“The Jerusalem Post”: Multikulturalizmə bağlı Azərbaycan dini ekstremizmdən uzaqdır

111

İsrail qəzeti ermənilərin törətdiyi Xocalı soyqırımından yazdı

İsrailin “The Jerusalem Post” qəzeti mütəmadi şəkildə Azərbaycanla bağlı yazılar dərc edir. Avqustun 8-də adıçəkilən qəzet ölkəmizlə bağlı növbəti məqaləni oxuculara təqdim edib. Yazıda deyilir ki, tarixən dünyanın dörd tərəfində yəhudi icmaları geniş yayılsa da, yəhudilərin təqib qorxusu olmadan yaşaya biləcəyi ölkələr azdır.

Bu kimi ölkələr arasında Azərbaycanın xüsusi yeri var. Strateji baxımdan önəmli olan və ticarət yollarının kəsişməsində yerləşən Azərbaycanda dini plüralizm yüksək səviyyədədir. Bu ölkədə digər dinlərə və mədəniyyətlərə mənsub xalqlara qarşı böyük bir tolerantlıq mövcuddur.

“Azərbaycanlılar vətənlərinə şöhrət gətirən çox sayda yəhudi həmyerliləri ilə qürur duyurlar. Bunların arasında Nobel mükafatını almış yəhudi əsilli Lev Landau (1908-1968) da var. O, paytaxt Bakıda doğulub”.

Landau 14 yaşında Azərbaycan Dövlət Universitetinə daxil olub. Nüvə fizikası sahəsinin inkişafında xidmətlərinə görə o, 1962-ci ildə Nobel mükafatı alıb.

Qəzet qeyd edir ki, Azərbaycanın yəhudi əsilli Milli Qəhrəmanı, Qarabağ müharibəsi iştirakçısı Albert Aqarunov da bu ölkədə xüsusi rəğbətlə yad olunur.

Albert Aqarunov

Bu cəsur gənc öz ölkəsinə bağlı idi və vətəninə görə ölümə də getdi.

Müsahibələrinin birində Aqarunov deyir: “Doğulduğum və böyüdüyüm vətən üçün mübarizə aparıram. İstəyirəm ki, suveren Azərbaycan dövlətinin ərazisində sülh və əmin-amanlıq bərpa olunsun”.

Bu gün Azərbaycan və İsrail arasında mövcud olan dostluq münasibətləri əsrlər boyu formalaşmış yəhudi-azərbaycanlı əlaqələri üzərində qurulub. İki ölkə arasındakı ikitərəfli münasibətlər və strateji tərəfdaşlıq enerji, kənd təsərrüfatı, texnologiya və hərbi-strateji əməkdaşlıq kimi mühüm sahələrdə uğurla inkişaf etməkdədir.

Yalnız iki xalqın gələcək perspektivləri deyil, həm də keçmişi bu əlaqələri daha da gücləndirir.

Məqalədə bildirilir ki, 2015-ci ilin yanvarında Beynəlxalq Anım Günü ilə əlaqədar Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyasında çıxış edən İsrail prezidenti Reuven Rivlin yaxın keçmişin soyqırımı aktlarından biri olaraq Ermənistan silahlı qüvvələri tərəfindən qətlə yetirilən günahsız qurbanlardan danışmışdı.

2016-cı ilin fevral ayında İsraildə Xocalıdakı qətl qurbanlarının xatirəsinə park salındı. Faciə zamanı erməni yaraqlıları tərəfindən öldürülənlərin sayı qədər – 613 ağac əkildi.

26 fevral, 2016-cı il

“The Jerusalem Post” Azərbaycanın neft və qaz hasilatında əldə etdiyi uğurları vurğulayır. Qeyd edir ki, İsrailin idxal etdiyi neftin böyük bir hissəsi məhz Azərbaycandan daxil olur. Avropanın da neft və qazla təmin olunmasında Azərbaycan ciddi rol oynayır.

Uzun müddət İsrailin Xarici İşlər və Müdafiə naziri olmuş Aviqdor Libermanın İsrail-Azərbaycan münasibətlərinin dərinləşməsindəki xidmətləri vurğulanır.

Məqalənin sonunda deyilir ki, Azərbaycan özünü dini ekstremizmdən uzaqda tuta bildi və multikulturalizmin uğurla həyata keçirildiyi ölkəyə çevrildi./musavat.com/

Elbəyi Həsənli, Sürix

https://www.jpost.com/judaism/azerbaijans-jewish-connection-committed-to-centuries-old-kinship-637953