Törətmədiyi cinayətə görə 15 il həbsdə yatdı

123

ABŞ-ın Tennessi ştatının sakini törətmədiyi qətldə ittiham edilərək, həyatının 15 ilini həbsxanada keçirib. Bu barədə “Unilad” nəşri məlumat yayıb. 1998-ci ildə iki nəfər kişi Lorey Ovens adlı şəxsi tikintidə istifadə olunan daşla döyərək öldürüblər.

Şahidlər bildiriblər ki, cinayəti iki afroamerikalı törədib və şübhəli şəxslərin fotoşəkilləri arasından onlardan birinin məhz Cozep Vebsterin olduğunu bildiriblər. 2006-cı ildə məhkəmə C.Vebsteri şahid ifadələrinə əsasən qətldə təqsirli bilib. Hazırda 41 yaşında olan C.Vebster özünü günahkar bilməyib, lakin məhkəmə onu ömürlük həbs cəzasına məhkum edib. Nəticədə, o, ömrünün 15 ilini həbsxanada keçirməli olub.

Lakin dustağın vəkili uzun illər ərzində şəxsi istintaqını davam etdirib və cinayət işinə yenidən baxılması üçün məhkəməyə müraciət edib. Eyni zamanda, şahidlərdən biri ifadəsini dəyişdirib və qətldə istifadə olunan əşyanın üzərində məhkum edilən şəxsin DNT-si tapılmayıb.

Beləliklə, dairə prokurorluğu hakimə ittihamdan imtina etməyi tövsiyə edib. Beləliklə, məhkəmə bir neçə gün əvvəl C.Vebsteri həbsdən azad edib. 15 il törətmədiyi cinayətə görə həbsdən qalmaq məcburiyyətində qalan C.Vebster həbsxanadan çıxandan dərhal sonra anasının yanına gedib və ondan ev yeməyi bişirməyi xahiş edib. Azadlığına qovuşan C.Vebster ailəsinə çox bağlı olduğunu və həbsxanada keçirdiyi hər gün yaxınları üçün çox darıxdığını deyib.