Toyundan 15 dəqiqə sonra vəfat etdi: Həyat yoldaşı onun xatirəsini əbədiləşdirməyə qərar verdi

198

Danimarkada beyin şişi xərçəngindən əziyyət çəkən qadın toyundan 15 dəqiqə sonra vəfat edib. REN TV xəbər verir ki, həkimlər 2018-ci ildə 41 yaşlı Lu Tulin Simonsenə beyin xərçəngi diaqnozu qoyub. 10 il sevdiyi şəxslə münasibətləri olan qadın bütün bu illər ərzində toy etmək arzusunda olub.

Xəstəlik səbəbindən qadının görmə qabiliyyəti zəifləyib və baş ağrıları başlayıb. T.Simonsen radiasiya terapiyası kursu keçsə də, həkimlər ona iki ildən çox yaşamayacağını deyiblər. Sağlamlığını bərpa edəcəyinə inanan qadın sevdiyi şəxsdən xahiş edib ki, səhhəti yaxşılaşan kimi onlar ailə qursunlar.

Lakin vaxt keçdikcə T.Simonsen səhhətində problem daha da artmağa başlayıb və onun sevdiyi kişi Şaff Prabatani qadın üçün qəfil toy məclisi təşkil edib. Beləliklə, cütlük münasibətlərini rəsmiləşdirib. Lakin toy mərasimi bitəndən 15 dəqiqə sonra T.Simonsenin vəziyyəti kəskin pisləşib və o, həyatla vidalaşıb.

Hadisədən sonra həyat yoldaşının xatirəsini əbədiləşdirməyə qərar verən Ş. Prabatani qadının yaşadığı evin yaxınlığında küçə kitabxanası yaradıb. Kitab rəfinin üzərində “Lunun kiçik kitabxanası” yazılıb. Dünyasını dəyişən qadının həyat yoldaşı sevdiyi şəxsin kitab oxumağa böyük maraq göstərdiyi üçün onun xatirəsini bu şəkildə əbədiləşdirməyə qərar verdiyini deyib.