Tehranın Qarabağ həmləsi

585

Bir aydan çoxdur ki, Dağlıq Qarabağda haqq savaşı aparan Azərbaycana İranın gecikən dəstək bəyanatının səbəbi nədir?

Zahid Oruc: “Bizim haqlı olduğumuz ən çox elə İrana və orda yaşayan insanlara bəllidir

Natiq Cəfərli: “İndi qalibin dostunun çox olması prosesinə yaxınlaşırıq…”

Hikmət Babaoğlu: “İran çoxillik dövlətçilik təcrübəsinə malik olan bir qonşu dövlət kimi bu mövqeyində haqlıdır”

İranın İslam İnqilabının Ali lideri Ayətullah Seyid Əli Xamenei Ermənistan tərəfindən zəbt edilmiş ərazilərin azad edilməsinin zəruri olduğunu, Azərbaycanın bu məsələdə beynəlxalq qanunlar baxımından haqlı olduğunu bildirib:

“Azərbaycanın Ermənistanın tərəfindən işğal olunmuş ərazilərinin hamısı azad olunmalıdır və bütün bu ərazilər Azərbaycana qaytarılmalıdır” deyən Ali Rəhbər Azərbaycanın beynəlxalq hüquqa əsaslanan haqq mövqeyinə İran İslam Respublikasının qəti dəstəyini növbəti dəfə bəyan edib.

Artq Azərbaycanın haqq müharibəzisinə başladığı əməliyyatlardan bir yadan çox vaxt keçməsinə baxmayaraq, niyə indi İran Ali lideri Azərbaycanın ərazi bütövlüyünü tanıyan açıqlamayla çıxış edib?…

Milli Məclisin İnsan hüquqları komitəsinin sədri, deputat Zahid Oruc “Hürriyyət”ə açıqlamasında, Ayətullah Seyyid Əli Xameneinin verdiyi açıqlamanın prinsipial əhəmiyyətə malik olduğunu və Azərbaycan dövlət rəhbərliyinin də bunu yüksək qiymətləndirdiyini bildirib:

“Bütün hallarda İran dini-siyasi rəhbərliyinin göstərdiyi mövqe regionumuz, həmçinin Qarabağ münaqişəsi və onun gələcəyi üçün çox böyük önəm daşıyır. Çünki uzun illər ərzində Ermənistan məhz, bögədəki dövlətlərin Azərbaycanla münasibətlərini məhv etmək üçün yaxud da xarici siyasətini bu formada manikulyativ qurmaqla əleyhimizə fəaliyyət aparmaqdaydı. Nəticədə, işğal gerçəkliyini bu hesabla qoruyub saxlayacağını düşünürdü. Ermənistan zənn edirdi ki, hərbi əməliyyatlar başlayacağı təqdirdə hansı ki, kənar güclər əsgər libası geyinib, onların əvəzindən hərbi meydanda döyüşəcəklər. Xüsusilə də onlar Azərbaycanın mənəvi siyasi dəstək qazandığı və böyük qardaşlıq münasibətlərinə malik olduğu Türkiyəylə münasibətlərin strateji bir önəm daşıması fonunda bölgədə arxitektura quruculuğunda digər dövlətlərin fəal şəkildə prosesə təsir göstərəcəyini və burada yarana biləcək hər hansı mübahisələr yaxudda ki, qalmaqallardan rəsmi İrəvanın faydalana biləcəyini zənn edirdilər. Bu səbəbdən İran İslam Respublikasının Ali Rəhbəri Ayətullah Seyyid Əli Xameneinin verdiyi açıqlama prinsipial əhəmiyyətə malikdir və Azərbaycan dövlət rəhbərliyi də bunu yüksək qiymətləndirdiyini bəyan etdi. O cümlədən, Xarici İşlər nazirliyi tərəfindən də məsələyə rəsmi münasibət bildirildi. Zənn edirəm ki, bu öz-özlüyündə İranı, xüsusən də cənub sərhədlərimizin bütövlükdə işğaldan azad olunması fonunda Ermənistanın maksimum dərəcə də Zəngilanın ucqar kəndlərində – Ağbənd, Bartaz və Mincivan hissələrində hansısa hərbi toqquşma meydanı açmaq və bunu da müharibənin beynəlmiləl xarakterə daxil olmağı üçün yararlanmaq istəkləri alınmadı. Həmin əraziləri strateji məkanlar kimi də qeyd edə bilərik.

