Toyuq oğurlayana 4 il, uşaq zorlayana 1 il…

96
Lerikdə 15 yaşlı qızcığaz təcavüzə məruz qalıb. Müəllim adına ləkə olan Şəfahət Məmmədov adlı məxluq öz şagirdini zorlayıb. Ağzından süd iyi gələn bu uşaq bir müddət sonra dünyaya UŞAQ gətirəcək…
Məktəblinin ailəsi şikayətçi olduğu üçün faktla bağlı Cinayət Məcəlləsininnin 152.1-ci (on altı yaşına çatmayan şəxslə cinsi əlaqədə olma və ya seksual xarakterli hərəkətlər etmə) maddəsi ilə cinayət işi açılıb.
Sonra toplanmış materiallar Lerik rayon Məhkəməsinə göndərilib. Hakim Kiçikbəyov böyüklük edə bilmədiyi üçün namus düşməni olan Məmmədov cəmi 1 il cəza ilə canını qurtarıb. Hakimin köməkçisi deyib ki, məktəblinin ailəsi şikayətini geri götürsə, Azərbaycan müəlliminin üz qarası olan məxluq vaxtından əvvəl azadlığa çıxa bilər.
Dünən bir hüquqşünasla əlaqə saxladım. Dedi ki, bu məsələdə hakimi günahlandırmaq çox da ədalətli yanaşma deyil. Sən demə, mövcud qanunvericiliyin tələblərinə görə, azyaşlı ilə cinsi əlaqədə olmağa görə 1 ildən 3 ilə kimi həbs cəzası düşür. Görünür, Kiçikbəyov cıqqılı maraqlarını əsas götürərək, Məmmədova ən yüngül cəza təyin edib. Adamın soyadında kiçik sözü ola bilər, əsas odur ki, ürəyi böyük olsun. Amma Məmmədovla bağlı çıxardığı qərar göstərdi ki, daşıdığı soyad hakimin xarakterinə də öz möhürünü vurub…
Deyirlər ki, Cinayət Məcəlləsinin 152.1-ci maddəsində azyaşlı ilə cinsi əlaqəyə girməyə görə 1 ildən 3 ilə kimi cəza nəzərdə tutulduğu üçün hamı məhkəmənin hökmünə boyun əyməlidir. Məncə, məhkəmənin hökmünə boyun əymək yox, bu qanunu rus dilindən tərcümə edib, olduğu kimi Azərbaycan xalqına sırıyan adamların boyunu yerə soxmaq lazımdır.
Qanun Quran ayəsi deyil. Dövrün tələblərinə uyğun olaraq, ona əlavə və düzəlişlər etmək, təkmilləşdirmək mümkündür. Azyaşlı ilə hətta öz razılığıyla olsa belə cinsi əlaqəyə girməyə görə 1 ildən 3 ilə kimi cəzanı adekvat hesab edən hüquqşünasın boyunu yerə dürtüm. Bu cür adamların abrını ancaq qara torpaq örtə bilər.
Bu necə qanundur ki, toyuq oğurlayana 4 il, uşaq zorlayana 1 il cəza nəzərdə tutur? Budurmu sizin ədalətiniz? Belə “ədalət” özünüzə qismət olsun!
Analoji hadisələrin hansı səbəbdən tez-tez baş verdiyi məlumdur. Qanunlarda boşluqlar var. Bu boşluqlar hakimlərə “əl yeri” qoyur. Qanunlara əlavə və düzəlişlər etməklə həmin boşluqları dərhal doldurmaq lazımdır. Çünki bəzi yaramaz hakimlər bu boşluqlardan istifadə edib, öz ciblərini doldururlar…(Yenisabah.az)
Seymur VERDİZADƏ