“Tramp administrasiyasını çətin dönəm gözləyir”

15

Məhəmməd Əsədullazadə: “Pandemiya, iqtisadi geriləmə, indi də kütləvi etirazlar Trampa soyuq duş effekti taradır”

Zaur Məmmədov: “Əgər Amerika özünü dünyanın ən qabaqcıl ölkəsi sayırsa, o zaman bu cür zorakılıqlara yol verilməməlidir”

Qərbin, əsasən də ABŞ-ın Azərbaycan da daxil olmaqla, bir çox dövlətlərə təqdim etməyə çalışdığı demokratiya deyilən nəsnə əslində boş, mənasız bir şeydir. Ona görə ki, əsl demokratiya heç ABŞ-ın özündə belə, yoxdur. Amerikada haqqını tələb edən qaradərililərin polis zorakılığına məruz qalması, aksiya təşkil etdikləri üçün döyülmələri, hətta öldürülmələri bunun bariz sübutudur. ABŞ-ın özünün təbliğ etdiyi demokratik dəyərlərə məhəl qoymadığını təsdiq edən məqamlardan biri də qaradərili vətəndaşlara qarşı səbəbsiz yerə güc tətbiq edən, onları ayrı-seçkiliyə məruz qoyan polis əməkdaşlarına “gözün üstə qaşın var” deyənin olmamasıdır. Əgər ABŞ həqiqətən də insan hüquq və azadlıqlarına bu qədər önəm verirsə, onda nədən qaradərililərə atəş açan, onları vəhşicəsinə döyən, qətlə yetirən polisləri ciddi şəkildə cəzalandırmır? Çünki sinəsinə döyə-döyə “mən əsl demokratam” deyən Amerikada tolerantlıq, demokratiya-filan yoxdur. ABŞ-da insanın dərisi, onun dili və dini mühüm əhəmiyyət kəsb edir. Yəni ağ dərili qara dəriliyə, xristian və ya yəhudi məsalmana nisbətən daha üstün mərtəbədədir.

Bugünlərdə ABŞ-ın Minnesota ştatının Minneapolis şəhərində baş verən olay, yəni demokratik dəyərlərdən, insan hüquq və azadlıqlarında danışan, hətta dünyada bu kimi dəyərlərin keşikçisi rolunda çıxış edən bir ölkədə polisin qaradərili vətəndaşa qarşı zoraklıq nümayiş etdirməsi bir daha təsdiqlədi ki, Amerika öz gözündə tiri görmür, özgə gözündə qıl axtarır. Belə ki, mayın 25-də 46 yaşlı qaradərili Corc Floyd fırıldaqçılıq şübhəsiylə Minneapolisdə nəzarətə alınarkən polislər onu yerə yıxaraq qandallayıb və sonra da polislərdən biri onun üstündə oturaraq dizi ilə boynundan basıb. Bu zaman yoldan keçənlər hadisəni kameraya çəkiblər. Videogörüntülərdən Floydun əvvəlcə dəfələrlə nəfəs ala bilmədiyini söyləməsi və bir az keçməmiş onun huşunu itirməsi bəlli olub. Minneapolis polisi Floydun bundan sonra xəstəxanaya yerləşdirildiyini bildirib. Lakin o elə həmin gün xəstəxananın reanimasiya şöbəsində vəfat edib. Qeyd edək ki, həmin görüntülər sosial mediada böyük əks-səda yaradıb, ölkədə qaradərililərə qarşı polis şiddəti mübahisələri təkrar alovlanıb və Minneapolis başda olmaqla, bir çox şəhərdə – Sent-Pole, Atlanta, San-Xose, Hyustonda və paytaxt Vaşinqtonda etiraz aksiyaları keçirilib. Minneapolis şəhərində iğtişaşların başlanmasından üç gün sonra, dizi ilə Floydunu boynundan sıxaraq öldürən 44 yaşlı ağ dərili zabit Derek Şovin nəhayət həbs olunub. Ona qarşı üçüncü dərəcəli qətl və qərəzsiz qətl ittihamları irəli sürülüb. Bu barәdә məlumat verən Minnesota Tәhlükәsizlik Departamentinin müdiri Con Harrinqtonun sözlərinə görə, Corc Floydu dizi ilә boğaraq öldürәn polis әmәkdaşı vә hadisәyә şahidlik edәn üç polis işdәn azad edilib.

Onu da nəzərinizə çatdıraq ki, Minnesota ştatındakı Milli Qvardiya ordu hissələrinin komandanı Con Cekson ABŞ Milli Qvardiyasının daha 1000 nəfər döyüşçüsünün iğtişaşların davam etdiyi Minneapolis şəhərlərinə və Sent-Pola göndərilə biləcəyini bəyan edib. Buna qədər isə Minnesota ştatının rəhbərliyi Minneapolisə və Sent-Pola 500 Milli Qvardiya döyüşçüsünün göndərildiyi xəbərini vermişdi. “Assoşieyted Press” agentliyinin vəziyyətdən xəbərdar olan mənbələrə istinadən yaydığı xəbərə görə, Pentaqon hərbi polis qüvvələrinə Minneapolisə müdaxilə eləmək üçün hazır olmaq əmri verib. Mənbənin məlumatına görə, Şimali Karolinadakı Fort-Breqq və Nyu-Yorkdakı Fort-Dramdan olan əsgərlərə dörd saat ərzində Minneopolisə getməyə hazır olmaq əmri verilib. Koloradodakı Fort-Karson və Kanzasdakı Fort-Raylidə olan əsgərlər 24 saat ərzində hazır vəziyyətdə olmalıdırlar. ABŞ prezidenti Donald Tramp isə öz növbəsində, “hadisələrin yatırılması üçün ordunun hazır olduğu”nu söyləyərək belə hədələyib: “Küçələrə tökülən nümayişçilər Floydun xatirəsinə hörmətsizlik edir. Bunlar mütəşəkkil radikal sol qruplardır. Floydun xatirəsi naminə şiddət sona çatmalıdır. Bu Antifa qrupu, bu radikal solçular pis adamlardır, onlara bu şəkildə hərəkət edə bilməyəcəklərini göstərmək lazımdır. Belə davam edərsə, nümayişçilərin itlərlə qarşılanacaqlar”. Buna baxmayaraq, mayın 30-da etirazçılar Ağ Evin qarşısına toplanıblar. Polisin sərt müdaxiləsi ilə yüzlərlə adamın qatıldığı nümayiş qarşıdurmaya çevrilib.

