Telefon satışları aşağı düşdü “Xidmətlər daha aşağı qiymətlərlə təşkil olunacaq”

60

“İndiki şərtlərlə, hətta daha güzəştli və aşağı qiymətlərlə xidmətlərin təşkili tendensiyası reallığa uyğundur”. Bu sözləri iqtisadçı ekspert Rəşad Həsənov pandemiya dövründə texnoloji avadanlıqların satışı ilə bağlı tendensiyanı şərh edərkən deyib.

R.Həsənov xatırladıb ki, karantinin ilk günlərində texnoloji avadanlıqlar, xüsusilə də telefon satışı həyata keçirən mağazaların fəaliyyəti dayandırılıb: “Bu proses əlçatanlığı aşağı salmaqla yanaşı, müəssisələrin gəlirinə də mənfi təsir göstərib. Amma onlayn satış həyata keçirmək olardı. Deməli, xüsusilə xidmətlərdən istifadə ilə bağlı dövriyyə kəskin aşağı düşüb. Xidmət dedikdə telefon təmiri, hissələrin satışı və s.-ni nəzərdə tuturam. Digər əsas məsələ istehlak gücünün aşağı düşməsidir. Pandemiya dövründə əhalinin böyük hissəsinin gəlirlərinin azalması onları telefonlarını yeniləmə planlarını sonrakı dövrlərə saxlamağa məcbur edib. Yaxud istismara yararsız telefonların təmir olunaraq istifadəsi halları artıb. Bu, təbii prosesdir. Gəlir azalıb və insanların nisbətən az əhəmiyyətli istiqamətlərə vəsait yönəltmək imkanları yoxdur. Buna görə də telefon satışına tələb aşağı düşüb”.

Ekspert bu tendensiyanın texnologiya, xüsusilə də telefon bazarında bahalaşmanı zəruri edib-etməyəcəyinə aydınlıq gətirib: “Alıcılıq gücü yoxdursa, kimsə nəyisə bahalaşdıra bilməz. Müəssisələr bir müddətdə işləməsələr də, bəziləri işçilərə əməkhaqqı verib, kommunal xidmətlər üçün öhdəliklərini ödəyib və s. Bu, müəssisələrin maliyyə təsərrüfat fəaliyyətinə mənfi təsir göstərib. Amma o demək deyil ki, müəssisə həmin xərcləri xidmətlərin qiymətinin üzərinə yükləyə bilər. Bunun üçün infrastruktur və mühit olmalıdır. Əhalinin gəliri artmalı, tələb yüksəlməlidir. Yalnız bu təqdirdə müəssisə qiymət siyasətini dəyişə bilər. İndiki şərtlərlə, hətta daha güzəştli və aşağı qiymətlərlə xidmətlərin təşkili reallığa uyğundur”.Hurriyyet.org