“Tezliklə müstəqilliyi itirəcəyik, Ermənistan yox olacaq…”- İrəvan çıxılmaz durumda

252

Bakıdan düşmənə dərs və tərs şillə: “Ermənistan ordusu yoxdur, biz düşməni diz çökdürdük”; Paşinyan hərbi istehsalı artırmaq barədə göstəriş verir; erməni politoloqlar isə həyəcan təbili çalır

Azərbaycan xalqı erməni faşizmi üzərində möhtəşəm və tarixi Qələbəsini qeyd edir. Bu, onu haqqıdır, bütün dünya azərbaycanlılarının haqqıdır. Prezident, Ali Baş Komandan İlham Əliyevin Ağdamda söylədiyi kimi, biz bu Qələbəni ilk növbədə birlik, əzm, iradə və güc hesabına əldə etdik.

Çıxışdan sitat: “Tam qətiyyətlə deyə bilərəm, biz işğal olunmuş torpaqlarımızı onsuz da azad edəcəkdik. Ancaq düşmən hesab edirdi ki, ona kimsə kömək edəcək. Hesab edirdi ki, onun bütün havadarları gəlib onun yerinə bizimlə vuruşacaq. Səhv etdi, böyük səhv etdi. Füzuli, Cəbrayıl, Hadrut, Zəngilan, Qubadlı, Şuşa, Suqovuşan, Xocavənd rayonunun böyük hissəsi döyüş meydanında işğaldan azad olunandan sonra düşmən diz çökdü və bu gün diz üstədir. Biz düşmənin belini qırdıq, şanlı Qələbə qazandıq. Biz bütün dünyaya sübut etdik ki, onların əfsanələri, onların mifləri hamısı boş şeydir. On mindən çox fərari var Ermənistan ordusunda və daha çox olacaqdı. Əgər biz Ağdama planlaşdırdığımız əməliyyatı həyata keçirsəydik, bax, burada minlərlə erməni hərbçisi ya fərari olacaqdı, ya da məhv olacaqdı. Biz göstərdik ki, döyüşkən xalq Azərbaycan xalqıdır”.

Prezident və Birinci vitse-prezident Ağdamda səfərdə olublar

Ali Baş Komandan düşmən ölkənin əvvəlki cinayətkar rəhbərlərinin də öz layiqli cəzalarını aldıqlarını deyib: “Ermənistan ordusu demək olar ki, yoxdur. Hərbi cinayətkarları məhv etmişik, onların tör-töküntülərini məhv etmişik. Mən Füzuli şəhərində demişəm, bir daha demək istəyirəm, biz Köçəryan, Sərkisyan ordusunu məhv etmişik. Biz Köçəryana, Sərkisyana qarşı qüdrətimizi göstərmişik. Biz onları məğlub etmişik. Paşinyan kimdir, mən indi onun haqqında danışmaq istəmirəm, nə lazımsa demişəm. Köçəryan, Sərkisyan, siz diz çökdünüz bizim qabağımızda… Nə gizlənirsiniz orada siçan kimi?! Koçaryan, Sarkisyan, mən sizə deyirəm”.

Ölkə rəhbəri qələbənin aslan kimi vuruşan qəhrəman əsgər və zabitlərimiz hesabına əldə edildiyini söyləyib: “Təkcə Şuşanın işğaldan azad edilməsi əməliyyatı, əminəm ki, tarixdə əbədi qalacaq. Demək olar ki, yüngül silahlarla dərədən, meşələrdən, dağlardan keçərək əlbəyaxa döyüşdə düşməni məhv etdik, Qarabağın tacı olan Şuşanı azad etdik”.

*****

Əlbəttə, möhtəşəm qələbəmizin ən mühüm şərtlərindən biri uşaqdan-böyüyə Azərbaycan xalqının düşmənə qarşı yumruq kimi birləşməsi, mülki əhali arasında verdiyi ağır itkilərə rəğmən, öz Ordusunun, Ali Baş Komandanın arxasında dağ kimi dayanması idi. Təsadüfi deyil ki, əcnəbi siyasi müşahidəçilər bu faktora tez-tez diqqət yönəldirlər.

“Müharibədə qələbənin həlledici amili bütün sosial və yaş qruplarının uzun müddətdir torpaqların qaytarılmasını tələb etdiyi Azərbaycanın özünün ruhi vəziyyəti idi. Postsovet məkanının heç yerində hələ bu cür təzədən inteqrasiya baxışlarının vəhdəti müşahidə olunmamışdı”.

Qriqori Trofimçuk: Azərbaycan Cənubi Qafqazda Rusiyanın ən etibarlı  tərəfdaşına çevrilib - AZƏRTAC – Azərbaycan Dövlət İnformasiya Agentliyi

Qriqori Trofimçuk

“Yeni Müsavat”ın məlumatına görə, bu sözləri rusiyalı tanınmış politoloq Qriqori Trofimçuk bildirib. “Müharibəni Bakı və Ankara qazandı” iddiası isə Ermənistanda uydurduğu böyük yalandır. Necə ki, “terrorçularla” bağlı eyni yalan ortaya atılmışdı.  Onlar bütün dünyanı buna inandırmağa çalışırdılar”, – deyə o vurğulayıb.

Analitikin qənaətincə, ermənilərin bundan sonrakı perspektivləri tamamilə aydındır: “Onlar Dağlıq Qarabağ ətrafındakı müvəqqəti işğal olunmuş torpaqları itirdilər və Dağlıq Qarabağın özü artıq heç vaxt onların nəzarəti altında ola bilməyəcək”.

