Texnologiya əsrinin internetsiz qalan sakinləri “Müraciətə baxan yoxdur”

63

Hazırda paytaxtın əksər kənd və qəsəbələrində, şəhərətrafında oxşar mənzərə hökm sürür. Bəzi vətəndaşlar əgər internetin zəifliyindən şikayət edirsə, digər vətəndaşlar isə ümumiyətlə internet xətlərinin olmamasından, internet çəkdirmək istəyərkən, yaranan problemlərdən narazılıq edirlər. ARB TV-nin efirində yayımlanan “Günə doğru” proqramında məsələ ilə bağlı sujet hazırlanıb.

Sakin: “İnternet lazımdır, yoxdur. Poçta da getmişəm, deyirlər ki, hə olacaq. Bizə bu saat internet lazımdır”.

Sakin: “Biz dərs oxumaq istəyirik. Deyirlər ki, xətt çəkəcəyik, amma çəkmirlər”.

Sakin: “Bizim uşaqlar internet olmadığı üçün dərs hazırlaya bilmir. Dəfələrlə gedib müraciət etmişik, bizə söz verirlər ki, bu gün səhər olacaq. Amma problemi həll etmirlər”.

Ölkə ərazisində internetin sürət və keyfiyyəti ilə bağlı müəyyən problemlər var. Bu hal xüsusilə bölgələrdə daha çox müşahidə olunur. Əsasən də ev telefonu ilə çəkilən ADSL internet sürətinin çox aşağı olduğu bildirilir.

Məzahim Quliyev – Ekspert: “ADSL mis xəttin üzərindədir. Mis xətdə sürət məhdudlaşdırılır. Və o vaxt qurulmuş mis xətlər çox təəssüf ki, keyfiyyət baxımından, dayanıqlılıq baxımından zəifdir. Yəni orda kəsilmə baş verir. Ona görə mis xətlərdə itkilər çox olur. İtkilər çox olduğuna görə biz istifadəçilər o sürəti ala bilmirik”.

Ekspertlərin sözlərinə görə, ADSL köhnə texnologiya olduğundan, bəzən şəhərdə və bölgələrdə istifadəçilər internet çəkdirmək istəyəndə, müəyyən çətinliklərlə üzləşir.

Məzahim Quliyev – Ekspert: “Çünki orda ADSL şəbəkənin üzərindədir, misin üzərindədir. Misin də imkanları limitlidir. Hər bir abonentə xətt çəkilir, amma çox təəssüf ki, o imkanlar da tükənib. Resurslar da tükənib. Gərək gipon olsun ki, optika çəkilsin ki, artıq optikaya keçilsin”.

Avropada inkişaf etmiş ölkələrdə demək olar ki, ADSL texnologiyasının sıradan çıxarıldığı bildirilir.

Rəşad Əliyev – Ekspert: “Dünya praktikasına baxsaq görərik ki, bunlar fiberoptika, LT şəbəkəsi və digər üsullarla istifadə edərək internet verirlər. Yəni ki, sən bir üsuldan asılı olmursan. Hazırda isə istifadəçilər 1 üsuldan istifadə edir. Düzdür, bəzi yeni binalarda fiberoptika çəkilir. Amma bu bütün əhalidə istifadə olunmur”.

Aiddiyəti qurumlar isə rabitə şəbəkəsinin genişləndirilməsi üzrə işlərin görüldüyünü, infrastruktur layihələrin həyata keçirildiyini bildirirlər.

Emin Quliyev – “Aztelecom”un şöbə müdiri: “Mis xətlər optik kabellə əvəzlənir. Gipon texnologiyası tətbiq edilir. Nəticədə vətəndaşlara göstərilən xidmətlərin həm keyfiyyəti, həm də sayı artırılacaq. Avropanı biz nümunə kimi götürsək, bütün şeyi bir anın içərisində dəyişə bilmərikr. Həm də texniki cəhətdən bu mümkün deyil. 100 min kilometri 1-5 ilin içində optika ilə dəyişmək mümkün olmur”.

Hər bir yaşayış məntəqəsinin telekommunikasiya şəbəkəsi isə orada yaşayan əhalinin sayı və potensial artımı nəzərə alınmaqla tikilir. Bir müddət keçdikdən sonra həmin ərazidə yeni tikilən evlərin sayı artır, küçələr salınır. Nəticədə yaşayış ərazisi genişlənir. Bəzi hallarda baş verən bu artımı şəbəkə dəstəkləyə bilmir. Belə olan halda, şəbəkənin genişləndirilməsinə və mövud tutumun artırılmasına zərurət yaranır.