“Tendersiz satınalmalar dövlət vəsaitinin şəffaf xərclənməsinə kifayət qədər şübhələr yaradır”

66

Vüqar Bayramov: “İstər pandemiya, istərsə də post-pandemiya dövründə büdcə xərclərinin optimallaşdırılması prioritetliyini qoruyub saxlamalıdır”

“Baş Nazir bildirib ki, bir cox hallarda büdcə təşkilatlarında izafi xərclərə yol verilir, ştat vahidlərinin sayı artırılır, lazım olmayan alışlar həyata keçirlir, satınalmalarda qiymətlər olduğundan çox yüksək göstərilir. Bizim apardığımız monitorinq və təhlillər də göstərir ki, büdcə vəsaitlərinin xərclənməsində səmərəlilik və şəffaflığın artırılmasına ehtiyac var. Xüsusən də, dövlət satınalmalarında və tenderlərdə şəffaflığın artırılması ilə bağlı işlər sürətləndirilməlidir”. “Hürriyyət” xəbər verir ki, bu fikirləri İqtisadi və Sosial İnkişaf Mərkəzinin (CESD) sədri, millət vəkili Vüqar Bayramov baş nazir Əli Əsədovun çıxışına münasibət bildirərkən deyib.

Millət vəkili qeyd edib ki, İqtisadiyyat Nazirliyi son aylar bu sahədə sistemli fəaliyyət həyata keçirməyi hədəfləyir: “Bununla yanaşı, dövlət satınalmalarında həm qanunverici bazanın, həm də praktik mexanizmlərin təkmilləşdirilməsinə məqsədəuyğundur. Dövlət büdcəsi vəsaitin hesabına təşkil edilən tenderlərdə şəffaflığın tam təmin olunması büdcə pullarının səmərəli xərclənməsi baxımdan vacibdir. Bəzi dövlət qurumları hələ də bir mənbədən satınalmaya, yəni tendersiz alqı-satqıya üstünlük verirlər. Tendersiz satınalmalar dövlət vəsaitinin şəffaf xərclənməsinə kifayət qədər şübhələr yaradır. Eyni zamanda, büdcə nəzarətinin də gücləndirilməsinə də ehtiyac var”. Vüqar Bayramovun sözlərinə görə, bütövlükdə, istər pandemiya davam edən aylarında, istərsə də post-pandemiya dövründə büdcə xərclərinin səmərəliliyinin və şəffaflığının artırılması və eləcə də xərcləmələrin optimallaşdırılması prioritetliyini qoruyub saxlamalıdır.

Kənan