Tramp Sudan ilə İsrail arasında razılaşma əldə edildiyini bildirdi

63

Hurriyyet.org xəbər verir ki, ABŞ Prezidenti Donald Tramp Sudan ilə İsrail arasında münasibətlərin normallaşdırılması məsələsində razılıq əldə edildiyini bildirib. Oval Ofisdə Açıqlama verən Tramp deyib: “İsrail ilə Sudan arasında barışıq  və münasibətləri normallaşdırmaq üçün razılaşma əldə edilib”.

Donald Tramp ən azı 5 ölkənin İsrail ilə sülh müqaviləsi imzalamağa hazırlaşdığını söyləyib və bu ölkələrdən birinin Səudiyyə Ərəbistanı olduğunu vurğulayıb.

İsrailin Baş naziri Binyamin Netanyahu və Sudanın Baş naziri Abdullah Hamduk Oval Ofisdəki görüşdə telekörpü vasitəsi ilə iştirak ediblər.

Tramp Oval Ofisdə jurnalistlərin qarşısına çıxmazdan dəqiqələr əvvəl Ağ Ev Sudanla bağlı açıqlama verərək, Trampın Sudanı terrora dəstək verən ölkələr siyahısından çıxarmaq qərarını imzaladığını Konqresə bildirdiyini bəyan eləmişdi.

Bu addımın Sudanın “terror qurbanlarına 335 milyon dollarlıq ödəniş etməsindən” dərhal sonra atıldığına işarə edilən açıqlamada göstərdiyi anlayış üçün ölkə rəhbərliyinə təşəkkür edilmişdi.

Bəlli olduğu kimi, 15 sentyabr tarixində Ağ Evdə keçirilən rəsmi mərasimdə İsrail ilə BƏƏ və Bəhreyn dövlətləri arasında “münasibətlərin normallaşdırılması” ilə bağlı müqavilələr imzalanmışdı”.