Tofiq Yaqublunun şikayəti təmin edilmədi

63

Bakı Apelyasiya Məhkəməsində Müsavat Partiyasının üzvü Tofiq Yaqublu barəsində seçilmiş həbs-qətimkan tədbirinin ev dustaqlığı ilə əvəz edilməsi məsələsinə baxılıb.

Hurriyyet.org musavat.com-a istinadən xəbər verir ki, prosesdə qərar elan olunub. Qərara əsasən T.Yaqublunun şikayəti təmin edilməyib və həbsdə saxlanılıb.

Xatırladaq ki, T.Yaqublu barəsində Nizami rayon Məhkəməsi ndə 3 ay həbs-qətimkan tədbiri seçilib.

Qeyd edək ki, rəsmi məlumata görə martın 22-i günorta saat 15 radələrində paytaxtın Nizami rayon ərazisində Yaqublu Tofiq Rəşid oğlunun idarə etdiyi “Toyota Corolla” markalı avtomobil Cəbrayılov Elxan Səttar oğlunun idarə etdiyi “VAZ-2107” markalı avtomobillə toqquşub: “Yol-nəqliyyat hadisəsi Tofiq Yaqublunun öz təqsiri səbəbindən baş verdiyi halda, o, əsaslı səbəb olmadan mübahisə edərək, Elxan Cəbrayılovu və onun sərnişini olan həyat yoldaşı Cəvahir Cəbrayılovanı yumruq və vintaçanla vuraraq, onlara müxtəlif dərəcəli bədən xəsarətləri yetirib. Hadisə yerinə polis əməkdaşları gəliblər”.

Faktla bağlı Nizami Rayon Polis İdarəsində Cinayət Məcəlləsinin 221.3-cü (xuliqanlıq, silahdan və ya silah qismində istifadə olunan əşyalardan istifadə edilməklə törədilməsi zərər çəkmiş şəxsə zor tətbiq olunması ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət olunduqda) maddəsi ilə cinayət işi başlanıb, T.Yaqublu şübhəli şəxs qismində saxlanılıb.

T.Yaqublu ittihamları qəbul etmir.