Tereza Meyin kabinetindən bir gündə iki nazir istefa verdi – İNGİLTƏRƏDƏ HÖKUMƏT BÖHRANI

    6

    Hurriyyet.org xəbər verir ki, Böyük Briyaniyanın xarici işlər naziri Boris Conson Breksit üzrə nazir Devid Devisin ardınca istefa verib. Hökumətdə domino effekti baş verir – bu, son səkkiz ayda Meyin Nazirlər Kabinetindəki altıncı nazir istefasıdır. Bundan başqa, baş nazirin müavini və iki nazir müavini də istefa verib.

    Ötən il noyabrın əvvəlində müdafiə naziri Maykl Fellon hökuməti tərk eləmişdi. Mətbuatda bu istefanı hökumətdaxili intriqalarla, daha doğrusu onun Breksit tərəfdarları ilə çəkişməsi ilə əlaqələndirirdilər. Bundan bir neçə gün sonra Böyük Britaniyanın beynəlxalq inkişaf naziri Priti Patel də Meyin komandasından çıxmışdı. BBC kanalının məlumatına görə, onun istefası İsrailin ali rəhbərliyi ilə dəfələrlə qeyri-rəsmi görüşlər keçirməsi ilə bağlı olub.

    Hökumət aparatının başçısı – baş nazirin faktiki müavini Demian Qrin 2017-ci ilin dekabrında, kompüterində tapılmış ədəbsiz videolarla bağlı qalmaqala görə işdən çıxmalı olmuşdu. Bundan bir ay sonda Şimali İrlandiya üzrə nazir Ceyms Brokenşir səhhəti ilə bağlı istefa ərizəsi yazmış, ertəsi günü isə Böyük Britaniyanın təhsil naziri xanım Castin Qrininq də hökuməti tərk eləmişdi.

    Kabinet üzvlərinin istefası müxalifət cəbhəsindən kəskin tənqid atəşinə tutulur. Hazırda azlıqda olan Leyboristlər partiyasının başçısı Ceremi Korbin Tereza Meyin aşkar rəqibidir. Devisin istefasından sonda o, “Tvitter” hesabında Meyi dövlətin maraqlarını qorumamaqda ittiham edib: “Əgər hökumətdə hökm sürən xaosun fonunda o, öz vəzifəsindən bərk yapışıbsa, aydındır ki, onu ölkəmizin vətəndaşlarına xidmət eləməkdən daha çox, hakimiyyəti əldə saxlamaq və öz şəxsi maraqları narahat edir”.

    Xəbər verdiyimiz kimi, dünən Breksitdən sonra İngiltərə – Avropa İttifaqı əlaqələri ilə bağlı hökumətin planını bəyənməyən Breksit naziri Devid Devis və onun iki köməkçisi vəzifələrindən istefa vermişdilər. Devid Devis Tereza Mey hökumətinin Aİ-dən çıxmaq prosesi ilə bağlı siyasətindən narazı olduğu üçün istefa verdiyini bildirmişdi.

    Boris Conson həm də Breksit tərəfdarı olan konservatorlar fraksiyasının liderlərindən idi. O, əvvəllər də Tereza Meyi Brüssellə danışıqlarda Londonun “yumşaq” hesab elədiyi mövqeyinə görə tənqid eləmişdi.

    Beləliklə, baş nazir Tereza Meyin hökuməti korton evcik kimi dağılmaqdadır. Hadisələrin bu tempdə davam eləməsi hökumətin istefasına və Böyük Britaniyanın Avropa İttifaqı ilə danışıqlarının qızğın çağında növbədənkənar seçkilərin keçirilməsinə səbəb ola bilər.

    Britaniyanın Aİ ilə danışıqlara başlayacağı zamana cəmi 3-4 ay vaxt qalıb. Böyük Britaniya Brüssellə yeni müqaviləyə hazır, razılaşdırılmış maddələrlə getməli və Aİ-dən planlaşdırılmış şəkildə ayrılmalıdır. Böyük Britaniyanın Avropa İttifaqından çıxması, yəni Breksit 9 aydan sonra baş tutmalıdır.

    Ekspertlərin fikrincə, daha bir variant – Konservatorlar partiyasının özünün daxilində Tereza Meyə qarşı qiyam və onun partiya rəhbəri postunda əvəzlənməsidir. Lakin bu halda da yenidən seçkilərin keçirilməsi riski böyükdür və leyboristlər bunu çox gözləyirlər.

    Hurriyyet.org