Teymur Rəcəbov İddiaçılar Turnirindən imtina etdi

9

Azərbaycanlı şahmatçı Teymur Rəcəbov İddiaçılar Turnirində iştirakdan imtina edib.

"Report"un Beynəlxalq Şahmat Federasiyasının (FIDE) rəsmi saytına istinadən verdiyi məlumata görə, tanınmış qrossmeyster şəxsi səbəblərdən bu addımı atıb. O, qərarı barədə FIDE-ni də xəbərdar edib. Ali şahmat qurumu Rəcəbovu reytinq siyahısında daha öndə olan fransalı Maksim Vaşye-Laqravla əvəzləyib.

Qeyd edək ki, Teymur Rəcəbov İddiaçılar Turnirinə Dünya Kubokunun qalibi kimi vəsiqə qazanmışdı. Yarış martın 15-dən aprelin 5-dək Rusiyanın Yekaterinburq şəhərində keçiriləcək. Turnirdə ümumilikdə 8 şahmatçı – Fabiano Karuana (ABŞ), Aniş Giri (Niderland) Maksim Vaşye-Laqrav (Fransa), Aleksandr Qrişuk, Yan Nepomnyaşi, Kirill Alekseyenko (hamısı Rusiya), Dinq Liren və Hao Yanq (hər ikisi Çin) iştirak edəcəklər. Yarışın qalibi norveçli dünya çempionu Maqnus Karlsenlə şahmat tacı uğrunda mübarizə aparacaq.