Tibb işçilərinin əməkhaqlarına müddətli əlavələr iyul ayına ödənilibmi? – TİBBİ SIĞORTA AGENTLİYİ AÇIQLADI

258

Nazirlər Kabineti yeni növ koronavirus (COVID-19) infeksiyası ilə mübarizə tədbirlərində iştirak edən tibb işçilərinin əməkhaqlarına müddətli əlavənin müəyyən edilməsi barədə qərar verəndən sonra, həkimlər arasında əmək haqlarına müddətli əlavələr ödənilməsiylə bağlı narazılıqlar yaranıb.Saytımıza daxil olan şikayətlərdən də aydın olur ki, iyun ayı üzrə müddətli əlavələrin ödənilməsində gecikmələr yaranıb.Mövzuyla bağlı İvbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi ilə əlaqə saxladıq. Agnetlik Hurriyyet.org-un sorğusuna cavab olaraq bildirib ki, qısa zamanda 1080 nəfər tibb və qeyri-tibb işçisinə iş vaxtına mütənasib olaraq ümumilikdə 1.4 milyon manat məbləğində müddətli əlavə ödənilib. Hazırda iyul ayı üzrə müddətli əlavələrin ödənilməsi prosesi davam edir:

“Azərbaycan Respublikası Nazirlər Kabinetinin 18 avqust 2020-ci il tarixli 301 nömrəli Qərarına əsasən müddətli əlavələrin iyul, avqust və sentyabr aylarında da ödənilməsi nəzərdə tutulub. Qərarın yaxın günlərdə verilməsinə baxmayaraq İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi (Agentlik) iyul ayı üzrə müddətli əlavələrin ödənilməsinə başlayıb. Qısa zamanda 1080 nəfər tibb və qeyri-tibb işçisinə iş vaxtına mütənasib olaraq ümumilikdə 1.4 milyon manat məbləğində müddətli əlavə ödənilib. Hazırda iyul ayı üzrə müddətli əlavələrin ödənilməsi prosesi davam edir.

Qeyd edək ki, dövlət tibb müəssisələri Nazirlər Kabinetinin 25 mart 2020-ci il tarixli 112 nömrəli Qərarına uyğun olaraq COVID-19 infeksiyası ilə əlaqəli əmək şəraitinə görə çalışan tibb işçilərinin siyahılarını Agentliyə təqdim etdikdən sonra Agentlik 3 iş günü ərzində müddətli əlavələrin ödənilməsini təmin edir.

Məlumat üçün bildirək ki, Azərbaycan Respublikası Prezidentinin 18 mart 2020-ci il tarixli 1947 nömrəli Sərəncamına və Nazirlər Kabinetinin müvafiq Qərarına uyğun olaraq Agentlik tərəfindən yeni növ koronavirus infeksiyası ilə mübarizə tədbirlərində iştirak edən tibb və qeyri-tibb işçilərinə mart, aprel, may və iyun ayları üzrə iş vaxtına mütənasib olaraq ümumilikdə 58.3 milyon manat məbləğində müddətli əlavə ödənilib. Belə ki, mart ayı üzrə infeksiya ilə mübarizə tədbirlərində iştirak edən 24 388 nəfər tibb və qeyri-tibb işçisinə iş vaxtına mütənasib olaraq 11.7 milyon manat, aprel ayı üzrə infeksiya ilə mübarizə tədbirlərində iştirak edən 13 245 nəfər tibb və qeyri-tibb işçisinə iş vaxtına mütənasib olaraq 14.1 milyon manat, may ayı üzrə infeksiya ilə mübarizə tədbirlərində iştirak edən 11 638 nəfər tibb və qeyri-tibb işçisinə iş vaxtına mütənasib olaraq 14.3 milyon manat, iyun ayı üzrə isə 14 767 nəfər tibb və qeyri-tibb işçisinə iş vaxtına mütənasib olaraq 18.2 milyon manat məbləğində müddətli əlavə ödənilib”.

YƏHYA