“Testin nəticəsinə təəccübləndim, sonuncu dəfə nə vaxt xəstələndiyim yadıma gəlmir”

75
Koronavirusa yoluxan Qurbanov nələr danışdı?

Dünyanı cənginə alan koronavirus bəlası artıq Premyer Liqamıza da yol açıb. Belə ki, bir neçə klubda COVİD-19 testinin nəticəsi pozitiv çıxan futbolçular olub. İlklərdən biri “Səbail”in müdafiəçisi Kamal Qurbanovdu. 26 yaşlı futbolçu Sport24.az-a müsahibəsinə bu xoşagəlməz xəbəri necə almasıyla başlayıb.

– Adətən matça 1 gün qalmış – səhər koronavirus testi veririk, sonra oyunöncəsi məşqimiz olur. Nəticələr məşqə çıxanadək bilinir. Həkimimiz elan etdi ki, məndə testin nəticəsi pozitivdi. Bildiyiniz kimi, həkimimizin (Mahir Ələsgərov-müəllif.) özündə də belə problem oldu. Dərhal yığışdıq və evlərimizə yollandıq.

– Testin nəticəsinə təəəcüblənmədin? Özündə bir narahatlıq var idi?

– Yox, Açığı, nəticənin pozitiv olmasına təəccübləndim. Adi günlərdə olduğu kimi, özümü yaxşı hiss edirdim. İndi də belədi, ağrım, hərarətim yoxdu.

– Bəs, digər əlamətlər – dadbilmənin, qoxubilmənin olmaması?

– Yox, bu cəhətdən də vəziyyətim normaldı. Bazamızda olduğum müddətdə də yemək yeyirdim, hər şey qaydasında idi. Şübhəli nəsə olsaydı, deyərdim də… Ancaq heç bir şey yoxdu. Bu gün də normal qidalanıram, iştaham, dadbilməm yerindədi. Nə öskürürəm, nə boğuluram. Nəfəs almağım da normaldı. Həkimimiz də özüylə bağlı təəccübləndi, çünki onda da hər şey qaydasındadı. Nə edək, belə alındı, dərhal düşərgədən ayrılmalı olduq. Hazırda evdə təkəm, özümü hamıdan təcrid etmişəm. Həyat yoldaşımı evlərinə – valideynlərinin yanına yollamışam. O, azərbaycanlıdı. İndiki dönəmdə xüsusən diqqətli olmalıyıq, çünki yaxında ata olacam.

– Bu karantin müddətində sənə əsas tövsiyələri nə oldu?

– Evdə olub, heç yerı çıxmamaq, yaxınlarımdan, insanlardan uzaq olmaq ki, heç kimi yoluxdurmayım. Dedilər ki, növbəti test verənədək səbr edim. Həkimimiz bununla bağlı mənimlə əlaqə saxlayacaq.

– Təkrar test nə vaxta gözlənilir?

– Dediyinə görə, 4-5 günə ola bilər. Dərhal olmamalıdı, gərək bir neçə gün vaxt keçsin. Yəqin, gələn həftənin ortası olar.

– Testin nəticəsinin yanlış olmağınla bağlı şübhən varmı?

– Düzü, bilmirəm. Bu problem məndə ilk dəfə olduğundan, bir şey demək çətindi. Ola bilər ki, nəticə səhvdi. Hər şeyi zaman göstərəcək. Təkrar analizdən sonra hər şey aydınlaşacaq. Allah eləməsin, birdən təkrar testədək vəziyyətim pisləşsə, dərhal təcili tibbi yardıma müraciət etməliyəm. Çünki özünü müalicə vəziyyətdən çıxış yolu deyil. Ən düzgün üsul həkimə vaxtında müraciət etməkdi.

– Orqanizmində immunitet necədi? Tez-tez qripə yoluxansan?

– Yox. Açığı, sonuncu dəfə nə vaxt xəstələndiyim yadıma gəlmir. Şükür Allaha, nadir hallarda xəstələnirəm, səhhətimdə ciddi problemim olmayıb. Özüm də azərbaycanlıyam, Dağıstandan gələn deyiləm. Sadəcə, burda yox, Ukraynada – Donetsk şəhərində anadan olmuşam. Orda da bilindiyi kimi, burdan qat-qat soyuqdu, əsl qışdı, güclü şaxtalar olur. Özümü tərifləmək istəmirəm, ancaq immunitetim yaxşıdı. Həkimimizdən soruşa bilərsiniz ki, orqanizmim necədi.

– Koronavirus Azərbaycanda yayılmağa başlayanda buna reaksiyan necə idi?

– Dost-tanışlar var idi ki, bu virusun olduğunu deyirdilər. Həyat yoldaşımın yaxınlarından yoluxanlar da vardı. Mənə söyləyirdilər ki, bu xəstəliyə elə-belə, barmaqarası baxmayın, ciddi təhlükədi. Sadəcə, hərədə fərqlidi. Eləsi var ki, mənim kimi simptomları yoxdu, eləsi də var, ağır keçirir.

– Özünü nə dərəcədə qoruyurdun? Şübhən varmı ki, harada yoluxa bilərsən?

– Daim özümü qoruyurdum. Qoruyucu maska taxırdım, spirtdən yararlanırdım, gigiyena qaydalarına, sosial məsafəyə əməl edirdim. Bildiyiniz kimi, qapalı yerlərə maskasız girmək mümkün deyil. Həm də başqa yerdə gedən deyiləm – məşqə və evə. Uzağı marketə gedirəm ki, ora da maskasız buraxmırlar. Çətindi mənə demək ki, harda yoluxa bilərəm. Ola bilər ki, marketdə nəyəsə toxunmuşam, əlimdən keçib. Hər şey ola bilər. Deməli, belə olmalı imiş, qismət beləymiş.

– Valideynlərinin yoluxmana reaksiyaları necə oldu?

– Onlar Ukraynada yaşayırlar. Özüm xeyli vaxtdı ora getmirəm, onları görmürəm. Dedilər ki, narahat olma, çünki elə bir simptomun yoxdu. Vəziyyətimi başa düşdülər, özümü qorumağımı məsləhət gördülər.

– Bəs, özün hamıya nə məsləhət görərdin?

– Deyilən vacib şərtlərə əməl etsinlər – maska taxsınlar, şəxsi gigiyenalarına fikir versinlər, vacib olmadığı halda evdən çölə çıxmasınlar. Bununla həm özünü, həm də yaxınlarını qorusunlar.

– Sonda futbol, karyeran haqda. “Səbail” Premyer Liqada 4-cü mövsümdü çıxış edir və burda ilk ilindən qalan yeganə futbolçusan. Ancaq daim ehtiyatda qalırsam, bu mövsüm debüt belə etməmisən. Bu durum səni nə dərəcədə razı qalır?

– Bəli, son vaxtlar oynamıram. Çətindi bir şey demək…Görürsünüz ki, indi vəziyyət elədi heç yerə – kənara gedə bilmirsən. Burda komanda sayı da azdı ki, harasa keçəsən. Əlbəttə, oynamaq istəyirsən. Ancaq baş məşqçinin qərarına hörmətlə yanaşıram.