“Texniki atəşkəs təklifinin əsas siyasi məqsədi Paşinyanı erməni meyitləri üzərindən çətin vəziyyətə salmaqdır”

117

Şahin Cəfərli: “Rusiya Azərbaycanın hərbi əməliyyatlarına digər səbəblərlə birlikdə, həm də ona görə göz yumur ki, hansısa mərhələdə arbitr rolunu oynamaq üçün təkrar araya girə bilsin”

Nazim Cəfərsoy: “Texniki də olsa, atəşkəs Azərbaycana sərf etmir, çünki bitən bir şeyi başlatmaq çətin ola bilər”

İlqar Altay: “Məhz Paşinyan Putindən əsirlərin və meyitlərinin dəyişdirilməsi məqsədilə atəşin dayandırılmasını xahiş edib”

Oktyabrın 8-də Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Cenevrədə ATƏT-in Minsk Qrupunun həmsədrləri ilə görüşüb. Görüş zamanı Qarabağ münaqişənin həlli ilə bağlı rəsmi Bakının mövqeyi qarşı tərəfin diqqətinə çatdırılıb. Dünən isə Rusiya prezidenti Vladimir Putin Azərbaycan və Ermənistana müraciət edərək, tərəfləri Dağlıq Qarabağda hərbi əməliyyatları dayandırmağa çağırıb. Bu barədə Kremlin mətbuat xidmətinin yaydığı məlumata görə, Putin müraciətində qeyd edib ki, atəş əsirlərin və hərbi əməliyyatlarda həlak olanların meyitlərinin dəyişdirilməsi məqsədilə dayandırılmalıdır. Bu məqsədlə o, Azərbaycan və Ermənistanın xarici işlər nazirlərini danışıqlar aparmaq üçün oktyabrın 9-da Moskvaya dəvət edib.

“Meyitlərin və əsirlərin dəyişdirilməsi texniki məsələdir, bu prosesə şərait yaradılması üçün Rusiyanın müdafiə naziri və ya başqa səlahiyyətlisi də təşəbbüs göstərə bilərdi”

Beləliklə, “Hürriyyət” xəbər verir ki, məsələ ilə bağlı mövqeyini bölüşən siyasi şərhçi Şahin Cəfərlinin fikrincə, meyitlərin və əsirlərin dəyişdirilməsi texniki məsələdir. Onun sözlərinə görə, bu texniki prosesə şərait yaradılması üçün Rusiyanın müdafiə naziri və ya başqa səlahiyyətlisi də təşəbbüs göstərə bilərdi: “Şəxsən Putinin təşəbbüs göstərməsi və xarici işlər nazirlərini Moskvaya dəvət etməsi o deməkdir ki, Rusiya prezidenti öz şəxsi nüfuzunu ortaya qoyur. Ona görə də Azərbaycanın müvəqqəti atəşkəs təklifinə və dəvətə “yox” deməsi asan deyil. Üstəlik, Azərbaycan prezidenti problemin həllində Rusiya və Türkiyəyə güvəndiyini söylədiyi bir vaxtda. Bu səbəblə humanist akt kimi Azərbaycanın müvəqqəti (bir neçə saatlıq da ola bilər, 1-2 günlük də) atəşkəsə razılıq verməsi mümkündür. Təbii ki, bununla paralel, atəşkəsin tam bərpası çağırışları və cəhdləri də davam edəcək. Rusiya Azərbaycanın hərbi əməliyyatlarına digər səbəblərlə birlikdə, həm də ona görə göz yumur ki, hansısa mərhələdə arbitr rolunu oynamaq üçün təkrar araya girə bilsin”.

Şahin Cəfərli bildirib ki, Rusiya açıq şəkildə tərəf tutsa, onda bir vasitəçi kimi missiyasını öz əli ilə bitirmiş olar: “Onsuz da Azərbaycanda ciddi nüfuzu yoxdur, təsir gücü də getdikcə zəifləyir. Halbuki onun nizamlanma prosesində öz lider rolunu saxlaya bilməsi, gələcəkdə münaqişənin siyasi həlli zamanı öz maraqlarını qoruması, bura sülhməramlılar göndərə bilməsi üçün Azərbaycanın razılığına ehtiyacı var. Eyni zamanda, Rusiya Qərbə nümayiş etdirmək istəyərdi ki, müharibəni dayandıra bilən yeganə güc odur”.

