. Orada isə Donald Trampın partiyadaşları olan respublikaçıların 53 senatoru var. Onun prezidentlikdən kənarlaşdırılması üçün senatorların üçdə ikisinin buna səs verməsi lazımdır. Lakin hazırkı vəziyyətdə bu, ağlabatan görünmür.

Bu arada, impiçmentlə bağlı işin Senata göndərilməsinə münasibət bildirən ABŞ prezidenti ötən gün özünün "Twitter" səhifəsində, Nümayəndələr Palatasında impiçmentlə bağlı keçirilmiş dinləmələri tarixdə ən qərəzli adlandırıb. Eyni zamanda, o, demokratlar qarşısında Senatdakı impiçment proseduru çərçivəsində dürüst prosesi təmin etmək tələbini irəli sürüb: "Ağlağan Çak Şumer (Nyu-York ştatından Senatda demokratik azlığın lideri) bildirib ki, amerikalılar Senatda dürüst proses (impiçment üzrə görə) istəyirlər. Həqiqət, amma niyə əsəbi Nensi Pelosi və korrupsiyaya uğramış diribaş Adam Şiff (aşağı palatanın Kəşfiyyat üzrə Xüsusi Komitəsinin başçısı) Nümayəndələr Palatasında dürüst prosesi təmin etmədi? Bu Konqresin tarixində ən qərəzli və qeyri-düzgün dinləmələr idi!"

"Trampın impiçmentdən öz xeyrinə istifadə edəcəyi şübhə altındadır, çünki onun növbəti seçkilər üçün şansı aşağı düşüb"

Картинки по запросу Rusif Məmmədsoy

Beləliklə, məsələ ilə əlaqədar "Hürriyyət"ə açıqlama verən "Atlas" Araşdırmalar Mərkəzinin eksperti Rusif Məmmədsoyun sözlərinə görə, Donald Trampın hakimiyyət illərini nəzərdən keçirdikdə, o zaman ölkənin xarici siyasətindən kimsənin razı olmadığını görə bilərik: "Amma bir məsələni qeyd etməliyik ki, daxili siyasət həqiqətən yüksək səviyyədə təşkil edilib. Yerli insanlar ondan razıdır. Çünki Trampın gəlişindən sonra nəzərəçarpacaq dərəcədə iqtisadi artım müşahidə edilib. Bu da insanların həyatına müsbət mənada təsir göstərən əsas amillərdən biridir". Donald Trampın impiçment məsələsinə gəldikdə isə "Atlas" Araşdırmalar Mərkəzinin eksperti bildirdi ki, ABŞ tarixində bir neçə dəfə bu təhlükə ilə üzləşən prezidentlər olub: "Lakin heç bir zaman bu, öz əksini tapmayıb. Tramp "Konqresin qərarını gözləmədən də hücum edərəm" deməsi onu bir qədər çətin vəziyyətə sala bilər. Amma düşünmürəm ki, bu dəfə də həmin qərar həyata keçsin. Bu mənada, Trampın impiçmentdən öz xeyrinə istifadə edəcəyi də şübhə altındadır. Çünki Trampın növbəti seçkilər üçün şansı aşağı düşüb".

"Əslində, Trampın impiçmenti ilə bağlı mübahisəli məsələlər çoxdur, hətta bunu Nensi Pelosi də anlayırdı"

Qafqaz Beynəlxalq Münasibətlər və Strateji Araşdırmalar Mərkəzinin (QAFSAM) eksperti Kamran Sultanlı isə "Hürriyyət"ə açıqlamasında qeyd etdi ki, Donald Tramp İran olayı ilə impiçment prosesini maksimum şəkildə ikinci plana atmağa çalışdı və hardasa buna nail oldu: "Medianın diqqəti ciddi şəkildə İran mövzusuna fokuslandı. Əslində, Trampın impiçmenti ilə bağlı mübahisəli məsələlər çoxdur. Hətta bunu nüfuzlu və təcrübəli demokratların Nümayəndələr Palatasındakı çoxluğun rəhbəri Nensi Pelosi də anlayırdı. Buna görə də Pelosi bir müddət impiçment prosesini uzadırdı, lakin sonra demokratların təzyiqi ilə prosesə icazə verdi. İndi də Pelosi ittiham sənətini Senata göndərmir. Çünki Pelosi özü də bunun nə qədər gərgin və mübahisəli olduğunu anlayır. Trampa isə lazım olan tez bəraət almasıdır".

İmpiçmentlə bağlı işin Senata göndərilməsinə toxunan QAFSAM-ın eksperti bu məsələnin Senatdan keçəcəyinə inanmadığını vurğuladı: "Böyük ehtimalla, Senatda olan respublikaçı çoxluq Trampı qorumağa çalışacaq. Onların Trampı qurban verəcəklərinə inanmıram. Lakin Amerikada və dünyada baş verən gözlənilməz hadisələr Trampın da impiçmentinə səbəb ola bilər. Bunun üçün isə demokratlar tutarlı dəlil gətirib respublikaçıları fakt qarşısında qoymalıdırlar. Bu, hələlik ortada olmadığından Trampın vəzifədə qalmaq ehtimalı yüksəkdir".

Vazeh BƏHRAMOĞLU, Hurriyyet.org