Tovuz döyüşlərinin əsas dərsi – düşmən satqınlarımızı necə şəhadət verdi?

180

Bir millətin böyüklüyü, bişəkk, onun sayı ilə müəyyən olunmaz. Hər hansı müsibət, bəla üz verərkən vaxtında birləşmək qabiliyyəti ilə ölçülər. Təhlükə anında birləşə bilirsə, demək, ona zaval yoxdur, millət kimi artıq formalaşıb, yox – o zaman, o, sadəcə, konkret coğrafi məkanda yaşayan insan kütləsindən başqa bir şey deyil. Bu gerçəyi tarix dönə-dönə təsdiqləyib və altından da silinməz möhürünü basıb.

Birləşmək qabiliyyəti isə müdriklik, təmkinlik, uzağı görmək bacarığına birbaşa bağlı məsələdir və ən əvvəl millətin dərin zəkaya, soyuq başa sahib aydınlarından, öndərlərindən asılıdır. Eyni zamanda, xalqın içindəki ballast və satqın kütlənin, “5-ci kolon”çuların, böyük şairimizin dili ilə desək, “evini vətən, ailəsini xalq bilənlər”in çəkisi ilə ölçülər.

Bu xüsusda Tovuz döyüşləri millət olaraq, bizi bir daha silkələdi, xainləri, satqınları və saxtakarları üzə çıxardı, bizi vəhdət sınağına çəkdi. Bəs bu testdən ümumən 50 milyonluq xalq keçə bildimi? Özümüzü toplum, fərd olaraq şəhidlərimizə layiq apara, təsdiqlədə bildikmi? Bilirikmi?

Əsasən hə. Amma…

Baxın. Yəhudilər sayca əksər millətlərdən azdır. Amma dünya siyasətinə diktə edəcək bir siyasi gücə, qabaqcıl və modern orduya, iqtisadiyyata malikdir. İsrail bizim strateji tərəfdaşımız, silah tədarükçümüzdür. Yəhudilərdən öyrənməli çox şey var. Təkcə silah sənayesini nəzərdə tutmuruq əlbəttə ki. Naxçıvandan cəmi 3 dəfə böyük bir ərazidə dünyanın ən qüdrətli dövlətlərindən birini quran xalqdan, həm də bizə dost xalqdan, torpaqlarımız uğrunda Albert Aqarunov kimi şəhid, Milli Qəhrəman vermiş bir millətdən, sizcə, öyrənməli nəsə yoxdur?

Təbii, onların da satqınları var. Ancaq azdır, çox az. Məsələn, erməni yalanına uyub guya Tovuzla sərhəddə İsrail istehsallı PUA-mızın vurulmasına ürəkdən sevinən yəhudi politoloq Avidqor Eskin kimi. Yaxud Qarabağa qanunsuz səfərlər etdiyi və ölkəmiz haqda hədyanlar yazdığı üçün Bakıda türmədə yatan, sonra əfv olunan, Tovuz döyüşləri zamanı, xarici ölkələrdəki azərbaycanlı-erməni davaları zamanı öz xəbis niyyətini təzədən büruzə verən bloger Aleksandr Lapşin kimi. Amma biz Moskvada ermənilərə iqtisadi müharibə elan edən Qod Nisanov kimi vicdanlı, ləyaqətli yəhudi iş adamını da tanıyırıq…

Satqınlara gəlincə, Hitlerin təbliği kimi anlaşılmasın, bu yerdə onun bu fikri ilə razılaşmamaq mümkünsüzdür: “Vətənini azad etmək istəyirsənsə, tüfənginə qoyduğun 10 güllədən 9-nu satqınlara, 1-ni isə düşməninə atmağın kifayətdir”.

Bu sözdə həqiqət var. Zira, düşmən sənin önündədirsə, daxili düşmənlər, satqınlar yanında, içindədir, arxandadır, sənə qəfil zərbə, ölümcül yara vurmaq üçün gözəl fürsətə malikdir.

Bu isə böyük Şeyx Şamilin sözüdür, deyib ki: “Əgər düşmənlərinə itkisiz və asan qalib gəlmək istəyirsənsə, birinci öz içindəki satqınları məhv et. Unutma ki, cəmi bir satqın böyük bir xalqın dağılmasına gətirə bilər!”

Tovuz döyüşlərinin əsas ibrət dərsi də əslində budur. Diqqətli olmalıyıq. Unutmayaq, artıq Qarabağ üçün olduqca həssas bir dönəm başlayıb. Qarabağ uğrunda döyüş çoxdan təkcə Qarabağda, səngərlərdə, sərhəddə getmir…

“Vətəni sevmək imandandır” buyurur İslam Peyğəmbəri. Hansı ölkədə oturmağından asılı olmayaraq, aramızdakı erməni dəyirmanına su tökən imansızları vaxtında və yaxşı tanıyaq, ifşa və təcrid edək! Nə qədər gec deyil. Çünki qarşıda böyük Vətən savaşı var. Çünki “İşğala uğrayan vətən torpağı sülh ilə ələ keçməz, yalnız savaşla alınar” (Şeyx Şamil)… \\Musavat