Digər tərəfdən, ölkə rəhbəri tərəfindən silahlı toqquşmaların başladığı andan İran tərəfinin silah yardımlarının dayandırıldığı bildirildi. Baxmayaraq ki, virtual məkanda xeyli müxtəlif informasiyalar və görüntülər də daxil olmaq üzrəydi. Hesab edirəm ki, burda həm də Azərbaycan və İran arasında münasibətləri növbəti dəfə sınağa çəkmək istəyən qüvvələr də rol oynayır. Azərbaycanın ərazi bütövlüyünün təminatı bölgədə hər bir dövlətə İran, Rusiya, Gürcüstan, hətta Ermənistanın özünün də xeyrinədir. Çünki on illiklər ərzində özlərini gətirib elə bir dalana dirəyiblər ki, Dağlıq Qarabağın böyük ərazilərinin əslində soyqrıma uğramış şəhər olduğunu görməkdəyik. Tarixdə yerlə-yeksan edilmiş şəhərlər nümunəsinə baxdıq da görərik ki, Karfagendən tutmuş ikinci dünya müharibəsində ayrı-ayrı ərazilərə qədər müxtəlif yerlər var. Ermənilər də öyünə bilərlər ki, o siyahıda yer alıblar. Özləri haqqında formalaşdırdıqları yüksək adlarla dağılmış Zəngilan, Qubadlı, Füzuli kimi şəhərləri dağıtmışdılar. Azərbaycan hazır ki, dövrdə münaqişəni həll edərək, suveren hüquqlarıyla bölgəyə gətirdiyi sülhün təminatında önəmli rol oynayır. Bir tərəfdən, Azərbaycan İranla işğal reallığı çərçivəsində belə iqtisadi, siyasi əlaqələrinə, hətta silah alınması kimi əməkdaşlığını qurub və möhkəmləndirib. Bu illər ərzində rəsmi Bakı müxtəlif dövlətlərin İran əleyhinə olduğu zamanlarda öz siyasətini dəyişdirmədi. İran İsrail və ABŞ-la münasibətlərinin ən pis olduğu dövrdə belə tarazlayıcı və balanslaşdırıcı münasibətlərini qoruyub saxlaya bilib. Bu baxımdan verilən bəyanat, şübhəsiz ki, Ermənistan tərəfində narazılıqlar yaradır. Ermənistan tərəfi təxribata əl atmaqla, yaranmış vəziyyətdən öz məqsədləri üçün istifadə etmək niyyətindədir. İran Azərbaycanla münasibətləri son illər ərzində yetərincə yaxşı bir səviyyəyə gətirib. Eyni zamanda, İranda bizim 30 milyona qədər soydaşımız yaşayır. Hərbi əməliyyatlar gedən günlərdə Araz çay sahillərində öz qəlblərinin səsi ilə min illər tarixi olan Xudafərin ətrafında toplaşan insanların hayqırtılarını və səsləndirdikləri şüarları görürük. Bu o demək deyil ki, onlar məhz bizim soydaşlarımız olduğu üçün belə şüarlar səsləndirirlər. Onların içərisində farslar və digər millətlərin nümayəndələri də ola bilər. Bizim haqlı olduğumuz ən çox elə İrana və orda yaşayan insanlara bəllidir. Onların bütün tarix kitabları və arxivləri bölgənin gerçəkliyini ən yaxşı şəkildə özündə əks etdirir”.

