Tikinti materialları bahalaşa bilərmi – mütəxəssis rəyi

330

Ekspert: “İşğaldan azad edilən rayonlarda təmir-tikinti işlərinin başlaması canlanmaya səbəb olacaq”

Silahlı Qüvvələrin Ali Baş Komandanı, Prezident İlham Əliyevin qətiyyəti, rəşadətli Ordumuzun gücü nəticəsində Azərbaycanın erməni işğalındakı torpaqları azad edildi. Düşmən Ordumuzun qarşısında rəzil duruma düşərək pərən-pərən oldu. Ermənistan artıq həm siyasi, həm də hərbi baxımdan xaos durumundadır.

Mənfur düşmən son 30 il ərzində işğal altında saxladığı ərazilərimizi talayıb, dağıdıb. Bu ərazilərimizdə sağ qalan tikili tapmaq müşkül məsələdir. Lakin Azərbaycan Prezidentinin dediyi kimi, bu ərazilər yenidən bərpa ediləcək, şəhərlərimiz əvvəlkindən də yaxşı vəziyyətdə olacaq.  Artıq işğaldan azad edilən Ağdamda abadlıq işlərinə, yol çəkilişinə başlanıb. Eləcə də Şuşa yolunun da çəkilməsi üzrə işlər aparılır.

Bəs yeni binaların tikilməsi, şəhərlərin qurulması tikinti bazarına necə təsir edəcək? Qiymətlərdə bahalaşma ola bilərmi?

Natiq Cəfərli: "Cəmil Həsənlinin bu qədər səviyyəsiz vəziyyətə düşəcəyini  gözləmirdim"

Natiq Cəfərli

“Yeni Müsavat”a danışan iqtisadçı Natiq Cəfərli bildirib ki,  indidən də məlumdur ki, quruculuq işlərinin davam edəcəyi yaxın illərdə həm infrastruktur layihələri olacaq, həm də vətəndaşlarının özlərinin tikintilər aparmaları üçün imkanlar genişlənəcək:

“Bununla da tikinti materialları bazarında tələbin yüksəlməsi gözlənilir. İndidən bunu bilirik və qiymətlərin artmasına təəccüblənmək lazım deyil. Artıq indidən həm stimullaşdırıcı, həm də istehsalın artımına səbəb olacaq addımları atmaq lazımdır. Təbii ki, idxal malları ilə də bağlı müəyyən güzəştlər tətbiq edilməlidir ki, bazarda qiymətlərin sürətlə artmasının qarşısı alınsın. Yəni Azərbaycanda istehsal olunmayan və xaricdən gətirilən tikinti materiallarına müəyyən gömrük və yaxud da vergi güzəştlərinin tətbiqi çox güman ki, gündəmə gələcək. Yəni bir çox Azərbaycanda istehsal olunmayan məhsulların gömrük rüsumundan tamamilə azad edilməsi məsələsi gündəmə gələ bilər”.

Ekspert bildirib ki, daxili istehsalın artırılması üçün stimullaşdırıcı addımların atılması mümkündür:

“Ola bilər ki, bu sahədə təcrübəsi olan iş adamlarına dövlət tərəfindən güzəştli kreditlər verilsin. Onlara müxtəlif vergi güzəştləri də tətbiq edilə bilər ki, həmin adamlar istehsallarını genişləndirsinlər. Bu, həm də əlavə iş yerlərinin açılması deməkdir. Yəni kompleks baxış olarsa daha effektiv olar. Ayrı-ayrı regionların inkişafı kimi yox, ümumilikdə, işğaldan azad edilən torpaqların bərpası və iqtisadiyyata, sosial həyata qazandırılması bir mərkəzdən idarə edilməlidir. Burada bir-birini tamamlayıcı addımlar da olmalıdır. İşğaldan azad edilən rayonların hansında imkan varsa, orada tikinti materiallarının istehsalına başlamaq lazımdır. İstər mişar daşı, istərsə də digər təməl tikinti materialları olsun. İşğaldan azad edilən rayonlarımızın bir çoxunda belə resurslar var və onların tez bir zamanda istifadəyə verilməsi, onlardan yerindəcə istifadə edilməsi üçün indidən proqram və planlar qurulmalıdır. Bu da həm qiymətlərin tənzimlənməsində kifayət qədər böyük rol oynaya bilər, həm logistikanı ucuzlaşdırar, həm də həmin bölgələrdə iş yerlərinin yaranması, biznesin canlanması ilə nəticələnər”.

Əli RAİS,
“Yeni Müsavat”