“Ermənistan üçün bu qədər ölü həm siyasi, həm ictimai, həm də hərbi baxımdan böyük problem, Paşinyan üçün arzuolunmaz vəziyyətdir”

“Hürriyyət”in məlumatına görə, Qafqaz Beynəlxalq Münasibətlər və Strateji Araşdırmalar Mərkəzinin (QAFSAM) sədr müavini, siyasi elmlər üzrə fəlsəfə doktoru Nazim Cəfərsoy isə qeyd edib ki, insani və texniki baxımdan meyitlərinin götürülməsi normal prosesdir və ciddi xəstəliklər yayılmaması üçün gərəklidir: “Lakin burada bir neçə mühüm məqam var. Təxminimcə, 4-5 min erməni öldürülüb və ən az 1000 əsir almışıq. Biz hücum edən, onlar da geri çəkilən tərəf olduğu üçün şəhidlərimizdən döyüş meydanında qalan çox azdır. Siyasi baxımdan isə 3 mühüm məqam var. Birincisi, Rusiya ölənlərin Ermənistana göndərilməsinin Nikol Paşinyan üçün ciddi daxili problemlər yaradacağını hesablayır. İkincisi, Ermənistan üçün bu qədər ölü həm siyasi, həm ictimai, həm də hərbi baxımdan böyük problem, Paşinyan üçün arzuolunmaz vəziyyətdir. Üçüncüsü, texniki də olsa, atəşkəsin başlaması Azərbaycana sərf etmir. Çünki bitən bir şeyi başlatmaq çətin ola bilər. Ancaq Ermənistan daxilindəki problemlər üçün fayda verə bilər. Bildiyiniz kimi, “Qarabağ klanı”nın və Rusiyanın adamı Robert Koçaryan həm real vəziyyətlə yerində tanış olmaq, həm yeni siyasi prosesin Qarabağ ayağını separatistlərlə yerindəcə koordinasiya etmək, həm də sonrakı addımlarında xalqı qazanmaq üçün Qarabağa gedir. 2 gün qaldıqdan sonra geri gəlir və Rusiya səfiri ilə görüşür, texniki atəşkəs təklif edir”.

Ermənistanın baş naziri texniki atəşkəsin yaradacağı siyasi riskləri azaltmaq üçün nələr edib?

QAFSAM-ın sədr müavini bu qənaətdədir ki, texniki atəşkəs təklifinin əsas siyasi məqsədi Nikol Paşinyanı erməni meyitləri üzərindən çətin vəziyyətə salmaqdır: “Rusiya tərəfi mövzunu öz təklifləri imiş kimi Sergey Lavrov üzərindən Ermənistan rəhbərliyinə bildirir. Ancaq Paşinyan hökuməti nəticələrini təxmin etdiyi üçün başda bunu qəbul etmir. Bu dəfə Kreml 3 ciddi mesaj verir. Öncə məşhur “Putin telefonu götürmür” kadrı paylaşılır, sonra Putin özü çıxıb “Müharibə Ermənistanda getmir” mesajını verir. Ardından Peskovun “Ermənistan bizi Qarabağ müharibəsinə qarışdırmasın” məzmunlu bir açıqlaması gəlir. Azərbaycan tərəfinin hərbi və siyasi təzyiqi artarkən bu açıqlamalar Paşinyanı daha da cətin vəziyyətə salır. “Frans Press”ə ala-yarımçıq güzəşt açıqlamaları da kar etmir. Və Paşinyan Rusiyanın bu texniki atəşkəs təklifinə razı olmalı oldu”. Siyasi elmlər üzrə fəlsəfə doktorunun sözlərinə görə, Ermənistanın baş naziri bunun yaradacağı siyasi riskləri azaltmaq üçün 4 şey edir: “Birincisi, müharibə barədə sərt senzura tətbiq olunur. İkincisi, arxasında siyasətçilərin olduğu xəyanət ittihamı, üçüncüsü milli təhlükəsizlikdən məsul olan və Rusiyanın da istəmədiyi xidmət rəisini işdən çıxartmaq, nəhayət, texniki atəşkəslə bağlı razılıq verəndən, ancaq Putinin bu barədə açıqlamasından öncə Qarabağ mövzusunda yenidən sərt açıqlamalar verərək, müxalifətdən gələcək ittihamlardan özünü sığortalamaq. Təxmin edirəm ki, Azərbaycan tərəfi bu proses barədə müxtəlif mənbələrin köməyi ilə geniş məlumatlıdır və başqa “tvit”lər olmaq üzrə öz oyun planında buna xususi diqqət edir”.

“Ordumuzun hücumu, torpaqların işğaldan azad edilməsi sonadək davam etdirilməlidir”

“Hürriyyət” xəbər verir ki, Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin Moskva görüşü ilə bağlı fikirlərini bölüşən İctimai Tədqiqatlar Mərkəzinin rəhbəri, tanınmış hüquqşünas İlqar Altay, məhz Nikol Paşinyanın Vladimir Putindən əsirlərin və meyitlərinin dəyişdirilməsi məqsədilə atəşin dayandırılmasını xahiş etdiyini bildirib: “Söhbət bu humanitar addım üçün hərbi əməliyyatların dayandırılma çağırışı, Rusiyanın bu işə vasitəçiliyindən gedir. Bunu da Putindən Paşinyan təkidlə xahiş edib. Onu da qeyd edim ki, bu humanitar hərbi qaydadır. Dünyada dəyişdirilmə addımı və qısa müddətə, haradasa yarım gün hərbi əməliyyatlar dayanır ki, Beynəlxalq Qırmızı Xaç prosesi təşkil etsin. Bu heç də atəşkəs və müharibənin dayandırıla bilməsi deyil. Ordumuzun hücumu, torpaqların işğaldan azad edilməsi sonadək davam etdirilməlidir”.

Vazeh BƏHRAMOĞLU