“Respublikaçı Alternativ” (REAL) partiyasının icra katibi Natiq Cəfərli isə, cənub qonşumuzun məsələyə gec də olsa, belə obyektiv münasibət bildirməyinin normal hal olduğunu deyib. O, İranın gecikməsinin səbəbini, gözləmə mövqeyi ilə əlaqələndirib:

 “Əslində, belə açıqlamanın olması hər bir halda yaxşıdır. Cənub qonşumuzun məsələyə gec də olsa belə obyektiv münasibəti normal haldır. Gecikməsinin səbəbi yəgin ki, gözləmə mövqeyi ilə əlaqədar idi. Belə bir məsəl var: qalibin dostu çox olur, məğlubiyyət həmişə yetimdir. İndi qalibin dostunun çox olması prosesinə yaxınlaşırıq. Biz hərbi üstünlüyümüzü, öz torpaqlarımızda ədalətli və beynəlxalq hüquqa uyğun olaraq əks-hücum əməliyyatı aparıb, işğaldan təmizləmə əməliyyatının sonuna yaxın dostlarımızın da sayı çox olacaq. Qələbəyə şərik olmağa və güclünün yanında olmağa çalışan ölkələrin sayı da artacaq. Bu baxımdan, belə gec açıqlamanın verilməsi yəgin ki, gözləmə mövqeyi ilə əlaqədar idi. Sadecə olaraq, açıqlamada bir məqam diqqətdən yayınmadı. Açıqlamada bölgədə terrorçuların olduğu qeyd edilir. Buna İran tərəfindən də aydınlıq gətirilməlidir. Azərbaycan həmişə terrordan əziyyət çəkib və terrorun əleyhinə olmub. 90-cı illərdən bəri Azərbaycanda erməni terroru həmişə olub. Əks-hücum əməliyyatları zamanı da Bərdə, Gəncə və digər bölgələrimizdə dinc sakinlərimizin hədəfə alınması da terror aktı sayılır. Söhbət Ermənistan tərəfdə döyüşən Suriya, Livandan olan erməni əsilli terrorçulardan və PKK-lı terrorçulardan gedirsə,  deməli İran da ərazidə terrorçuların olmasından xəbərdardır və bunun əleyhinə çıxış edir”.

Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədr müavini, deputat Hikmət Babaoğlu İranın Ali Rəhbəri tərəfindən səsləndirilən fikirlərin regionda sabitliyin qorunması və uzunmüddətli sülhə nail olunması  baxımından çox önəmli olduğunu qeyd edib:

“İran bizim qonşu ölkələrimizdən biridir. Ermənistan-Azərbaycan arasında olan Dağlıq Qarabağ münaqişəsinə İran İslam Respublikasının Ali Rəhbəri Ayətullah Seyyid Əli Xamenei tərəfindən səsləndirilən fikir obyektiv reallığa və beynəlxalq hüquqa əsaslanır. Qonşu ölkənin məhz problemin həllində nümayiş etdirdiyi fikirlər doğrudur. Bu, regionda sabitliyin qorunması və uzunmüddətli sülhə nail olunması  baxımından çox önəmlidir. Gələcək illərdə müharibə dövrlərində qonşu ölkələr arasında münasibətlərin inteqrasiyaya və qarşılıqlı tərəfdaşlığa söykənməsi məsələləri problemin ədalətli həllindən gedir və ədalətli həll prosesi də Azərbaycanın ərazi bütövlüyünün təmin olunmasından keçir. İran çoxillik dövlətçilik təcrübəsinə malik olan bir qonşu dövlət kimi bu mövqeyində haqlıdır. Qonşu dövlətin mövqeyi tam olaraq, beynəlxalq hüquq əsaslanır. Azərbaycan tərəfdən də bu müsbət qarşılanır. Çünki ədalət olmayan yerdə sülh ola bilməz, sülh olmayan yerdə isə qarşılıqlı tərəfdaşlıqdan və regional inteqrasiyadan danışmaq olmaz”.

YƏHYA