Tramp gedəndən sonra Hindistanda qarışıqlıq oldu! – ÖLƏNLƏR VƏ YARALANANLAR VAR!

3

Hurriyyet.org xəbər verir ki, ABŞ lideri Donald Trampın rəsmi səfərdə olduğu Hindistanın paytaxtında vətəndaşlıq qanununa qarşı çıxanlar küçələrə çıxıblar.

“Röters” informasiya agentliyi Yeni Dehlidəki həftələrlə davam edən etiraz aksiyalarının atışma ilə nəticələndiyini və bu nümayişlərdə ən azı 7 nəfərin öldüyü, 150 nəfərin isə yaralandığı xəbərini verib. Xəstəxanalardakı mənbələr bəzi qurbanların güllə ilə öldürüldüyünü bildirib. Polisin nümayişçilərə qarşı bibər qazı və tüstü bombasından istifadə elədiyi deyilir.

Yeni Dehlidə dünən keçirilən nümayişlərdə bəzi müsəlman kişilərin dubinkalı qruplar tərəfindən döyüldüyünü göstərən fotolar “Röyters” tərəfindən dünyaya çatdırılmışdı.

İki günlük rəsmi səfərlə Hindistana getmiş ABŞ prezidenti D.Tramp hazırda paytaxt Yeni Dehli şəhərindədir.

Dünyada əhalisinin sayına görə ikinci olan Hindistanda dekabr ayında parlamentdə qəbul edilən Vətəndaşlıq Qanunu qonşu ölkələr olan Bangladeş, Pakistan və Əfganıstandan qaçaq yollarla Hindistana daxil olan altı dini qrupa məxsus şəxslərə Hindistanda altı il yaşadıqlarını təsdiqləmələri şərtilə vətəndaşlıq hüququ verir. Bu qanun müsəlmanlara aid edilmir.

İqtidarda olan hindu millətçi  BJP höküməti qanunla dini təzyiqdən qaçanlara qanuni status verilməsini nəzərdə tutduqlarını, müsəlmanların dini azlıq olmadıqlarını və Hindistanın himayəsinə ehtiyacları olmadığı üçün qanuna daxil olmadığını söyləyirlər. Ölkədəki müsəlman qruplar isə qanunun hökumətin müsəlmanları sıxışdırmaq siyasətinin bir parçası olduğunu və Konstitusiyanın dünyəvilik maddəsinin tapdalandığını bildiriblər. BMT də bu qanunda ayrı-seçkilik edildiyindən narahat olduğunu bildirib.

Hurriyyet.org