*****

Lakin təkcə bu da deyil. Total məğlubiyyət erməni yalançı qürurunu birdəfəlik sındırmış oldu, Ermənistana, onun toplumuna bölgədə layiq olduğu yeri göstərdi, bu ölkə və onun xalqının yeganə nicatının qonşu xalqlara qarşı aqressiv siyasətdə, mənasız silahlanmada və davakar ritorikada deyil, qurucu və dinc yanaşı yanaşma kursu tərcih etməkdə olduğunu anlatdı.

Ancaq belə görünür, bu “izqoy” ölkədə hələ də davadan sonra havaya yumruq silkələyənlər var. Biri elə hazırda siyasi taleyi ipdən asılı qalan məğlub baş nazir Nikol Paşinyan. Belə ki, Ermənistan hökuməti başçısının mətbuat xidmətinin yaydığı məlumata görə, srağagün o, ölkənin hərbi-sənaye kompleksinin müəssisələrində olub və müdafiə müəssisələrinə istehsal gücünü artırmaq göstərişi verib.

Burada deyiblər: “Odu söndürüb küllə oynamaq”. Cəmi ayyarıma ordusu darmadağın olan, iqtisadiyyatı dərin və uzunmüddətli böhrana girən məğlub ölkənin zavallı rəhbəri öncə öz bədbəxt xalqını iqtisadi-sosial fəlakətdən, aclıqdan necə qurtarmaq, bütövlükdə Ermənistanın olan-qalan “dövlətçiliyini” necə xilas etmək barədə düşünmək əvəzinə, utanmazcasına yenə silahlanma haqda təlimat verir, müharibə haqda düşünür. Bilə-bilə ki, bu siyasət iflasa məhkumdur. Çünki ağır blokadada olan, Türkiyə və Azərbaycansız inkişaf perspektivi olmayan 2.5 milyonluq kasıb, cırtdan Ermənistan heç vaxt 10 milyonluq güclü Azərbaycan üzərində hərbi üstünlüyə nail ola bilməyəcək. Buna onun iqtisadi və demoqrafik resursu kifayət etməz.

Ən acınacaqlısı odur ki, Ermənistan rəhbəri bu göstərişi kapitulyasiya haqda sazişi qeyd-şərtsiz imzalamasından cəmi iki həftə sonra verir. Elə bir vaxtda ki, erməni valideynlər ondan müharibədə yoxa çıxmış yüzlərlə övladını geri qaytarmağı tələb edir. Məgər bu, həmin Paşinyan deyilmi, deyirdi ki, 300-dən çox erməni hərbçisi müharibədə itkin düşüb, yaxud “müharibə daha bir həftə davam etsəydi, biz Stepanakerti (Xankəndi – red.) də itirəcək, 25-30 minlik erməni qruplaşması tam mühasirəyə düşərək ya əsir alınacaq, ya da məhv ediləcəkdi”?!

*****

Hərgah ölkədə sərt gerçəyi və gözlənilən ağır perspektivi az-çox dərk edənlər də var.

“Ermənistan hakimiyyətinin səhvi nəticəsində tezliklə ağır bir reallıqla qarşılaşacağıq. Xarici siyasət prioritetimiz yalnız təhlükəsizlik faktoru olacaq və hər şey bunun ətrafında dönəcək və qurulacaq”.

Sərkisyan: Bizi 8 acı reallıq gözləyir

Bunu erməni siyasi ekspert Suren Sərkisyan deyib (Teleqraf.com). Sərkisyan bundan sonrakı mərhələdə Ermənistanın öz müstəqilliyini itirəcəyini söyləyib: “Ermənistan ”qismən müstəqil dövlət”ə çevriləcək. Artıq özümüzü Ermənistan dövlətinin təhlükəsizliyini təmin edən və döyüşə hazır orduya sahib bir dövlət kimi göstərə bilmərik. Artıq Ermənistan Qarabağın təhlükəsizliyinin qarantı deyil, bu da bölgədəki kompleks təhlükəsizlik balansında dəyişikliyin olduğunu göstərir. İndi Ermənistan heç öz təhlükəsizliyinin qarantı da deyil. Artıq çoxşaxəli, balanslı və tamamlayıcı xarici siyasətimiz olmayacaq. Xarici siyasətimiz “fürsətçilik” olacaq. Yəni formalaşmış geosiyasi və regional reallıqlara uyğunlaşacağıq. Bu fəlakətin nəticələrini azaltmaq çətin olacaq”.

Ermənistan polis rəisinin dosyesi - TAM MƏXFİ » Azxeber.com Azərbaycanda  özəl xəbərlər, araşdırmalar, təhlillər və müsahibələrin tək ünvanı

Ermənistanın keçmiş polis rəisi Vladimir Qasparyan isə bu qənaətdədir: “Ermənistan dövlətçiliyini itirir, başqa dövlətlərin nümayəndələri ilə söhbət edə biləcək bir kimsə yoxdur. Ölkənin daxilində anarxiya hökm sürür və bizim məsələlərimiz ölkə xaricində bizsiz həll olunur. Əksəriyyət buna laqeyddir. Cəmiyyət ağ-qaralara bölünüb, hər kəs ”mənimdir, sənindir” söhbəti ilə məşğuldur. Bunun son olduğunu başa düşmürsüz? Ermənistan tezliklə yox olacaq”.

Qasparyan artıq Dağlıq Qarabağın ermənilər üçün əlçatmaz olduğunu da bildirib.

*****

Təkcə Dağlıq Qarabağmı? Ən əsası, xəstə düşüncə və təfəkkürlə hələ uzun müddət normal inkişaf, dirçəliş, xoşbəxtlik və rifah ermənilər üçün əlçatmaz olacaq…

Siyasət şöbəsi,
“Yeni Müsavat”