Tramp: “BƏƏ-nin ardınca Bəhreyn də İsraillə münasibətləri normallaşdırır”

72

Hurriyyet.org xəbər verir ki, ABŞ Prezidenti Donald Tramp Birləşmiş Ərəb Əmirliklərindən sonra Bəhreyn ölkəsinin də İsrail ilə münasibətləri normallaşdırmağa hazırlaşdığını bəyan edib.

“Anadolu Agentliyi”nin verdiyi xəbərə görə, Tramp rəsmi “Tvitter” hesabından verdiyi açıqlamada yazıb: “Bu gün növbəti mühüm tarixi addım atılıb. İki böyük dostumuz – İsrail ilə Bəhreyn sülh müqaviləsi məsələsində razılaşıblar”.

Bəhreynin son bir ayda İsrail ilə sülh müqaviləsi imzalayan ikinci ölkə olduğunu vurğulayan Tramp ABŞ, Bəhreyn və İsrailin razılaşma ilə bağlı birgə bəyanatını da paylaşıb.

Bəhreyn Kralı Hamad ibn İsa Əl Xəlifə, İsrailin Baş naziri Binyamin Netanyahu və ABŞ Prezidenti Donald Trumpın bu gün görüşdüklərinin bildirildiyi açıqlamada İsrail ilə Bəhreynin diplomatik əlaqə qurmaq məsələsində razılaşdıqları bildirilir.

Donald Tramp 13 avqust tarixdə İsrail ilə BƏƏ-nin “münasibətləri tamamilə normallaşdırmaq” məsələsində razılaşdıqlarını bəyan eləmişdi.

Bəhreyn Kralı İsrail ilə BƏƏ razılaşmasının 15 sentyabr tarixində Ağ Evdə keçiriləcək imzalanma mərasimində iştirak edəcək.

Misir (1979-cu ildə) və İordaniyadan (1994-cü ildə) sonra BƏƏ İsrail ilə münasibətlərini normallaşdırmağa razı olan üçüncü ərəb ölkəsidir.