Temirtau qiyamı, Xruşovun tələbi, Brejnevin qayıdışı – 60 il öncə Karaqandada baş verən üsyanın qanlı sonu

    9

    Təyyarənin uçuşuna bir neçə dəqiqə qalmış Leonid İliç Brejnevə məlumat verirlər ki, təcili Kremlə qayıtmalıdır. Həmin dövrdə Mərkəzi Komitənin katibi olan Brejnev elə Vnukovo hava limanından Kremllə telefon əlaqəsi yaradır. Birincinin qəbul otağından bildirirlər ki, bu, Nikita Xruşovun göstərişidir. Beləliklə, Leonid İliçin 1959-cu ilin avqust ayındakı Krımda keçirəcəyi iki həftəlik məzuniyyət təxirə salınır…

    Brejnevin Kremlə təcili çağrılmasına səbəb nə olub?

    1950-ci illərin sonlarında SSRİ Nazirlər Soveti Qazaxıstanın Karaqanda vilayətinin Temirtau şəhərində metallurgiya kombinatının tikilməsi ilə bağlı qərar verib. Təbii ki, tikintiyə başlamaq üçün büdcədən vəsait ayrıldıqdan sonra işçi qüvvələrinin yığılması ilə bağlı işlər aparılıb. Bura işləməyə gələnlər əsasən dörd kateqoriyaya bölünüb: komsomol göndərişi ilə gələnlər, iş axtaran könüllülər, digər sosialist ölkələrindən olan gənclər və keçmiş məhbuslar.

    Qısa müddət ərzində kombinatın tikintisinə 25 min nəfərdən artıq işçi cəlb olunub. Komsomol göndərişi ilə gələnlərə və xarici ölkələrdən olan işçilərə yataqxanalarda yer verilib. Keçmiş məhbuslar və könüllü gələnlər isə çadır şəhərciyində yerləşdirilib.

    Bu ayrıseçkilik elə ilk günlərdən işçilər arasında kifayət qədər böyük narazılığa səbəb olub. Heç bir şəraiti olmayan çadır şəhərciyində yaşayanlar tez-tez etirazlarını bildirsələr də, buna heç kim məhəl qoymayıb.

    1959-cu ildə Bolqarıstandan növbəti qrupun gəlməsi çadır şəhərciyində yaşayanların növbəti etirazına səbəb olub və bu etirazın qarşısını almaq mümkün olmayıb.

    Belə ki, bolqar vətəndaşlarını şəraiti daha yaxşı olan yataqxanalara yerləşdiriblər. Avqustun 1-də səhər saatlarında çadırlarda yaşayan işçilər yeməkxanaya gələndə onları işəri buraxmayıblar və bildiriblər ki, onlar içəri yalnız bolqarların səhər yeməyindən sonra daxil ola bilərlər. Elə hər şey də bundan sonra başlayıb.

    Etirazçılar əvvəlcə yeməkxananı, demək olar ki, alt-üst ediblər. Daha sonra şəhərə üz tutan böyük bir dəstə qarşılarına çıxan nə varsa, mağaza, klub, idarə və sair obyektlərin şüşələrini sındırıblar, bir neçə maşın yandırıblar, şəhərin əsas ticarət obyekti olan univermağı darmadağın ediblər.

    Yerli milislər tərəfindən sayı dörd min nəfəri keçən etirazçıların qarşısını almaq mümkün olmayıb. Hüquq-mühafizə orqanlarının əməkdaşları döyülüb, silahları əllərindən alınıb.

    Yerli orqanlar hadisə ilə bağlı bir neçə saat Alma-Ataya məlumat verməyiblər. Nəhayət, qiyamçılar əldə etdikləri silahlardan istifadə etməyə başlayanda respublika paytaxtına müraciət edilib. Temirtauya ərazidə yerləşən hərbi hissənin əsgərləri gətirilib. Onlara nəyin bahasına olursa-olsun qiyamçıları sakitləşdirməyi əmr etsələr də, əsgərlər atəş açmaqdan imtina ediblər. Vəziyyət isə daha da gərginləşib, şəhərin bir çox rəhbərləri və milislər Temirtaunu tərk etmək məcburiyyətində qalıblar.

    Şəhər bütövlükdə nəzarətdən çıxaraq qiyamçıların əlinə keçib.

    Karaqanda vilayətinin birinci katibi Pavel İsayev Qazaxıstanın birinci katibi Nikolay Belyayevə zəng vuraraq Moskvadan kömək istəməyi xahiş edib. Nəhayət, onlar avqustun 2-də səhər saatlarında vəziyyətlə bağlı Kremli məlumatlandırıblar.
    Hadisə Nikita Xruşova məruzə ediləndə o, təcili Brejnevin geri qayıtmasına dair göstəriş verib. Brejnev vaxtilə Qazaxıstanın birinci katibi işlədiyindən respulikaya yaxşı bələd olub, həm də Leonid İliç Mərkəzi Komitənin katibi kimi partiya xətti ilə Qazaxıstanın kuratoru olub.

    Brejnev aeroportdan Kremlə qayıdanda artıq bir sıra qərarlar verilib. Xruşov kabinetdə ona əyləşməyi təklif etmədən göstərişlərini verib:

    – Leonid İliç, təcili Qazaxıstana yollanırsınız. Mən artıq daxili qoşunların Temirtauya yerildilməsi haqqında əmr vermişəm. Bütün mümkün sərt tədbirlərdən istifadə ediilməli, sabirtlik təmin olunmalıdır. Siz elə yerindəcə şəhər, vilayət, respublika rəhbərlərinin cəzalandırılması ilə bağlı qərarlarınızı hazırlayın. Heç bir güzəşt olmamalıdır. Gedə bilərsiniz…

    Brejnev elə həmin saatda Qazaxıstana uçub. Nəhayət, 3 günlük qiyamdan sonra daxili qoşunlar şəhərdə sabitlik yarada biliblər.

    Qiyamın yatırılması zamanı etirazçılardan16 nəfər ölüb, 32 nəfər isə müxtəlif dərəcəli bərən xəsarətləri alıblar. Milislərdən və hərççilərdən isə 109 nəfər yaralanıb.

    Hadisə ilə bağlı 190 nəfər istintaqa cəlb edilib. 42 nəfər müxtəlif müddətlərdə azadlıqdan məhrumetmə cəzasına, 5 nəfər isə ən ağır cəzaya, ölüm hökmünə məhkum edilib.

    Leonid İliç Brejnev elə hadisə yerində Mərkəzi Komitəyə təqdim etmək üçün qərarlarını hazırlayıb. Karaqanda vilayətinin birinci katibi Pavel İsayev vəzifəsindən azad edilib. Qazaxıstanın birinci katibi Nikolay Belyayevin vəzifəsi aşağı salınaraq Stavropol diyar Partiya Komitəsinə birinci katib göndərilib. Bununla yanaşı, Karaqanda vilayətinin və Temirtau şəhərinin əksər vəzifəli şəxsləri tutduqları vəzifələrdən azad olunublar.

    Bununla da SSRİ tarixinə uzun illər gizli saxlanılmış daha bir qanlı olayın adı yazılıb – Temirtau qiyamı…/musavat.com/