Təkcə fevralın 25-də Astaradan yüzlərlə iranlı ölkəyə keçib və Bakıya isiqamət alıb… – QAPILAR TAYBATAY AÇIQDIR, KİM İSTƏSƏ KEÇƏ BİLİR

6

Fevralın 26-sı səhər saatlarında Astara sərhəd-gömrük məntəqəsinin önündə sakitlik idi. Az adam gözə dəyirdi. Məntəqənin giriş qapısında üç-dörd nəfər vardı. Onlar, demələrinə görə, İrana müalicəyə getmək istəyirdilər. Həmin şəxslərdən biri qeyd etdi ki, hər üç aydan bir Ərdəbildə olan və onu müalicə edən həkimə baş çəkir:

«Məni əməliyyat edib, ehtiyacım var. Səhərdən burdayam. Hər dəfə deyirlər ki, gözlə».

Barmaqlıqların o tayında olan sərhədçilər isə elan edirdilər ki, müalicəyə gedənlər İrana buraxılırlar. İran vətəndaşları isə müəyyən prosedurdan sonra içəriyə keçirdilər.

Çıxış qapısının önündə isə adamlar toplaşmışdı. Burda müştəri gözləyən taksi sürücüləri deyirdi ki, fevralın 25-də Azərbaycan tərəfinə yüzlərlə İran vətəndaşı keçib. Taksi sürücüsünün vurğulamasına görə, onlar Bakıya gediblər.

İrandan gələn iki nəfər Pakistan vətəndaşı da taksi sürücüsünə yaxınlaşdı. Onlardan Azərbaycana nə məqsədlə gəldiklərini soruşuruq. Dedilər ki, bu, işgüzar səfərdir. Taksi sürücüsü deyirdi ki, İran və digər ölkələrin vətəndaşları maneəsiz olaraq Azərbaycana gələ bilirlər.

Sərhədyanı ərazidə fəaliyyət göstərən mağazaların çoxu isə bağlıdır. Sahibkarların bəziləri koronavirus təhlükəsindən uzaq olmaq üçün mağazalarını bağladıqlarını deyiblər. Digərləri isə alver olmadığı üçün işlərini dayandırdıqlarını söyləyiblər.

Bir sakin deyir ki, İrandan daha mal gəlmir: «Əslində baxsan, sərhəd bağlı deyil. Maşınlar gedib-gəlir. İrandan da gələnlərə maneə yoxdur. Bizim camaat ki, oraya alış-verişə gedirdilər, onlara icazə verilmir. Eşitmişik ki, İran Astarasında da ticarət obyektlərin çoxu işləmir. Orda «rus bazarı» çöküb».

Azərbaycana keçənlərin sərhəddə koronavirus təhlükəsinə görə yoxlandıqları, şübhə doğuran adamların təcili yardım maşınları ilə Cəlilabad Rayon Mərkəzi Xəstəxanasına göndərildikləri bildirilir. Adının çəkilməsini istəməyən bir həkimin deməsinə görə, xəstəxananın bir mərtəbəsi bu məqsədlə ayrılıb: «İndiyə kimi xəstəxanaya «Biləsuvar» və «Astara» gömrük-sərhəd keçid məntəqələrindən 143 nəfər daxil olub. Onlar xəstə deyil, sadəcə təhlükəsizlik baxımdan yoxlama aparılır. Yəqin, evlərinə buraxılacaqlar».

Onun sözlərinə görə, xəstəxanaya gətirilənlər narazılıq edirlər: «Bu qədər adamı buraya gətiriblər, bunun yeməyi var, yatmağı var. Deyirlər ki, biz xəstə deyilik, bizi saxlayıblar burda. Onların çoxu qaçıb gedib evlərinə. Şərait olmadığına görə narazılıq edirlər».

Cəlilabad Rayon Mərkəzi Xəstəxanasının baş həkimindən bu deyilənlərə münasibət almaq cəhdimiz nəticə vermədi. O, suallarımıza cavab vermədən telefonu söndürdü. Hazırda bir çox ekspertlər belə bir sual səsləndirirlər: «Virusun inkubasiya dövrü 14 günə qədərdirsə, İrandan gələn şəxslər nədən sərhəddə qısa yoxlamadan sonra ölkəyə buraxılırlar?».

Bu suala da, hələlik, rəsmilərdən cavab almaq mümkün olmayıb.