Ticarət dövriyyəmizdə İtaliya liderliyi – həm satıb, həm alırıq

102

Natiq Cəfərli: “Avropa Birliyi ölkələri arasında İtaliya əsas ticarət tərəfdaşımızdır, bu da Azərbaycan nefti ilə bağlıdır”

Azərbaycanın xarici ticarət dövriyyəsi ilə bağlı 7 aylıq nəticələr maraqlı məqamlarla yadda qalıb. Belə ki, gömrük orqanlarında qeydiyyatı aparılmış, lakin gömrük rəsmiləşdirilməsi tam başa çatdırılmamış ixrac olunan xam neft və təbii qazın statistik qiymətləndirilmiş dəyəri nəzərə alınmaqla bu ilin yanvar-iyul aylarında xarici ticarət dövriyyəsi 13 milyard 777,6 milyon ABŞ dolları, o cümlədən ixracın dəyəri 7 milyard 876,8 milyon dollar, idxalın dəyəri 5 milyard 900,8 milyon dollar təşkil edib. Dövlət Statistika Komitəsindən verilən məlumata görə, 7 ayda 1 milyard 976 milyon dollarlıq müsbət ticarət saldosu yaranıb.

Ötən ilin yanvar-iyul ayları ilə müqayisədə xarici ticarət dövriyyəsi faktiki qiymətlərlə 30,9 faiz, real ifadədə 22,5 faiz, o cümlədən idxal 43,4 faiz, ixrac isə 7,1 faiz azalıb.

Dövlət Gömrük Komitəsindən daxil olmuş məlumatlara əsasən, xarici ticarət dövriyyəsinin 87,6 faizi İtaliya, Türkiyə, Rusiya, Çin, Ukrayna, ABŞ, Hindistan, Almaniya, İsrail, Xorvatiya, Yunanıstan, Gürcüstan, İspaniya, Çexiya, Birləşmiş Krallıq, İran, Tunis, Vyetnam, İsveçrə, Fransa ilə aparılmış ticarət əməliyyatlarının payına düşüb. Ölkəyə idxal olunmuş məhsulların ümumi dəyərinin 18,4 faizi Rusiyanın, 14,7 faizi Türkiyənin, 13,2 faizi Çinin, 7,9 faizi ABŞ-ın, 5,1 faizi Almaniyanın, hər biri 4,2 faiz olmaqla İtaliya və Ukraynanın, 3 faizi Birləşmiş Krallığın, 2,7 faizi İranın, 1,9 faizi Yaponiyanın, hər biri 1,8 faiz olmaqla Koreya və Fransanın, 1,4 faizi Hindistanın, 1,1 faizi Belarusun, hər biri 0,9 faiz olmaqla İsveçrə, Polşa və Niderlandın, 15,9 faizi isə digər ölkələrin payına düşüb. İdxalda maşınların, mexanizmlərin, elektrotexniki avadanlıq və aparatların, azqiymətli metallar və onlardan hazırlanan məmulatların, kimya sənayesi məhsullarının, nəqliyyat vasitələrinin, hazır ərzaq məhsulları, içkilər və tütün məmulatlarının, bitki mənşəli məhsulların, plastik kütlə və ondan hazırlanan məmulatların, toxuculuq materialları və məmulatlarının dəyəri üstün olub

İxracın 32,1 faizini İtaliyaya, 18,7 faizini Türkiyəyə, 4,7 faizini Rusiyaya, 4,1 faizini Çinə, 4 faizini Hindistana, 3,9 faizini İsrailə, 3,7 faizini Xorvatiyaya, 3,4 faizini Yunanıstana, 3,1 faizini Gürcüstana, 3 faizini Ukraynaya, 2,5 faizini İspaniyaya, 2,1 faizini Çexiyaya, 1,9 faizini Tunisə, 1,5 faizini Vyetnama, 1,4 faizini Portuqaliyaya, 1,3 faizini Almaniyaya, 1,2 faizini İsveçrəyə, 1,1 faizini Avstriyaya, 6,3 faizini isə digər ölkələrə göndərilmiş məhsulların dəyəri təşkil edib. Yeddi ayda ixracın 87 faizini boru kəməri və elektrik ötürücü xətləri ilə nəql edilib. Bu isə o deməkdir ki, əsas yeri yenə də enerji məhsulları tutur.  İxracın strukturunda xam neft, təbii qaz, neft-qaz məhsulları, meyvə və tərəvəzlər, plastik kütlə və ondan hazırlanan məmulatlar, pambıq lifi və ipliyi, alüminium və ondan hazırlanan məmulatlar, kimya sənayesi məhsulları, qara metallar və onlardan hazırlanan məmulatlar, bitki yağları, şəkər, alkoqollu və alkoqolsuz içkilərin payı daha çox olub.

