Tiflisin Ermənistan üçün vacibliyi: Bu məngənədən çıxmaq üçün… – Konfliktoloq açıqladı

3

Gürcüstan Ermənistanla quru sərhədə və demək olar ki, daha açıq iqtisadi və siyasi əlaqələrə malik yeganə ölkədir. Düzdür, Ermənistanın İranla da quru sərhədi var, amma İran sanksiya altında olan ölkədir. Yəni, yeganə perspektivli ölkə Gürcüstandır. Ona görə də Gürcüstanla Ermənistanın dərin münasibətləri və bu münasibətlərin daha da genişləndirilməsində maraqlı olmaları təbii prosesdir. Ermənistanın və Gürcüstanın baş nazirlərinin ilk səfərlərini Tiflisə və İrəvana etmələri də mənim üçün təəccüblü deyil.

Hurriyyet.org xəbər verir ki, bunu Teleqraf.com-a açıqlamasında konfliktoloq Əvəz Həsənov bildirib.

O qeyd edib ki, hər iki ölkə bir-biri üçün çox vacibdir:

“Gürcüstan üçün bu əlaqələr ona görə vacibdir ki, Tiflis İrəvanın demək olar ki, Cavaxetiya ilə bağlı ambisiyalarını neytrallaşdırır. Eyni zamanda, Gürcüstan faktiki olaraq Ermənistan bazarına da çıxış-tranzit yolunu saxlayır. Gürcüstan buna görə əlaqələrə diqqətlə yanaşır. Ermənistan isə Gürcüstan ərazisindən tranzit olunan Rusiya qazından, port vasitəsilə Ermənistana gələn ərzaq daşımasından tutmuş hər şeyədək faktiki olaraq qonşu ölkədən asılıdır.

Ona görə də bu iki ölkə bir-biri üçün çox vacibdir. Bu gün Gürcüstan və Ermənistan baş nazirlərinin keçirdikləri mətbuat konfransında səslənən fikirlərə gəldikdə isə təbii ki, Gürcüstan üçün təhlükəsizlik baxımından Ermənistanla distansion və eyni zamanda, bərabərhüquqlu münasibətlər çox vacibdir. Çünki Gürcüstan üçün demək olar ki, ən böyük təhlükə məhz Rusiya bazalarından, eləcə də Ermənistanın Cavaxetiya bölgəsindən qaynaqlanır. Ona görə də Gürcüstan maraqlıdır ki, Ermənistan bu məsələdə hər hansı qarant rolunda olsun və yaxud Ermənistanı bir növ neytrallaşdırsın. Yəni, burada neytrallaşdırmaq ən gözəl müəyyən etmədir”.

Əvəz Həsənov Ermənistan baş nazirinin Gürcüstana səfərinin hansısa ciddi gözləntilər ortaya qoymadığını, ölkə üçün həyati əhəmiyyətli səfər olmadığını vurğulayıb:

“Sadəcə olaraq İranla bağlı iqtisadi sanksiyaların genişlənməsi, həmçinin, Rusiya ilə bağlı münasibətlərin indiki fonunda daha intensiv əlaqələrin olmasına ehtiyac var. Əks təqdirdə biz bunu növbəti və daha çox proqnozlaşdırılan bir səfər adlandıra bilərdik”.

Müsahibimiz daha sonra deyib:

“İndi Paşinyana göstəri üçün daha çox səfərlər lazımdır. Paşinyanın səfərləri olur, amma Ermənistanın iqtisadi cəhətdən sərfəli dövlət olmadığı bu səfərlərdə də özünü aydın göstərir. Məsələn, hansısa sammit, forumlar zamanı Ermənistan dövlətinin başçısı ora gedir. Ancaq ikitərəfli sənədlərin imzalanacağı və ya münasibətlərin dərinləşməsinə kömək edəcək səfərlər olmur axı… Ona görə də Gürcüstan Ermənistan üçün ən sərfəli tərəfdaşdır. Bundan sonra Rusiya və İran gəlir. Ona görə də Ermənistan bu məngənədə qalıb. Məngənədən çıxmaq üçün təbii ki, qonşuları ilə münasibətləri normal tutmalıdır. Onun nə Türkiyə, nə də Azərbaycanla münasibəti var. Rusiya ilə isə birbaşa münasibəti yoxdur. Baxmayaraq ki, Rusiyanın hərbi bazaları ordadır. Ancaq Rusiya ilə də münasibətləri qeyri-müəyyəndir. Rusiya Gürcüstan üzərindən nə isə edə bilir. Birbaşa imkanları isə yoxdur. Mən bunu deyərkən Rusiya ilə Ermənistan arasında birbaşa quru sərhədlərin olmamasını nəzərdə tuturam”.

Qeyd edək ki, Ermənistanın baş naziri bu gün Gürcüstana rəsmi səfər edib. Səfər çərçivəsində o, ilk olaraq gürcü həmkarı Georgi Qaxariya ilə əvvəlcə təkbətək, sonra isə nümayəndə heyətlərinin iştirakı ilə görüşüb. Görüşdən sonra baş nazirlərin birgə mətbuat konfransı keçirilib. Mətbuat konfransında çıxış edən hökumət başçıları iki ölkə arasında əməkdaşlığı genişləndirməyin vacibliyini bildiriblər.

Nikol Paşinyan Gürcüstan Prezidenti Salome Zurabişvili və parlamentin spikeri Arçil Talakvadze ilə də görüşüb.
Günortadan sonra N.Paşinyan Gürcüstandakı erməni icmasının nümayəndələri ilə bir araya gəlib.
Ələvə edək ki, Ermənistan baş nazirinin rəsmi səfəri martın 4-də başa çatacaq.