Toxum anbarlarında fumiqasiya tədbirləri aparılır

    3

    Zərərvericilərə qarşı saxlama anbarlarının fumiqasiya (zərərsizləşdirmə) edilməsi bu gün kənd təsərrüfatında ən vacib tədbirlərdən biridir. Çünki taxıl anbarlarda saxlanıldığı müddətdə zərərvericilər və mikroorqanizmlər tərəfindən 5-20 faizə qədər zədələnməyə məruz qalır. Bütün toxumçuluq təsərrüfatlarında istehsal olunan toxum materiallarının sağlam və keyfiyyətli saxlanılması üçün taxıl anbarlarının təmizlənməsi və fumiqasiya olunması çox vacib məsələdir.

    Hurriyyet.org xəbər verir ki, Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Fitosanitar Nəzarəti Xidmətinin fumiqasiya dəstəsi tərəfindən respublikamızın bir sıra rayon və şəhərlərində fermerlərə məxsus taxıl və digər toxum anbarlarında fumiqasiya tədbirləri həyata keçirilir və fumiqasiya olunmuş anbarlarda təhlükəsizlik qaydalarına əməl etmək üçün fermerlərə lazımi izahat və tövsiyələr verilir. Hazırda fumiqasiya tədbirləri davam edir.

    Zərərsizləşdirmə tədbirlərinin yerinə yetirilməsi karantin nəzarətindəki məhsulların becərilməsi, tədarükü, saxlanması, daşınması, emalı, satışı, habelə onların idxalı, tranziti və ixracı ilə məşğul olan hüquqi və fiziki şəxslər üçün məcburidir və fitosanitar tədbirlərin pozulmasına görə qanunvericiliklə müəyyən edilmiş qaydada məsuliyyət daşıyırlar.

    Son zamanlar dünyanın bir sıra ölkələrində yayılmış karantin və xüsusi təhlükəli orqanizmlərin respublika ərazisinə daxil olmasının qarşısını almaq və anbarlarda bu zərərli orqanizmlərin məhv edilməsini təmin etmək məqsədilə karantin nəzarətində olan obyektlərdə zərərsizləşdirmə tədbirlərinin təlimata uyğun həyata keçirilməsi zəruridir. Fumiqasiya tədbirləri həyata keçirilməyən anbarlarda və digər saxlanma yerlərində məhsulun saxlanılması qanunla müəyyən edilmiş qaydada qadağandır.

    İldən-ilə bitki mənşəli məhsulların idxalının artması, xüsusilə də karantin vəziyyəti zəif öyrənilmiş ölkələrdən, bir sıra xüsusi təhlükəli zərərli orqanizmlərin gətirilməsi kimi real təhlükə yaradır. İdxal edilən karantin nəzarətində olan yüklərə baxış zamanı il ərzində Azərbaycan Respublikası üçün karantin hesab edilən onlarla növ aşkarlanır.

    Azərbaycanın Ümumdünya Ticarət Təşkilatına üzv olmaq istəyi fumiqasiya tədbirləri aparılarkən normativ hüquqi bazaya əməl edilməsinə diqqəti artırır.

    Qeyd edək ki, 2017-ci ildə 253798 kubmetr meşə materialı, 161247 ton karantin nəzarətində olan material, 3716007 kubmetr anbar sahəsi zərərsizləşdirilib.

    Hurriyyet.org