Əsas məqam isə İtaliyanın çox zaman ixrac  coğrafiyasında birinci yeri tutmasıdır. Bəs görəsən, Azərbaycan İtaliyaya nə satır və bu ölkədən nələr idxal edir?

Fikrət Yusifov: “Azərbaycan iqtisadiyyatı neftsiz də inkişaf edəcək”

Fikrət Yusifov

Mövzu ilə bağlı “Yeni Müsavat”a açıqlama verən iqtisadçı alim Fikrət Yusifov bildirdi ki, İtaliya ilə Azərbaycan arasında ticarət əlaqələri kifayət qədər genişdir: “Lakin zaman-zaman bu dövriyyənin həcmində kəskin artımlar və kəskin azalmalar qeydə alınıb. Belə ki, 2007-ci ildə ümumi ticarət dövriyyəsinin ən aşağı həddi 1 milyard 82 milyon ABŞ dolları, 2008-ci ildə isə ən yuxarı həddi 19 milyard 410 milyon dollar səviyyəsində qeydə alınıb. 2019-cu ildə 2018-ci illə müqayisədə ümumi ticarət dövriyyəsində 211,3 milyon dollar azalma baş verib. Biz İtaliyaya əsasən neft və neft məhsulları ixrac etdirik”.

Natiq Cəfərli: "Onlar bu qədər bədbəxtdir"

Natiq Cəfərli

İqtisadçı ekspert  Natiq Cəfərli isə “Yeni Müsavat”a açıqlamasında bildirdi ki, İtaliyanın birinci yerdə olmasının səbəbi bu ölkəyə xam neft ixracıdır: “2004-cü ildən bu yana mövcud olan statistikaya nəzər salsaq, görərik ki, Azərbaycanın ən böyük ticarət tərəfdaşı İtaliya olub. Bəzi illərdə İtaliyanı qabaqlayan ölkələr olsa da, ümumilikdə Avropa Birliyi ölkələri arasında İtaliya əsas ticarət tərəfdaşımızdır. Bu da Azərbaycan nefti ilə bağlıdır. İtaliyanın böyük neftayırma təsisatları elə 90-cı illərdən qurulmağa başlayarkən Azərbaycan neftinin xüsusiyyətləri nəzərə alınaraq qurulub, Azərbaycan neftinin emalına kökləniblər. Ona görə də bizim neftimizin üçdə biri İtaliyaya ixrac olunur. Məhz ona görə ticarət dövriyyəsində İtaliyaya ixrac xam neft olaraq həmişə birinci yerdə olub. Çox təəssüf ki, qeyri-neft sektorunun ixracatında İtaliya çox az yer tutur, az miqdarda kənd təsərrüfatı məhsulları ixrac edirik.

İtaliyadan idxal etdiyimiz məhsullar da var. Bunlar tibbi ləvazimatlardan tutmuş bəzi ərzaq məhsullarına qədər bir çox məhsullardır. Ancaq həcm olaraq çox az yer tutur. Əsas məhsul neftdir. Neft olmasa Azərbaycanın İtaliya ilə ticarət dövriyyəsində böyük bir mənfi saldo yaranar. Neftin hesabına hələ də İtaliya ilə müsbət saldo ilə uzun illərdir davam edir”.

Ümumilikdə ticarət dövriyyəsindəki azalmalara gəlincə, iqtisadçı bildirdi ki, burada əsas səbəb neftin qiymətidir: “Bizim xarici ticarətin 88 faizə yaxınını xam neft, ümumilikdə 92 faizini təbii qaz da daxil olmaqla, enerji məhsulları təşkil edir. Neftin dünya bazarındakı qiymətləri, xüsusən də bu ilin ikinci rübündə neft qiymətlərinin kəskin düşməsi mənfi saldo yaranmasına səbəb olub”.

Nərgiz LİFTİYEVA,
“Yeni Müsavat”