İranda “instagram” sosial şəbəkəsi bağlanacaq.
Hurriyyet.org musavat.com-a istinadən xəbər verir ki, bu barədə İran Baş prokurorunun müavini Məhəmməd Musaddıq açıqlama verib.
O, ölkədə ən çox istifadə olunan “İnstagram”ın bağlanacağını bildirib. Tehranda Baş prokurorluq binasında media nümayəndələri ilə görüşən M.Musaddıq hazırda İranda “Facebook” və “Twitter”dən istifadənin qadağan olunduğunu bildirib.
Baş prokurorun müavini “instagram”ın da bağlanacağını belə izah edib: “İnstagram”da bəzi sənətçilər yardıma ehtiyacı olan insanların adından pul toplayır. Daha sonra toplanan pulların bir çox hissəsini mənimsəyirlər. Bunun üçün də “İnstagram”ın qadağan olunması qərarına gəlmişik”.
Məlumat üçün bildirək ki, İranda “Facebook" və “Twitter” kimi böyük sosial şəbəkələrin istifadəsi ötən ilin dekabr ayında qadağan olunub. Məşhəddə iqtisadi səbəblərdən başlayan nümayişlər digər şəhərlərə də keçəndən sonra, apreldə “Telegram” da qadağan olunub.
Qeyd edək ki, İranda internet istifadəçilərinin 55 faizi “Telegram”, 23 faizi isə “İnstagram”dan istifadə edir.
Qərarı verilən “instagram” qadağasının ardından gündəmə Tehranın zəngin övladlarının fotoları gəlib. Paylaşdıqları fotolar ilə hər zaman dünyanın diqqət mərkəzində olan iranlı gənclər bir müddət sonra “İnstagram” sosial şəbəkəsində heç bir foto paylaşa bilməyəcək.
Bu, dünyanın ən mühafizəkar ölkələrindən biri kimi tanınan İranda gənclər arasında təşvişə də səbəb olub.
“Rich Kids of Tehran” (“Tehranın varlı uşaqları”) adı altında açılan “İnstagram” səhifəsində İranın varlı gənclərinin lüks və zəngin həyatını əks etdirən görüntülər yer alır. Sözügedən səhifənin 35 min izləyicisi var.
Onu da qeyd edək ki, sözügedən zəngin gənclər daha çox paytaxt Tehranın şimalındakı Elahiyə və Fereşteh kimi milyonçular məhəlləsində yaşayan zəngin ailələrinin uşaqlarıdır.