“Respublikaçılar bundan onun əleyhinə istifadə edirlər və bu, seçkilələrə qədər davam edəcək”

İctimai nəqliyyatda vətəndaşlar əvvəlki qaydada daşınır ...

Beləliklə, mövzu ilə bağlı “Hürriyyət”ə açıqlama verən Cənubi Qafqaz Təhlükəsizlik və Sülh İnstitutunun sədri, politoloq Məhəmməd Əsədullazadə bildirdi ki, son olaylardan sonra ABŞ-da irqi problemin davam etdiyini, bunun heç də müsbət həll edilmədiyini görürük: “Biz əsasən afroamerikalılara qarşı bunun şahidi oluruq. Bir məsələni qeyd edim ki, qaradərili insanların ABŞ cəmiyyətinə tam inteqrasiyasına imkan vermirlər. Buna görə də cinayətə meyilli bu kimi hallarla üzləşirlər. ABŞ-da polisin səlahiyyəti genişdir. Bu, o demək deyil ki, o şübhəli şəxsləri vurmalıdır”. Politoloq bu qənaətdədir ki, Corc Floydun öldürülməsi məhz irqindən irəli gəlir: “Ona qarşı insanlıq münasibəti göstərilməyib. ABŞ-da belə hallar analojidir və bundan sonra da davam edəcək. Çünki ABŞ cəmiyyəti buna hazır deyil. Düşünürəm ki, baş verənlər Tramp administrasiyasının əleyhinədir. Pandemiya, iqtisadi geriləmə, indi də kütləvi etirazlar Trampa soyuq duş effekti taradır. Respublikaçılar bundan onun əleyhinə istifadə edirlər. Və bu, seçkilələrə qədər davam edəcək. Hesab edirəm ki, Tramp əleyhdarlı kütlə etirazları ona qarşı piara çeviriblər. Tramp hakimiyyətinə son vermək üçün bu etirazlar davam edəcək. İmpiçment və Rusiya ilə bağlı şübhələr Trampı zəiflədə bilmədi. Bundan istifadə edənlər maksimum çalışacaqlar ki, Trampın növbəti seçkilərdə qələbə qazanmaq şansını zəiflətsinlər. ABŞ cəmiyyəti bu məsələyə həssasdır və Tramp üçün çətin dönəm gözlənilir”.

“ABŞ-da hər zaman qaradərililərə qarşı ayrı-seçkilik olub, daim onlara qarşı ciddi şəkildə ikili standartlar tətbiq olunub”

Zaur Məmmədov: Azərbaycanın növbəti peykinin orbitə buraxılması ...

Prezident yanında Dövlət İdarəçilik Akademiyasının müəllimi, Bakı Politoloqlar Klubunun rəhbəri Zaur Məmmədov da “Hürriyyət”ə bildirdi ki, ABŞ-da hər zaman qaradərililərə qarşı ayrı-seçkilik olub: “Daim onlara qarşı ciddi şəkildə ikili standartlar tətbiq olunub. Lakin əslində bu, çox paradoksal səslənir. Çünki ABŞ-a gələn ağdərililər yerli sakinlər deyillər, onların yerli hindulara qarşı amansız mübarizəsi haqda kifayət qədər məlumatlar var. Qeyd edim ki, qaradərililər ancaq 20-ci əsrin ortalarından etibarən seçkilərdə iştirak etmək hüququ qazandılar. Bununla da onlarla ağdərililərin hüquqları bərabərləşdi”. Bakı Politoloqlar Klubunun rəhbəri Zaur Məmmədov hesab edir ki, ABŞ polisi tərəfindən qaradərili Corc Floyda qarşı amansız münasibət, nəticədə onun vəfat etməsi və bundan sonra əhalinin etirazlara başlaması Donald Trampdan asılı olan məsələ deyil: “Yaxşı olar ki, ABŞ-ın hüquq-mühafizə orqanları qaradərililərə qarşı bu cür davranışlara son qoysunlar. Əgər Amerika özünü dünyanın ən qabaqcıl ölkəsi sayırsa, o zaman bu cür zorakılıqlara yol verilməməlidir. Ümumiyyətlə, ABŞ çox paradoksal ölkədir. Baxın, qaradərili Barak Obama ağdarılilərin çoxlu təşkil etdiyi Amerikada prezident postuna seçildi. Bütün bunlar onu deməyə əsas verir ki, məsələni ciddi şəkildə aktuallaşdırmağa ehtiyac var, lakin böyükməyə lüzum yoxdur. ABŞ özünü dünyanın ən qabaqcıl demokratik ölkəsi sayırsa, bu kimi hallara son qoymalıdır”.

Vazeh BƏHRAMOĞLU, Hurriyyet.org